AZ

Şeyxülislam üçün imtahan günü –20 yanvar QMİ sədrinin ömründə hansı izi qoyub?

20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda mübarizəsinin və qan yaddaşının əyani təzahürüdür. Qanlı şənbə gecəsində qurban gedən Şəhidlər milyonların qəlbinə azadlıq toxumu səpdi, onun mübarizə ruhunu, azadlıq istəyini sübuta yetirdi.

SSRİ dövlət başçısı Mixail Qorbaçovun birbaşa əmri ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ağır cinayətlərdən biri kimi tarixdə qalır.

Azərbaycana soxulan sovet ordusu heç bir xəbərdarlıq etmədən dinc sakinləri gülləbaran etdi. Bakıya, Lənkərana, Neftçalaya yeridilən sovet ordusunun hissələri qanlı qırğına əl ataraq mülki şəxsləri qətlə yetirdilər. Yüzlərlə insan həlak oldu, minlərlə sakin yaralandı.

Bu qanlı tarixdən 35 il ötür.

Həmin günlərdə bu qanlı cinayətə qorxmadan etiraz edən, pisləyən ictimai xadimlər, siyasətçilərin adları da tarixdə yerini tutur. Həmin qanlı günlərdə Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz mətin iradəsini ortaya qoydu.

Hər il 20 yanvar Hüzn Günü ərəfəsində Yanvar qırğınının şahidləri ötən günü xatırlayırlar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də həmin günlərdə xalqın önündə olan ictimai xadimlərimizdəndir.

Bu günlərdə TV-yə müsahibəsində qanlı qırğınla bağlı danışan Şeyxülislam qeyd edib ki, həmin ağır günlər onun üçün həyatını dəyişən imtahan günü oldu.

“O günlər mənim Allah və xalqın qarşısında imtahan günüm idim. Şeyxülislam kimi o imtahandan keçməli idim. Bu hadisələr mənim daxilimdə çox böyük çevriliş yaratdı. Yanvar günləri sonrakı dövrdə azadlıq işğını yandırmaq üçün məşəl oldu”- deyə QMİ sədri bildirib.

Şeyxülislam SSRİ rəhbəri Mixail Qorbaçovu bu qanlı cinayətdə ittiham edən, onu “cəllad” adlandıran ilk sovet din xadimi oldu. QMİ sədrinin bu bəyanatı bütün dünyada rezonans verdi.

1990-cı ilin şaxtalı yanvar günlərində sovet jurnalistlərinə müsahibəsində “Ordu Bakıdan dərhal çıxmalıdır. Bura Əfqanıstan deyil” deyə sərt şəkildə etiraz edən A.Paşazadə bu qanlı cinayətin təşkilatçılarını ilk gündən açıq lənətləyən ictimai və dini liderimiz oldu.

O dövrün böhranlı günlərində ziyalılarımız Bakıya ordu yeridilməməsi üçün üçün çalışır, Azərbaycana göndərilmiş sovet rəsmilərinin təxribatçı fəaliyyətinə mane olmağa cəhd edirdilər.

Azərbaycan Kommunist Partiyasının o zamankı rəhbərliyinin yarıtmaz idarəçiliyi ölkədə ciddi hakimiyyət böhranı yaratmışdı. Həmin günlərdə SSRİ İttifaq Sovetinin sədri Y.Primakovun və Sov.İKP MK katibi A.Girenkonun, müdafiə naziri, marşal Yazovun Bakıya göndərilməsi Moskvanın hazırladığı hansısa qorxulu planın nişanələrindən xəbər verirdi.

Xüsusən Y.Primakovun Azərbayacanın partiya rəhbərliyi, Xalq Cəbhəsi və ölkə ziyalıları, dini rəhbərləri ilə görüşlərində sərt və ulitmatum dilində çıxışı çıxılmaz vəziyyətin yarandığını göstərir, Kremlin əsəbi nəbzini nümayiş etdirirdi.

Meydanda xalqın inandığı, etibar etdiyi ziyalılar, ictimai xadimlər qalmışdı.

Həmin dövrdə Şeyxülislam Allahşükür Paşazadə siyasi böhranın qansız həll olunması üçün var gücü ilə çalışırdı. Həmin günlərdə ölkənin tanınmış ziyalıları A.Paşazadənin sərt və qətiyyətli mövqeyinin şahidi olmuşdular.

Xalq şairi Bəxtiyar Vahabzadə 1997-ci ildə verdiyi müsahibəsində sovet rəsmilərindən olan V.Primakovla görüş zamanı baş verən hadisəni danışarkən bunu açıqlamışdı. Görkəmli şairimiz müsahibəsində demişdi ki, İsmayıl Şıxlı, Nurəddin Rzayev, Şeyxülislam Allahşükür Paşazadə və Həsən Həsənovla  yanvarın 17-də Əbdürrəhman Vəzirovun yanında çox sərt tonda keçən görüş zamanı Şeyxülislam Primakovla çox ciddi mübahisə edib və ordunun şəhərə girməməyini tələb edib:  “Allahşükür Paşazadə kəskin şəkildə Primakova hücum çəkdi və sərt şəklidə “xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram”-deyə B.Vahabzadə xatırlamışdı.

Sovet rəhbərliyi dünya birliyini çaşdırmaq üçün Azərbaycanda guya islamçı fundamentalistlərin hakimiyyəti ələ keçirdyi barədə məlumat yayırdı. Moskva bu ittihamla ərazi bütövlüyünün pozulmasına qarşı mübarizəyə qalxmış Azərbaycan xalqının haqlı etirazını qarşısını almaq məqsədi güdürdü.

Y.Primakovun QMİ sədri Allahşükür Paşazadəyə respublikada hakmiyyəti ələ alması təklifi də bu təxribata hesablanmış avanturist gediş idi.

Şeyxülislam tanınmış rus jurnalisti Mixail Qusmanın “Formula vlasti” verilişində bununla bağlı danışarkən bu məqamları xatırlamışdı: “Primakov mənə dedi ki, Mixail Qorbaçovla danışıb. Mənə Azərbaycanda hakimiyyətə rəhbərliyi götürməyi təklif etdi. Dedi ki, mənə hər cür dəstək veriləcək. Ançaq bu şərtlə ordu Bakıya girməyə bilər. Bu təklif mənim üçün tam gözlənilməz oldu”-deyə Şeyxülislam qeyd etmişdi.

Allahşükür  Paşazadə  Primakovun bu təkilfini sərt şəkildə rədd cavabı verir və deyir ki, o dövlət xadimi yox, din xadimidi.

SSRİ müdafiə naziri D. Yazovun rəhbərliyi ilə hazırlanan və həyata keçirilən ‘Tayfun” adlı hərbi əməliyyat telestudiyanın enerji blokunun partladılması  ilə 19 yanvar saat 19.27 dəqiqədə başladı. Bunun ardınca rus qoşunları saat 21.00-da Türkan və Qala hərbi hissələrindən çıxıb Bakı şəhərində doğru gəlməyə başladılar.

Yüzlərlə dinc sakinin qətli ilə müşayiət olunan bu qanlı qırğın SSRİ tarixində misli görünməmiş divantutma əməliyyatına çevrildi.

Yalnız qanlı qırğından sonra -20 yanvar səhər saat 7.00-da Bakı şəhərinin komendantı təyin olunmuş general-leytenant Dubinyak radio ilə çıxış edərək SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar saat 00-dan Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verildiyini elan edir.

Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyət elan olunana qədər Sovet ordusunun müdaxiləsi nəticəsində artıq 102 nəfər dinc vətəndaş öldürülmüşdü.

Bu faciəni təhqiq edən Azərbaycan Respublikası Ali Soveti Komissiyasının rəyində göstərilirdi ki, şəhərin tutulması əməliyyatı nəticəsində 131 nəfər həlak olmuşdu.

SSRİ rəhbərliyinin bütün ciddi-cəhdlərinə baxmayaraq 1990-cı ilin yanvarında Bakıda baş vermiş amanasız qətliamı dünyadan gizlətmək mümkün olmadı.

Hadisələrin sürətli gedişatı QMİ-ni xalqla əlaqənin yeganə məkanına çevirdi. Bakıda dövlət qurumlarının fəaliyyəti iflic olmuşdu.

Qarşıda şəhidlərin dəfni kimi ağır proses dururdu. Qanlı qırğında həlak olmuş yüzlərlə günahsız insanları necə və harada dəfn etmək?

20 yanvar günü səhər Təzəpir məscidinə ilk şəhid cəsədi  gətirilir.

Sovet hərbi komendantlığı, general Dubinyak  və Azərbaycan rəhbərliyinin bir sıra məmurları meyitləri tez bir zamanda doğulduqları rayonlara göndərib dəfn olunmasını tələb edirlər.

Şeyxulislam “Təzəpir”də toplaşmış din xadimlərinə ailələri ilə halallaşmağı tapşırır və məscidə gəlmələrini istəyir.

Hərbi komendantlığın kütləvi dəfn mərasiminin qarşısını almaq cəhdi iflasa uğrayır.

Sovet əsgərlərinin avtomat lülələrinin tuşlandığı yerdə -Mərkəzi Komitənin qarşısında gələcək nəslin and yerinə çevriləcək bir addımla bağlı qərar verilir – Şəhidləri qardaşlıq məzarlığında dəfn etmək!

Müzakirədən sonra dəfn yeri olaraq  Dağüstü Parkın üstündə dayanırlar. İctimai Dəfn Komissiyası yaradılır və professor Qüdrət Əbdülsəlimzadə Dəfn Komissiyasının sədri seçilir.

 

 

Şeyxülislamın rəhbərliyi ilə 20 yanvar şəhidlərinin möhtəşəm dəfn mərasimi keçirilir.

Yanvarın 22-də Bakıda Şəhidlərin dəfni başlanır. Milyonlarla insan küçələrə, meydanlara çıxaraq öz azadlıq uğrunda həlak olan qəhrəmanlarına son borclarını verməyə gəldilər.

Yanvar Şəhidlərinin dəfn mərasimi dini ritualdan çıxaraq, xalqın Moskvaya qarşı etirazının nümayişinə çevrilir. Bu nəhəng izdihamı idarə edən Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, sovet təcavuzunə qarşı digər dini konfessiyaların nümayəndələri – rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı. Onlar matəm mərasimində çıxış edərək sovet rəhbərliyini, və ordusunun bu cinayətini açıq mətnlə pislədilər.

Milyonluq izdihama başçılıq edən A.Paşazadə  dəfn prosesində bir nəfər belə sovet əsgərinin görünməməsini tələb edir və izdihamdan qorxan hərbçilər bunu yerinə yetirməyə məcbur olurlar.

Bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olunur.

QMİ sədri SSRİ müdafiə naziri marşal Yazov və SSRİ daxili işlər naziri Bakatinlə görüşü zamanı bu qırğına görə onları sərt şəkildə tənqid edir və onlardan Azərbaycan xalqı qarşısında üzr istəməyi tələb edir.

1990-cı il martın 14-də Şeyxülislam Allahşükür Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz əlaməti olaraq, SSRİ Xalq deputatı mandatından imtina edir.

Bu ötən 35 ildə Şeyxülislam ardıcıl olaraq 20 yanvar qırğınında günahı olan şəxslərin –SSRİ prezidenti Mixail Qorbaçovun və digərlərinin məhkəməyə verilməsini və həbsini tələb edib.

Yanvar qırğını Azərbaycan xalqını daha da birləşdirdi və müstəqillik uğrunda mübarizəyə köklədi. Üstündən 35 il keçsə də Azərbaycan xalqı azadlığı uğrunda öz canını fəda etmiş əziz Şəhidlərini unutmur. Hər il yüz minlərlə insan övladları, nəvələri ilə Şəhidlər Xiyabanına üz tutaraq bu Qəhrəmanları xatırlayır, onların nakam ruhuna dualar oxuyurlar.

 

 

Bu qanlı cinayətlə Azərbaycanı qorxutduğunu guman edən SSRİ rəhbərliyi və Mixail Qorbaçov tezliklə yanıldığının şahidi oldu. Azərbaycanda müstəqillik uğrunda milli azadlıq hərəkatı geniş vüsət aldı. Bir ildən sonra -1991-ci ildə dünya xəritəsinə müstəqil Azərbaycan qədəm qoydu.

A.ABBASOV

 

Seçilən
18
30
azpost.info

10Mənbələr