AZ

Bələdiyyə seçkilərindən razılar, narazılar...

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi.

Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisin deputatı Məlahət İbrahimqızı da "Turan"a bildirib ki, bələdiyyə seçkiləri sərbəst, demokratik şəraitində keçib: "Heç bir problem olmadan, təkmil, bütün demokratik tələblərə cavab verən və sərbəst bir seçki oldu".

M.İbrahimqızının sözlərinə görə, insanlar Azərbaycanda demokratik seçki ənənəsinə yiyələnib: "Seçicilər seçki, seçib-seçilmək hüququ nə olduğunu bilir, sərbəst şəkildə də öz namizədinə səs verir".

Namizədlərdən siyasi partiya təmsilçilərindən elə böyük çoxluq YAP-a məxsus idi.

Müxalif Müsavat Partiyasının başqan müavini Mustafa Hacıbəyli isə AzadlıqRadiosuna deyib ki, partiyanın Məclisi seçkilərlə bağlı qərarı rayon təşkilatların öhdəsinə buraxmışdı və bəzi rayon təşkilatları namizədlər irəli sürmüşdü: "Müsavat Partiyasının 30-a yaxın namizədi müxtəlif şəhər və kəndlərdən irəli sürülmüşdü. İndiyə bizdə olan məlumata görə, heç bir namizədimizi seçkidə bələdiyyə üzvlüyünə buraxmayıblar".

M.Hacıbəyli hesab edir ki, cəmiyyətin seçkiyə marağı olmayıb: "Bu isə ölkədə qeyri-demokratik, xof əhval-ruhiyyənin hökm sürməsinin nəticəsidir. Ölkədə total repressiv şərait, yüzlərlə siyasi məhbus var, sərbəst toplaşmaq azadlığı, etiraz hüququ təmin olunmur. Belə bir şəraitdə əhalinin seçkilərə inamı olmur".

Onun fikrincə, ölkədəki bütün seçki məntəqələri faktiki bir partiyanın nəzarətindədir: "İnsanlar bilir ki, kimə də səs versələr, həmin komissiyalar səsləri düzgün saymağa qoymayacaqlar. Belə bir şəraitdə vətəndaşlarla yanaşı, müxalif partiyalar da seçkiyə maraq göstərmir".

Başqan müavininin qənaətinə görə, pozuntular olan məntəqələrin nəticələri, çox güman ki, ləğv olunmayacaq.

"Bələdiyyə seçkilərində iştirakçılığın çox aşağı səviyyədə olduğunu gördük", - deyən Respublikaçı Alternativ (REAL) Partiyası sədri Natiq Cəfərli bildirir ki, REAL seçkilərdə 14 nəfərlə çıxış edirdi və, ilkin məlumatlara görə, onlardan beşi bələdiyyə üzvlüyünü qazanıb: "Bu, REAL üçün ilkin mərhələdə yaxşı bir nəticədir".

Onun sözlərinə görə, partiyadan olan müşahidəçilərdən ciddi pozuntularla bağlı məlumat daxil olmayıb: "Amma bu, o demək deyil ki, pozuntu olmayıb, sadəcə müşahidəçilərimiz azsaylı məntəqələrdə idi. Müşahidəçilərimizin məlumatına görə, iştirakçılığın rəsmi rəqəmləri real rəqəmlərdən fərqlənirdi".

Siyasi partiyalardan yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bu seçkilərə qatılmamışdı. Onlar əvvəlcədən bəyan etmişdilər ki, ölkədə azad və rəqabətli seçkilər üçün şərait yoxdur.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da iddia edir ki, bu bələdiyyə seçkiləri əvvəlkilərdən fərqlənmədi və müsbətə doğru heç bir dəyişiklik olmayıb: "Yenə də ənənəvi pozuntular, saxtakarlıq halları daha abartılı formada idi. Mediada çıxan görüntülər onu düşünməyə əsas verir ki, hətta Bakıda saxtakarlıq halları bu qədər olubsa, ictimai nəzarətdən kənar yerlərdə nə dərəcədə olub? Çox təəssüfləndirici haldır ki, Azərbaycan yenə seçki prosesində heç bir müsbət dəyişiklikliyə can atmadı".

Ekspertin fikrincə, bəzi seçki komissiyaları üzvlərinin hərəkətləri qeyri-adekvat, jurnalistlərə və müşahidəçilərə münasibətləri seçki komissiya üzvlərinə yaraşmayan şəkildə olub: "O cümlədən bir nəfərin bir neçə dəfə səs verməsi, insanların məntəqələrə kütləvi gətirilməsi, inzibati resursdan istifadəsi hallarını açıq-aşkar seyr etmək mümkün idi. Hətta MSK-nın öz kameraları olan məntəqələrdə bir neçə bülletenin birdən qutuya atılmasının şahidi olduq".

B.Süleymanlı hesab edir ki, MSK-nin seçki fəallığı ilə bağlı göstərilən rəqəm çox absurd və reallıqdan uzaq olan bir göstəricidir: "İnsanların seçki prosesinə inamı yoxdur və bələdiyyə seçkilərində 32 faiz civarında seçici fəallığını göstərmək çox gülüncdür".

Əslində bu seçkilərin onun ötən ilin sonunda keçirilməsi gözlənirdi. Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti beş ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir. Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayıblar. Milli Məclisin üzvləri bu barədə tənqidlərə cavab verərkən gecikməni ötən il noyabrın 11-dən 22-dək Bakıda COP29 konfransının keçirilməsi ilə əlaqələndiriblər. Amma bununla bağlı rəsmi izah ictimaiyyətə açıqlanmayıb.

 

Seçilən
7
27
turan.az

10Mənbələr