1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Krasnoyarskdan (Rusiya) Bakıya uçan təyyarənin mühərriki kondisioner sisteminin təmirindən sonra uçuş zolağında sönüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə şahidlərə istinadən Krasnoyarskın TVK kanalı məlumat yayıb.
Bildirilir ki, söhbət "İrAero" aviaşirkətinin saat 07:25-də qalxmalı olan "İO 473" reysinin təyyarəsindən gedir.
Məlumata görə, minik 2 saat gecikib, sərnişinlərə təyyarənin təmir olunduğunu bildiriblər. Sonra onlara eyni təyyarəni veriblər. Hava gəmisi isə zolağa çıxandan sonra sönüb. Bundan sonra sərnişinlər təşvişə düşüblər, bəziləri isə uçuşdan imtina edib.
Krasnoyarsk aeroportunun mətbuat xidməti hadisəni şərh edib. Bildirilib ki, hava gəmisində həqiqətən texniki nasazlıq olub və aradan qaldırılıb. Saat 13:55-də uçuş zolağında hərəkət edərkən təyyarə saz vəziyyətdə olub, lakin beş nəfərlik ailənin uçuşdan imtina etməsi səbəbindən geri qayıdıb. Nəticədə təyyarənin uçuşu həyata keçib, lakin 22 sərnişin reysdən imtina edib.