Bakı, 31 yanvar, AZƏRTAC
Gənclər cəmiyyətin dinamik qüvvəsidir və onların inkişafı bir millətin gələcəyini formalaşdırır. Hər bir dövrün inkişafı, dəyişməsi və tərəqqisi məhz gənc nəsillərin enerjisi və yenilikçi baxışları ilə mümkün olub. Bu gün elmin, texnologiyanın və mədəniyyətin ön cəbhəsində gənclər dayanır, onların ideyaları və səyləri dünyanı dəyişməyə davam edir. Ancaq gəncliyin təkcə biliyə deyil, həm də inama və cəsarətə ehtiyacı var. Çünki xəyallar qanad kimidir – gənclər yalnız onlara güvəndikdə zirvələrə uça bilərlər. Zamanın özü belə gəncliyin enerjisi qarşısında dayanmağa cəsarət etmir, çünki onlar hər gün yeni bir səhifə yazırlar. Tarix sübut edir ki, böyük ideyalar və inqilabi kəşflər məhz gənc beyinlər tərəfindən ortaya qoyulub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı söyləyib.
O qeyd edib ki, müstəqil Azərbaycanın qurucusu, Azərbaycan dövlət gənclər siyasətinin banisi Ümummilli Lider Heydər Əliyev daim gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb: “Məhz onun rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası həm də gənclərin hüquqlarını, təhsil almaq, inkişaf etmək və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək imkanlarını təmin etdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd edilir və gənclərin bayramına çevrilib. Bu gün həm də gənclərə olan inamın, etimadın göstəricisidir”.
Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik" ili elan edildiyini xatırladan Ş.Rəhmanlı bildirib ki, Konstitusiyamızın qəbulunun 30 illiyi və Vətən müharibəsindən 5 il keçməsi ölkəmizin qısa zamanda keçdiyi uzun yolu, onun gücünü, dövlətçilik tarixini bir daha göz önünə gətirir. Azəbaycan gənclərinin I qurultayındakı çıxışı zamanı Ulu Öndər Heydər Əliyev xüsusilə qeyd edirdi ki, indi bütün gənclərin fəaliyyəti artıq keçmiş ideoloji tələblərdən, ideoloji prinsiplərdən, ideoloji buxovlardan azaddır. Hamımız üçün bir məqsəd var, müstəqil Azərbaycan Respublikası və onun Əsas Qanunu Konstitusiyası var. Bu gün ölkəmiz həmin əzəmətinə gəlib çatıb”.
Şahin Rəhmanlı diqqətə çatdırıb ki, gənclərimiz bu tarixi anları yadda saxlamalı, dövlətimizin nə qədər güclü və müstəqil olduğunun hər zaman fərqində olmalıdırlar. Vətən müharibəsində gənclərimizin göstərdiyi şücaət, onların nə qədər cəsur, qəhrəman və vətənpərvər olduqlarını bir daha sübut etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında güclü Azərbaycan Ordusu tarix yazdı, xalqımızı illərdir həsrətində olduğu Qələbəyə qovuşdurdu. Azərbaycan gəncləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ölümün gözünə dik baxdılar. Bu Qələbə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də Azərbaycanın suverenliyinin, müstəqilliyinin bütün dünyaya nümayiş etdirilməsi ilə nəticələndi.
“Gənclik ruhu coşqun və sərhədsizdir – onu doğru istiqamətə yönləndirmək bizim vəzifəmizdir. Hər bir gəncin qəlbində bir günəş doğur, yalnız ona inam və cəsarət bəxş edildikdə dünyanı işıqlandıra bilər. Biz birlikdə gəncləri ilhamlandırmalı, onların səsinə qulaq verməli və onlarla bərabər gələcəyə inamla addımlamalıyıq. Azərbaycan gəncliyi bu ölkənin ən böyük sərvətidir. Bu sərvəti qoruyaq, inkişaf etdirək və gələcək nəsillərə örnək olaq. Təşəbbüskar olaq, öyrənək, öyrədək, yaxşılıq edək. Çünki yaxşılıq ən böyük dəyərdir. Bu dəyərlə böyüyən gənclər Azərbaycanın gələcəyini daha da şanlı edəcəklər”, - deyə Şahin Rəhmanlı əlavə edib.