Bu il sayca 55-ci iclasını keçirən Davos İqtisad Forumu yenə qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələrlə, panel iclaslarla xüsusi diqqət cəlb etməkdədir. Azərbaycan yenə bu tədbirdə ən yüksək səviyyədə təmsil olunur. Qeyd edək ki, prezident İlham Əliyev bu dəfə də Davos İqtisad Forumuna qatılıb.
Dövlət başçısı ötən illər ərzində də Davos İqtisad Forumunda iştirak edib. O, forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Bu dəfə də istisnalıq yoxdur. Azərbaycan prezidenti burada məhşur dünya şirkətləri ilə də görüşlər keçirir. Qeyd edək ki, prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşüb. Görüş zamanı Nik Studer “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd edib. O, Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirib. Dövlət başçısı şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə “OliverWyman Group” arasında əməkdaşlığın qurulması məsələlərinə toxunub. “OliverWyman Group” 25 ölkədə 50-dən çox şəhərdə ofisləri olan qlobal konsaltinq şirkətidir. O, idarəetmə, o cümlədən strateji idarəetmə, risklərin idarə edilməsi və sairüzrə ixtisaslaşıb. Şirkətin 3000 peşəkar əməkdaşı müştərilərə firmalarını optimallaşdırmağa, onların fəaliyyətini və risk profilini yaxşılaşdırmağa kömək edir. “OliverWyman Group”a həmçinin aparıcı brend strategiyası və dizayn məsləhətçisi olan “Lippincott”, eləcə də olduqca mürəkkəb biznes və hüquqi məsələlərlə bağlı iqtisadi təhlilin aparıcı təchizatçısı olan NERA daxildir. “OliverWyman Group”la yanaşı, prezident İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb. Görüşdə Azərbaycan ilə “The Goldman Sachs Group Inc.” şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun “The Goldman Sachs Group Inc.” ilə uğurlu tərəfdaşlığının ölkənin maliyyə sektorunun inkişafı və beynəlxalq investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Cared Kohen təmsil etdiyi şirkətin qlobal miqyasda maliyyə və investisiya sahələrində fəaliyyətindən danışaraq, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün böyük maraq kəsb etdiyini və gələcəkdə yeni layihələr çərçivəsində tərəfdaşlığın inkişafı istiqamətində potensial imkanların araşdırıldığını bildirib. Qeyd edək ki, 1869-cu ildə təsis edilmiş və mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən “The Goldman Sachs Group Inc.” investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmət göstərən aparıcı qlobal maliyyə institutudur. Şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif siniflər üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir. "Goldman Sachs Group" "Wall Street"in ən böyük İPO (səhmlərin ilkin kütləvi təklifi) vasitəçisidir. Şirkət investisiya bankçılığı, qiymətli kağızların anderraytinqi, əsas brokerlik , aktivlərin idarə edilməsi, sərvətlərin idarə edilməsi və investisiyaların idarə edilməsi üzrə xidmətlər təklif edir. O, bir çox növ maliyyə məhsullarının marketmeykeridir və kastodian bank xidmətləri göstərir. Şirkət mürəkkəb və xüsusi hazırlanmış maliyyə məhsullarını strukturlaşdırır. O, həmçinin birbaşa bank olan “Goldman Sachs “Bank USA”in sahibidir . Şirkət startaplara sərmayə qoyur və maliyyələşdirməni təşkil edir.
Onu da qeyd edək ki, prezident İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb. Görüşdə “DP World” şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparılıb. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulandı, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Qeyd edək ki, “DP World” dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi cəhətdən şaxələndirmə baxımından da liderlər sırasındadır. Hazırda “DP World” dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur. Şirkət üç əsas biznes seqmentinə diqqət yetirir: dəniz ticarəti, liman xidmətləri və yük daşımaları. O 400 gəmidən ibarət müxtəlif donanmaya sahibdir. Bununla yanaşı, prezident İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında “Carlsberg Group” şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Henrik Poulsen rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə edib, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. “Carlsberg Group”un ölkədə istehsal olunan məhsullarının lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat verilib. “Carlsberg Group” “Carlsberg”, “Tuborg”, “Kronenbourg”, 1664, “Baltika” və başqa adlar altında ümumilikdə 500-dən çox adda pivə istehsal edir. Şirkət brendlər tərəfindən dəstəklənən qlobal pivə istehsalçısıdır. Onun pivə portfelinə əsas pivə markaları, eləcə də alkoqolsuz çeşidləri əhatə edən 140-dan çox brend daxildir. Yixarıda adları çəkilən şirkətlərin Azərbaycana marağı və qurulan əçəkdaşlıq ölkəmizə əlavə iqtisadi üstünlüklər vəd edir.
Ramil QULİYEV