ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp kriptovalyutanın inkişafının Birləşmiş Ştatların milli prioriteti elan edilməsi ilə bağlı fərman imzalamağı planlaşdırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp bu sahənin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılması üçün kriptovalyuta üzrə məşvərət şurası yaratmağı planlaşdırır. Agentliyin mənbələri bildirir ki, hazırda bütün dövlət qurumlarına rəqəmsal aktivlərlə bağlı siyasətə yenidən baxılmasına dair bağlı direktivin fərmana daxil edilməsi müzakirə olunur. Bundan əlavə, gələcəkdə kriptovalyuta ilə bağlı məhkəmə təhqiqatlarının (məsələn, Binance kriptovalyuta birjasına qarşı iddia) dayandırılması mümkündür.
Agentlik yazır ki, əlavə olaraq milli kriptovalyuta ehtiyatının formalaşdırılması imkanı da nəzərdən keçirilir.