AZ

Azərbaycanı hədəf almışdılar - Bütün dayaqları vuruldu

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, “Human Rights Watch” (HRW) təşkilatı 2024-cü il hesabatının Azərbaycana dair hissəsində ölkəmizə qarşı qərəzli və birtərəfli yanaşma nümayiş etdirib. Təşkilatın arxivi Azərbaycana qarşı qərəz üzərində qurulmuş bəyənatlar qovluğu ilə doludur. İş qrafikini Azərbaycana qarşı nifrət üzərində qurmaqda bu təşkilat nəyə nail olmaq istəyir?

- “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar bir qayda olaraq təmsil etdikləri ölkələri öz hesabatlarında tənqid etmələrinə rəğmən bu “dəmir pərdə” arxasında qlobal alətdir, müxtəlif ölkələrin daxili işlərində iştirak, orada bəlli qüvvələri himayə etmək, onlara üstün hüquqlar vermək və bu kontekstdə istismarçı rolda çıxış etməyə yönəlirlər. Məhz bu təşkilatın ötən on illər ərzində Azərbaycanla bağlı mövqeləri həmişə siyasi xarakter daşıyıb. Onların hesabatlarında Ermənistanın işğalı dövründə 1 milyona yaxın köçkünün hüquqları əksini tapmamaqla yanaşı, bir ısra hallarda işğala “haqq” qazandırılıb, onu qoruyub saxlamağa çalışılıb. Yalnız Azərbaycanın 44 günlük müqəddəs savaş dövründə Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində “Human Rights Watch” təşkilatının təmsilçiləri Gəncə şəhəri Ermənistan tərəfindən ağır raket zərbəsinə məruz qaldıqda, bura gəlmişdilər. Beləliklə, iki dəfə aralıq hesabatlar hazırlamağa məcbur oldular. Sözsüz ki, bu fakt qarşısında qalmağın nəticəsi idi. “Human Rights Watch”un arxivlərində keçmiş dövrün mənzərəsini görmək mümkündür.

- “Human Rights Watch” təşkilatı ilə yanaşı, digər strukturlarda Azərbaycan qarşı birtərəfli yanaşmalardakı paralellik nə ilə bağlıdır?

- Avropa Parlamenti iki gün öncə “qətnamə” qəbul edib. Həmin “qətnamə” regional və beynəlxalq təhlükəsizlik mühitinə münasibət adlanır. Onun çərçivəsində Ukrayna, Qəzza və.s məsələlərlə bağlı münasibət həmin qətnamədə yer alıb. Bunun paralelində həmin “qətnamədə” Xankəndiyə ermənilərin qaytarılması ayrıca maddə kimi əskini tapıb. Eyni “ifadələr” “Human Rights Watch” da və digər analoji təşkilatların hesabatlarında da yer alıb.

- Bu nədən qaynaqlanır?

- Əslində, Ermənistan hakimiyyəti və onun baş naziri, xarici işlər naziri, parlamenti tərəfindən qüvvələr nisbəti fərqli olmağına rəğmən, həmin məsələ fəal şəkildə Azərbaycan qarşısında qaldırılmır. Hətta aparılan sülh danışıqlarında belə, o ifadə edilmir və ölkəmizin əleyhinə istismar olunmur. Bu ancaq möhtəkir erməni lobbi birliklərindən eşidilən təzyiqlərdir.

- Azərbaycanın bu yanaşmalara qarşı adekvat reaksiyası nədən ibarətdir?

- İşğalı həyata keçirən və nə qədər separatizm olmağına rəğmən, ötən on illər ərzində Azərbaycan tərəfindən Ermənistanın dövlət məsuliyyəti ortaya qoyulub. Bəyan edilib ki, Ermənistanın bu addımları məhz işğaldır və başqa bir dövlətin digərinin ərazisinə təcavüzüdür. Bu ancaq separatizm hadisəsindən ibarət deyil. Bu gün Bakıda müttəhimlər kürsüsündə dayanmış erməni əsilli şəxslər də məhz o hərəkətlərə görə mühakimə olunurlar. Amma bütün bunlar ortada olduğu halda “Human Rights Watch” ermənilərin Qarabağa qayıdışı və bu gün Azərbaycan məhkəməsi qarşısında ittiham edilən şəxslərlə bağlı davamlı olaraq əsassız tələblər irəli sürür.

- Davamlı olaraq erməni faktorundan istifadəni hansı amillərlə izah etmək olar?

- Burada onların əsas məqsədi qətiyyən ermənilər deyil. Azərbaycanın tarixi qələbəsini həzm etməmək, onu geriyə çevirməyə çalışmaq, nə qədər mümkündür ləkələmək, beynəlxalq legitimliyinin qarşısını almaq niyyətləri var. Ölkəmizin regional və beynəlxalq miqyasda aktiv siyasi güc mərkəzi kimi çıxışına maneə olmaq istəyirlər. Həmçinin Prezident İlham Əliyevin dünya liderlərindən biri kimi gələcək yeni arxitektura quruculuğunda həlledici mövqe sahibi olaraq tariximizdə ilk dəfə yüksək statusla iştirakını hər hansı formada əngəlləmək niyyətləri güdülür.

- Ölkə daxilində “Human Rights Watch” kimi təşkilatların əsas istinad nöqtələri kimlərdir?

- Bu gün həmin təşkilatın birbaşa olaraq maliyyələşdirdiyi qüvvələr məsuliyyətə cəlb ediliblər. Bu isə onların “fəaliyyətini” çətinləşdirib. Azərbaycan dövləti və hökumət orqanları öz vətəndaşının bir məhbus kimi məhkəmə prosesi qarşısında olmağını istəmir. Çünki onların özü ailələri, çevrələri müxtəlif sosial imtahanlarla üzləşir. Digər tərəfdən xarici qüvvələrin “hücum"larında onlar bir alətə çevrilirlər. “Human Rights Watch” və beynəlxalq insan haqqları istismarçıları, imperiya maraqlarını həyata keçirənlər 1 milyon azərbaycanlının bir nəfərinin Zəngilanda, Qubadalıda, Laçında və yaxud Kəlbəcərdə evini tikmədiyi, gedib o ərazilərin dağıntılarını görmədiyi, onu hesabatlarına salmadğı halda ölkəmiz qarşısında əsassız tələblərlə çıxış edirlər.

- Azərbaycan üzərinə edilən davamlı hücumlarla nəyə nail olmaq istəyirlər?

- Onlar Azərbaycanın beynəlxalq reputasiyasına zərbə vurub, müxtəlif sanksiyalara məruz qoymağa çalışırlar. Sistemli halda ölkəmizə qarşı olan “fəaliyyət” bundan ibarətdir. Buna misal olaraq ABŞ-də keçmiş Cozef Bayden hakimiyyəti dünyada fərqli qitələrdə savaşlar fonunda sonuncu qərarlarını Ermənistanla bağlı verib getdi. Bunlar Azərbaycana qarşı bir neçə “plan"ların müəllifləri idi. Eyni “xəttdə” üçüncü sektorun üzərinə düşən işləri də “Amnesty International”, "Article 19", “Sərhədsiz Reportyorlar” və başqalarının sərhədsiz maraqlarının keşiyində dayanan qüvvələrin üzərinə qoyulan gündəlik tapşırıqlardır.

- Qarşılıqlı dialoq əsasında əsl reallığın ortaya çıxmasına hansı cəhdlər edilib? Yəni rəsmi Bakı ilə bu təşkilatların bu günə kimi qarşılıqlı dialoq aparmasına nə mane olub?

- Onlar Azərbaycan hakimiyyəti, hökumət orqanları ilə müxtəlif problemlər ətrafında normal polemika apara və əməkdaşlıq edə bilərdi. Məramları sağlam olsa idi, bu mümkün idi. Yoxsa, hər hansı bir erməni təşkilatları onlara müraciət etmədikləri halda, fəal bir şəkildə həmin “mövqeni” irəli sürürlər. Əslində, Nikol Paşinyan bu mövqeni dövlət siyasətinə çevirmir. Bu məsələlərdən o bir dəfə də olsun, danışmayıb. Bilir ki, bu qüvvələrdən ona qarşı istifadə olunacaq. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın da dediyi kimi “o qüvvələri Qarabağa ona görə aparmışdılar ki, orada kritik bir kütlə yaransın və hakimiyyəti devirsinlər”. Məsələnin də əsl mahiyyəti bundan ibarətdir.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
13
41
teleqraf.com

10Mənbələr