Müşahidələr göstərir ki, özəl tibb müəssisələrində göstərilən xidmətlərin qiymətləri çox vaxt sabit və şəffaf deyil. Eyni prosedur fərqli klinikalarda tamamilə fərqli qiymətlərlə təklif olunur, bu da vətəndaşın seçim imkanını məhdudlaşdırır və çaşqınlıq yaradır. Daha da narahatedici hal isə odur ki, yüksək məbləğ ödəyən vətəndaş belə çox zaman dəqiq diaqnoz və effektiv müalicə ala bilmir. Qiymət artdıqca keyfiyyətin də artacağı ilə bağlı yaranmış ümumi gözlənti reallıqda tez-tez özünü doğrultmur.
Bu sahədə digər ciddi boşluq isə həkim seçimi və məlumatlılıqla bağlıdır. Bir çox insan üçün düzgün mütəxəssisə çatmaq təsadüflərə və ya tanış tövsiyələrinə bağlıdır. Bu vəziyyət həm sistemin informasiyaya çıxış baxımından natamam olduğunu, həm də peşəkar kadrların qeyri-bərabər şəkildə paylandığını göstərir. İnsanlar çox zaman böyük və tanınmış klinikalarda ehtiyac duyduqları diqqəti və qayğını tapa bilmədiklərini, əvəzində daha kiçik tibb mərkəzlərində təsadüfən daha yaxşı xidmət aldıqlarını bildirirlər. Bu, səhiyyədə sistemli yanaşmanın olmadığını göstərən açıq işarədir.
Əlçatanlıq məsələsi də ciddi narahatlıq doğurur. Xüsusilə aztəminatlı vətəndaşlar üçün özəl klinikalara müraciət bəzən tamamilə qeyri-mümkün hala gəlir. Hər kəsin tibbi yardıma ehtiyac duyduğu bir zamanda, xidmətin yalnız maddi imkanlara görə əlçatan olması sağlamlıq hüququnu ciddi sual altına salır.
Nəticədə ortaya belə bir mənzərə çıxır: özəl sektor görünüşcə inkişaf edir, lakin vətəndaşın sağlamlıq təhlükəsizliyi baxımından bu inkişaf hələ də natamamdır. Binalar təmir olunur, cihazlar yenilənir, lakin vətəndaş hələ də əminliklə deyə bilmir ki, aldığı xidmət onun həyatını dəyişəcək.
Bu problemlərin kökündə nə dayanır? Məsələ ilə bağlı tibbi məsələlər üzrə ekspert Rasif Bağırov fikirlərini bölüşdü:
"Azərbaycanda ümumilikdə səhiyyə sisteminin vəziyyəti belədir ki, xüsusilə özəl sektorla bağlı bəzi problemlər mövcuddur. Özəl xəstəxanalarda xəstələrin qəbulu və müayinəsi zamanı qiymətlər çox fərqli olur. Bu qiymətlərin çox yüksək olması isə bir çox insanlar üçün əlçatanlığı çətinləşdirir. Amma bu vəziyyət təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də özəl sistemlərdə belə hallar müşahidə olunur. Çünki hər bir klinika, xüsusilə də özəl sektor, qiymətləri özü müəyyənləşdirir - yəni "gəlirsənsə gəl, gəlmirsənsə yox" prinsipi ilə işləyir.
Lakin fərq ondadır ki, xarici ölkələrdə illərlə fəaliyyət göstərən, artıq tanınmış klinikalar var. Bu klinikalara insanlar arxayın şəkildə daxil olur, çünki bilirlər ki, burada müayinələr dəqiq aparılacaq, diaqnoz düzgün qoyulacaq və müalicə də effektli olacaq. Bizdə isə çox vaxt yüksək qiymət verilir, amma nə diaqnoz düzgün qoyulur, nə də müalicə effektiv olur. Müəyyən hallarda maddi cəhətdən xəstədən maksimum fayda əldə etməyə çalışırlar.
Bizdə bəzən xəstəxanaların binaları çox müasir və gözəl olur, amma içərisində çalışan həkimlərin səviyyəsi o binaya uyğun olmur. Nəticədə isə xəstə, sərf etdiyi pul və vaxtın qarşılığını ala bilmir. Mən bu vəziyyəti uyğunsuzluq və bərabərsizlik kimi qiymətləndirərdim. Binanın görünüşü vacib deyil, əsas məsələ içəridə peşəkar həkimlərin olub-olmamasıdır. İnsan oraya daxil olanda, əmin olmalıdır ki, göstərilən xidmət onun verdiyi pula dəyər.
Bəzi insanlar yüksək məbləğ ödəyərək xarici ölkələrə müalicəyə gedirlər və bu, çox böyük maliyyə itkisi deməkdir. Amma həmin insanlar geri qayıtdıqda deyirlər ki, bu qədər xərcləməyə dəyərdi - çünki real nəticə alıblar. Bizdə isə bəzən pul verirsən, gözəl bir xəstəxanaya daxil olursan, amma orada səviyyəli tibbi xidmət ala bilmirsən. Bu, doğrudan da ciddi narahatlıq yaradan məsələdir.
Bundan başqa, Azərbaycanda insanlar həkimləri bir-birindən soruşaraq axtarırlar. Bəzən görürsən ki, böyük bir klinikada müalicə ala bilməyən xəstə, kiçik bir xəstəxanada peşəkar bir həkimə rast gəlir və problemini orada həll edir. Bu da onu göstərir ki, bizdə hələ həkimlərin düzgün yerləşdirilməsi və seçilməsi məsələsi sistemli şəkildə həyata keçirilmir.
Pulsuz tibbi xidmət məsələsinə gəlincə, Azərbaycanda bu anlayış əslində mövcud deyil. Bizdə hazırda tətbiq olunan sistem - icbari tibbi sığortadır. Sığorta sistemində müəyyən məbləğ ödənir və bu ödəniş əsasında bəzi tibbi xidmətlərdən istifadə edilir. Amma bu sistemdə də problemlər var.
Ən əsas problemlərdən biri - insanların həkimi sərbəst seçə bilməməsidir. Dövlət poliklinikalarında sığorta ilə göstərilən xidmətlərin keyfiyyəti çox vaxt həkimlərin peşəkarlıq səviyyəsi ilə uzlaşmır. Ona görə də bir çox xəstələr məcbur olub dövlət müəssisələrində ilkin müayinədən keçir, amma daha sonra müalicəni özəl sektorda davam etdirməyə üstünlük verirlər.
Bəzən dövlət xəstəxanalarında çalışan həkimlər, xəstənin özəl klinikaya gedəcəyini bildikdə, həmin xəstəyə lazım olan analiz və müayinələri etmək istəmirlər. Bu da xəstələr üçün əlavə əziyyət yaradır.
Digər bir ciddi məsələ - kadr çatışmazlığıdır. İnsanlar tibbi yardım almaq üçün uzun növbələrə dayanmalı olurlar. Xəstə bəzən cərrahi əməliyyata ehtiyac duyur, amma aylarla növbə gözləməli olur. Bu, həm xəstənin səhhətinə, həm də psixoloji durumuna mənfi təsir edir.
Bütün bu məsələlər göstərir ki, Azərbaycanda səhiyyə sistemində hələ də ciddi problemlər qalmaqdadır və insanlar bu vəziyyətdən ciddi şəkildə əziyyət çəkirlər".
Zeynəb Rzayeva