AZ

Ramid Namazov: Latviya qanunvericilərinə tövsiyəmiz odur ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin ruhuna zidd adımdan çəkinsinlər

Bu il yanvarın 9-da Latviya parlamentinin Milli təhlükəsizlik komissiyası tərəfindən bu ölkənin Seyminə Latviya Respublikasının “Dövlət Sərhədi haqqında” və “İmmiqrasiya” qanunlarına dəyişikliklər edilməsi barədə sənəd layihələri daxil olub.

Təklif olunan dəyişikliklər MDB-yə üzv ölkələrin vətəndaşlarının Latviyaya daxil olarkən bir sıra şəxsi məlumatları, o cümlədən seçilmiş vəzifələrdə olan yaxın qohumları, seçkilərdə namizəd qismində iştirakı, dövlət və ya yerli idarəetmə orqanlarında rəsmi vəzifələrdə hazırkı və ya əvvəlki statusu barədə informasiya təqdim olunmasını nəzərdə tutur.

Bundan başqa, silahlı qüvvələrdə, xüsusi xidmət orqanlarında, sərhəd xidməti, gömrük xidməti, daxili işlər, ədliyyə orqanlarında və xarici işlər sahəsində xidmət keçib-keçmədiyi barədə məlumat da təqdim edilməlidir. Təqdim olunan məlumatlarda natamamlıq və ya yalan olacağı təqdirdə, həmin şəxsin cərimələnəcəyi bildirilir.

Eyni zamanda, ölkəyə daxil olmaq üçün Latviya Dövlət Təhlükəsizliyi Xidmətinin yazılı razılığı tələb olunacaq.

Bu dəyişikliklər qəbul olunsa, qeyd olunan tələblər bütün MDB ölkələri, o cümlədən Azərbaycan vətəndaşlarına da şamil olunacaq.

Məsələ ilə bağlı “Report”un sualını cavablandıran millət vəkili, MM-in Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri, Azərbaycan-Latviya parlamentlərarası

əlaqələr üzrə işçi qrupun üzvü Ramid Namazov bildirib ki, Latviya parlamenti indiyə kimi yüzlərlə qanun qəbul edib və bu onun suveren hüququdur:

“Lakin qeyd olunan qanun layihələri qəbul ediləcəyi təqdirdə, Azərbaycan vətəndaşlarının qanuni hüquq və azadlıqlarının pozulması halı baş verə bilər ki, bu da bizi narahat edir və qəbuledilməzdir”.

Ramid Namazov
Ramid Namazov

Millət vəkilinin sözlərinə görə, latviyalı deputatlar bu təklifləri ölkənin milli təhlükəsizliyinə Rusiya və Belarusdan gələ biləcək təhdidlərlə əlaqələndirirlər və hesab edirlər ki, adıçəkilən dövlətlərlə MDB-yə üzv ölkələr bir sıra sahələrdə əməkdaşlıq etdikləri üçün onların vətəndaşlarına bu qaydalar tətbiq olunmalıdır.

“Bu məntiqlə çıxış etsək, o zaman Avropa İttifaqında Azərbaycana qarşı düşmənçilik edən bir-iki dövlət var ki, onlar da Latviya vətəndaşlarını ölkəmizə qarşı qanunsuz fəaliyyət aparmağa sövq edə bilərlər. Bu o deməkdir ki, Aİ-nin bir üzvünün fəaliyyətinə görə, digər üzv ölkə vətəndaşları “cəzalandırılmalıdır”?!”, deyə R.Namazov qeyd edib.

Həm də nəzərə almaq lazımdır ki, Latviya vətəndaşları Asan Viza sistemi vasitəsilə Azərbaycana səfər etmək üçün ən tez üç saat, ən gec üç gün müddətində viza ala bilirlər. Azərbaycan dövləti isə Latviya vətəndaşların bu tipli informasiyaların təqdim edilməsini tələb etmir.

Onun fikrincə, əgər Latviyanın milli təhlükəsizliyinə təhdid törədən və ya törədə biləcək Azərbaycan vətəndaşı varsa, düşünürük ki, bunu iki ölkənin xarici işlər nazirlikləri və xüsusi xidmət orqanlarının əməkdaşlığı çərçivəsində həll etmək olar: “Bunun üçün qanuni və hüquqi əsas da var ‒ Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə.

Bəyannamənin təhlükəsizlik sahəsində əməkdaşlıq hissəsində tərəflərin “müvafiq beynəlxalq sənədlər əsasında terrorçuluq, zorakı ekstremizm, silahlı separatizm, transmilli mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması, narkotik maddələrin qanunsuz hazırlanması, dövriyyəsi və qaçaqmalçılığı, qanunsuz silah ticarəti, insan alveri, qeyri-qanuni miqrasiya və digər beynəlxalq təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəldiyi açıq qeyd edilir. Ona görə bizim dost və strateji tərəfdaş olan Latviya Respublikasının qanunvericilərinə tövsiyəmiz odur ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin ruhuna zidd adımdan çəkinsinlər”.

Seçilən
18
43
report.az

10Mənbələr