AZ

Nəhəng boz delfin sürüsü alimləri öz davranışlarıyla heyrətləndirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kaliforniyanın (ABŞ) Karmel körfəzində dəniz canlıları ilə bağlı nadir və unikal hadisənin görüntüləri qeydə alınıb. Dron vasitəsilə çəkilən kadrlarda 1 500-dən çox fərddən ibarət nəhəng boz delfin sürüsünün hərəkəti əks olunub.
Oxu.Az-ın "Associated Press"ə istinadla məlumatına görə, kadrları dəniz məməlilərinin müşahidəsi ilə məşğul olan "Monterey Bay Whale Watch" təşkilatının üzvü, kapitan Evan Brodski çəkib.
Tədqiqatçılar komandası əvvəlcə qarşılarında onlarla heyvan olduğunu düşünüblər, lakin dron buraxıldıqdan sonra aydın olub ki, delfinlərin sayı 1 500-ü keçir.
Ekspedisiyada iştirak edən dəniz bioloqu Kolin Teltinin sözlərinə görə, ən yadda qalan anlardan biri bir neçə delfinin ona yaxınlaşaraq diqqətlə baxması olub.
"Delfinlər çox oyunbaz davranırdılar, qayığımızla qarşılıqlı əlaqədə idilər. Bəzi fərdlər hətta sürətlənmək üçün qayığın dalğalarından istifadə edirdilər. Onlar suda tullanır, quyruqlarını çırpır, qayığa yaxınlaşırdılar. Sanki əsl şənlik qurmuşdular", - deyə Telti təəssüratlarını bölüşüb.
Alimlərin komandası gəminin hərəkətinə nəzarət edərək heyvanlara mane olmamağa çalışıblar.
Boz delfinlər (Grampus griseus) - uzunluğu 4 metrə, çəkisi təxminən 500 kiloqrama çatan iri dəniz məməliləridir. Bu heyvanlar iri bədənləri və boz dərilərində xarakterik ağ çapıqları ilə fərqlənirlər. Əsasən dərin sularda yaşayan və kalmarlarla qidalanan boz delfinlər dünyanın mülayim və tropik dənizlərində yayılıb. Lakin Kaliforniya sahillərində müşahidə edilən bu cür böyük dəstələr çox nadir rast gəlinir.
Seçilən
4
50
oxu.az

10Mənbələr