Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.
Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, post-neft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdır.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ulu Öndər vurğulayırdı: «Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.» Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz, onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Həmrəylik, milli birlik, vahid amal uğrunda mübarizədən güc alan Azərbaycan gəncləri döyüş meydanında Ermənistanın «güclü, məğlubedilməz» ordu mifini birdəfəlik darmadağın etdi. İşğalçı düşmənə qalib gəlmək arzusu ilə yaşayan gənclər Vətənə sadiq olduqlarını təsdiq etdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz, onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: «Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər». Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncləri həm, hərb - döyüş meydanında, həm də, informasiya məkanında əzmlə mübarizə apardılar.
K.Bayramov əlavə edib ki, bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayırlar. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” fikirləri gənclərimizdə özünəgüvən hissini daha da artırır, onlar dövlətimizin başçısının ətrafında daha sıx birləşərək gələcəyə böyük inamla, yeni-yeni hədəflərlə irəliləyirlər.