Bu həftə bazarlarda baş verən qarışıqlıq, qlobal iqtisadi dinamikada yeni bir dövrün başlanğıcını işarə edir. Ticarət müharibələrinin dərinləşməsi, dolların dəyərdən düşməsinə səbəb olub. Çinin ABŞ mallarına tətbiq etdiyi tariflərin 84%-dən 125%-ə qaldırılması, bu dəyişiklikləri daha da gücləndirib. Nəticədə, ABŞ dollarının altı əsas valyuta qarşısında ölçülən indeksi DXY 100 bəndin altına enərək, maliyyə bazarlarında ciddi dalğalanmalara yol açıb. Bəs qeyri-müəyyənliklər dövründə insanlar pullarını manata, yoxsa dollara yatırım etsin?

Bu barədə Moderator.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, istər qeyri-müəyyənlik dövrü olsun, istər müəyyənlik dövrü, heç bir halda vəsaitin konkret olaraq hər hansısa bir valyutada saxlanılması məqsədəuyğun hesab edilmir:
“Ona görə ki, ən güclü və dünyanın ən qəbul edilmiş valyutası olan dollar belə hər zaman müəyyən qədər inflyasiyaya uğrayır. Bunun səbəbi isə ondan ibarətdir ki, dünyanın ən güclü və ən çox qəbul olunan valyutası olan dollar belə zamanla müəyyən dərəcədə inflyasiyaya məruz qalır. Yəni istənilən valyuta zaman keçdikcə dəyər itirir. Bu isə həmin valyutanın mənsub olduğu ölkənin iqtisadi vəziyyətindən asılı olaraq dəyişir – bəziləri daha çox, bəziləri isə nisbətən az dəyər itirir. Buna görə də uzunmüddətli dövr ərzində heç bir halda kapital olaraq hansısa bir valyutada vəsaitin saxlanılması doğru hesab edilmir”.
İqtisadçı qeyd edib ki, bəzən orta statistik vətəndaş düşünür ki, pulunu qızıla yatırmaqla onu uzun müddət ərzində qoruyub saxlaya bilər:
“Lakin əgər bu qızıl hər hansı alış-satış mərkəzlərindən alınmış zinət əşyasıdırsa, bu da doğru investisiya forması sayılmır. Çünki bu tip əşyaların alınma zamanı onun dəyəri tamam başqa, satmaq istədikdə isə tamam başqa olur. Bu səbəbdən, qızıla yatırım yalnız zinət əşyası formasında edilməməlidir və qızıl sikkəyə və yaxud da ki, investisiya forması olaraq qızıl səhmlərinə yatırılmalıdır. Bunu istəməyənlər isə təbii ki, bütün hallarda daşınmaz əmlak istər ev, istər torpaq daha az risk daşıyan və öz dəyərini itirmək əvəzinə ildən ilə üzərinə dəyər gələn bir investisiya aləti olaraq qəbul edilir”.
Mehin Mehmanqızı