AZ

Tramp İranla iş görən ölkələri hədələdi- İranla münasibətlərimiz necə olacaq...

Image

Əli Orucov: "Dünyaya sülh gətirəcəyini deyən yeni prezidentin iddiaları bunun tam əksini söyləməyə əsas verir"

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun “Capital One” Arenadakı son çıxışında Bayden administrasiyasının İrana münasibətini bir daha tənqid edib.

Donald Tramp prezidentliyi dövründə İranın ağır iqtisadi böhran içində olduğunu və HƏMAS və Hizbullahı maliyyələşdirə bilmədiyini vurğulayıb.

Tramp bildirib ki, İran hökuməti ilə əməkdaşlıq edən hər hansı fiziki və ya hüquqi qurum ABŞ-la sövdələşməyə girmək hüququna malik deyil. Qeyd olunub ki, Tramp ilk prezidentlik dövründə İrana qarşı “maksimum təzyiq” siyasəti həyata keçirib və görünür, bu siyasəti davam etdirəcək.

Trampın İran siyasətinin Azərbaycana hansı təsirləri ola bilər?

Baki-xeber.com-un sualıni cavablandıran politoloq Əli Orucov bildirdi ki, ABŞ-nin yeni seçilmiş prezidenti D.Tramp andiçmə mərasimində etdiyi çıxışda yürüdəcəyi siyasətin konturlarını bəyan etdi: "Dünyaya sülh gətirəcəyini deyən yeni prezidentin iddiaları bunun tam əksini söyləməyə imkan verir. Artıq ilk günlərdən imzaladığı sənədlərdə dünya düzəninin yeni dönəmə, daha təhlükəli və təlatümlü dönəmə daxil olduğu görünməkdədir. D.Trampın İranla bağlı fikirlərində daha sərt mövqedə olduğu hələ prezident seçilməsindən əvvəl aydın idi. O, Bayden administrasiyasının İranla bağlı siyasətini həmişə tənqid edirdi. İran özü də Trampın böyük təhlükə olduğunun və hər an avantüraya gedə biləcəyinin fərqindədir. Ona görə də Tehran həm regional baxışlarında, həm də strateji müttəfiq axtarışında ciddi korrektələr etmək məcburiyyətində qalıb. 4 il ərzində yubatdığı Rusiya ilə strateji və hərbi  müttəfiqlik sazişini imzaladı. Çinlə əməkdaşlığını genişləndirir. Türkiyə və Azərbaycana müəyyən jestlər göstərir. Baxmayaraq ki, başda ali dini lider Ə.Xamnei olmaqla hakimiyyətdə güclü  mövqeyi olan mühafizəkarlar Türkiyə və Azərbaycana qarşı qərəzini və qarayaxmasını fürsət düşdükcə davam etdirir. Ancaq buna baxmayaraq İran rəsmilərinin Türkiyə, Azərbaycan və Ermənistana ardıcıl səfərləri, həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqe yumşaqlığı hiss edilir. Biz dünyada yeni siyasi düzənin formalaşması barədə danışırıqsa, o zaman Qərbin də İrana necə davranış sərgiləcəyinə diqqət yetirməliyik. Birləşmiş Ştatların "hər şey Amerika üçün" şüari onun qərbli müttəfiqlərinin də öz maraqlarına uyğun ayrı siyasi xətt yürüdəcəyini diqtə edir. Bura iqtisadi sahədən tutmuş təhlükəsizlik məsələlərini də daxil etmək olar.

Rusiyanın Ukrayna ilə təcavüzkar müharibəsi Qərbi ABŞ-dən, demək olar ki, tam asılı vəziyyətə salıb. Avropa böyük iqtisadi sıxıntılarla üzləşib. Öz enerjidaşıyıcıları ehtiyacını ucuz qiymətə alan, təbii resurslarla zəngin və böyük bazar olan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropaya da təsirsiz ötüşməyib. Odur ki, ABŞ yükünü azaltmaq üçün Qərbin İranla sövdələşməyə getməsi ehtimalnı da nəzərdən keçirməliyik. Əgər Birləşmiş Ştatlar İrana qarşı aqressiv siyasətini davam etdirsə və Təl-Əviv-Tehran qarşıdurması daha təhlükəli və aktiv mərhələyə qədəm qoyarsa, bu, Azərbaycan üçün də müəyyən çətinliklər yarada bilər. Bir tərəfdən İsrail kimi müttəfiq, digər tərəfdən İran kimi teokratik, radikal dini bir dövlət arasında qalan Azərbaycanın neytrallığı və seçimi heç də asan görünməməlidir. Üstəlik də hər iki dövlət Azərbaycanın ən yaxın ticarət tərəfdaşıdır. İranda 50 milyona yaxın soydaşımız yaşayır. Azərbaycan baş verməsi ehtimal olunan humanitar, miqrant və təhlükəsizlik  problemlərinə məncə tam  hazır deyil.

Hələ Trampın Azərbaycana da baxışlarının necə olacağını bilmirik. Ona görə də, fikrimcə, Bakı bütün variantlara hazır olmalıdır".

Dəniz NƏSİRLİ





Seçilən
26
43
baki-xeber.com

10Mənbələr