AZ

Tramp niyə Kremlin "qələm"ini qırmaq niyyətinə düşüb: Ağ Ev sahibi israrla Rusiyanı "qaranlıq tunelə" çəkir

Ağ Evin yeni sahibi Ukraynaya ABŞ-ın hərbi dəstəyinin davam edəcəyinə eyham vurur, üstəlik, Rusiyanın maliyyə aktivlərinin də rəsmi Kiyevə yönəlik maliyyə paketlərinə daxil oluna biləcəyini bildirir... "ABŞ tezliklə daha çox böyüyəcək" tezisini gündəmə gətirən prezident Donald Tramp üçün ölkəsinin əsas qlobal rəqibi olan Rusiyanın çökdürülməsi strateji hədəfə çevrilməyə başlayıb...

Dünyada rəqib qütblər arasında hərbi-siyasi qarşıdurma artıq amansız xarakter almağa başlayıb. Belə ki, hazırda müasir dünyanın gələcək taleyi böyük ölçüdə həll edilmək üzrədir. Xüsusilə də, ikinci dünya savaşından sonra formalaşmış beynəlxalq hüquqi-siyasi sistem artıq çat vermiş kimi görünür. Hətta Ukrayna savaşının başlanmasından sonra bu sistemin ümumiyyətlə, işləmədiyini də iddia etmək mümkündür. Və bütün bunlara görə həm kollektiv Qərbin, həm də Ukraynaya qarşı işğalçılıq savaşına başlamış Rusiya məsuliyyət daşıyır.

Onu da qeyd etmək lazımdır ki, onilliklər boyu mövcud dünya düzəninin effektivliyini təmin edən beynəlxalq hüquqi-siyasi sistemin çökmə mərhələsinə keçməsi artıq öz neqativ təsirlərini də göstərməyə başlayıb. Üstəlik, bundan ən çox elə mövcud qlobal sistemin çöküşünə səbəb olan kollektiv Qərb və Rusiya sarsıdıcı zərbələr almaqdadır. Hər halda, ABŞ istisna olmaqla, Qərbin əksər nüfuzlu dövlətləri öz beynəlxalq mövqelərini tədricən itirməyə başlayıb. Və bu, hazırda Qərb siyasi-ideoloji hegemonluq sisteminin tədricən iflasına yol açmaqdadır.

 tramp-avropa.JPG

Məsələ ondadır ki, kollektiv Qərb daxilində kəskin ziddiyyətlər indi daha qabarıq şəkildə müşahidə olunur. Son vaxtlara qədər formal da olsa, hərbi-siyasi müttəfiq hesab edilən Qərb dövlətləri arasında qarşıdurma meylləri güclənir. İndi Qərb dövlətlərinin maraqları ciddi şəkildə toqquşur, qarşılıqlı təhdidlərə qədər inkişaf edən ziddiyyətlər kollektiv Qərbi böyük sürətlə taleyüklü parçalanmaya yaxınlaşdırır. Və bu baxımdan, hesab etmək olar ki, dağıdılmış mövcud dünya düzəninin hələ yenisi ilə əvəzlənməməsi həm də qlobal xaos təhlükəsi yaradır.

Təbii ki, kollektiv Qərbin yaşadığı daxili böhrandan ilk növbədə rəqib hərbi-siyasi qütbün məmnun olması tamamilə başadüşüləndir. Xüsusilə də, mövcud durum Rusiyanın qlobal maraqlarına tamamilə uyğundur. Halbuki, Kreml kollektiv Qərbin üzləşdiyi böhrandan Rusiyanın maraqları çərçivəsində yararlanmaq şansına malik deyil.

Əsas səbəb isə Rusiyanın Ukraynada "savaş bataqlığı"na düşməsi, buna paralel olaraq da Kremlin bir-birinin ardınca qlobal mövqelərini itirməkdə olması ilə birbaşa bağlıdır. Bu baxımdan, Ukrayna savaşının doğurduğu sarsıdıcı nəticələr ucbatından iqtisadiyyatı böyük çöküş Rusiya qlobal sistemin dəyişmə mərhələsindən geostrateji pay qoparmaq imkanlarından uzaq qalmış kimi görünür. Və belə situasiyada Ukrayna savaşından ən az itkilərlə dərhal çıxmaq şansı Rusiyanın gələcək taleyini həll edə biləcək faktor hesab oluna bilər.

 tr-zel-put-images.jpg

Ancaq tarixi tənəzzül dövrünə məhkum qalmış Rusiyanın Ukrayna savaşından dərhal çıxa biləcəyinə inandırıcı görüntülər verəcək geopolitik əlamətlər hələlik mövcud deyil. Əksinə, indi Ukrayna savaşının daha da uzana və Rusiyanın iflasa məhkum duruma düşə biləcəyi indi daha real variant təsiri bağışlayır. Hər halda, son vaxtlara qədər Kremlin gələcəyə böyük ümidlərlə baxmasına səbəb olan hərbi-siyasi faktorlar hazırda Rusiyanın əleyhinə çevrilməyə başlayıb. Və Tramp adminstrasiyasının öz səlahiyyətlərinin icrasına başlamasından sonra Rusiyanın qarşısında daha dərin "geopolitik quyu"nun qazılmaqda olduğu dəqiqləşmiş oldu.

Məsələ ondadır ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Ağ Evin qapısından içəri keçdikdən dərhal sonra son vaxtlara qədər verdiyi vədlərin bəzilərindən geri çəkilməyə başlayıb. Belə ki, indi Tramp administrasiyası Ukrayna savaşını ən qısa zamanda dayandırmaq barədə sensasiyalı vədinə sadiq qalmağa qətiyyən həvəsli deyil. Bu vədin yerinə yetirilməsi üçün Ukraynanın ərazi bütövlüyünün güzəştə gedilməsi əsas sülh faktoru hesab olunduğundan Kremldə böyük ümidlər yaranmışdı. Və indi Ağ Ev sahibinin tamamilə fərqli hədəflərə yönəlməsi Rusiya siyasi dairələrində dərin pessimizm əhval-ruhiyyəsi yaratmağa başlayıb.

Maraqlıdır ki, prezident Donald Tramp artıq Ukrayna ərazilərinin güzəştə gedilməsi ilə bağlı mövzunu arxa plana keçirib. Bunun əvəzində isə Kremlə olduqca vacib olan dərhal sülh sazişinin imzalanması üçün Rusiyanın mövcud situasiyaya uyğun ciddi güzəştlərə getməsini tələb edir. Əks halda, Ukrayna savaşının qeyri-müəyyən müddətə uzana biləcəyini vurğulayır. Üstəlik, dərhal sülh sazişinin imzalanmayacağı təqdirdə, Rusiyanın ümumiyyətlə, məhv ola biləcəyini qabardır. Və bu reallığı Kremldə də anlamamış deyillər.

put-trrr-Снимок.JPG 

Belə anlaşılır ki, prezident Donald Tramp üçün Ağ Evin oval kabinetinə daxil olduqdan sonra çox şey dəyişib. İndi Ağ Evin yeni sahibi Rusiyanın düşdüyü durumu tam dəqiqliyi ilə bilir. Ona görə də, Kremlin maraqlarına uyğun sülh sazişinə həvəsli deyil. ABŞ-ın əsas beynəlxalq rəqiblərindən birinin - Rusiyanın acınacaqlı durumundan maksimum səviyyədə faydalanmaq şansını sınaqdan keçirtmək niyyətini açıq şəkildə biruzə verir. Və bu, indiki situasiyada Rusiya üçün əsl fəlakətin başlanma mərhələsi də hesab oluna bilər.

Göründüyü kimi, prezident Donald Tramp Ağ Evə doğru yola çıxarkən, Kremli ümidləndirən mövqeyindən dərhal geri çəkilməklə, əslində, Rusiyanı çıxılmaz vəziyyətə salıb. Belə ki, Ağ Evin yeni sahibi Ukraynaya ABŞ-ın hərbi dəstəyinin davam edə biləcəyinə eyham vurur. Üstəlik, Rusiyanın maliyyə aktivlərinin də Ukraynaya yönəlik maliyyə paketlərinə daxil oluna biləcəyini bildirir.

Bütün bunlar isə əslində, müəyyən mənada, savaşın uzanacağı təqdirdə, dərin böhran düçar olaraq, çökəcəyi artıq şübhə doğurmayan Rusiyanın "qələminin qırılması" anlamı daşıyır. "ABŞ tezliklə daha çox böyüyəcək" tezisini gündəmə gətirən Ağ Evin yeni sahibi üçün Rusiyanın çökdürülməsi strateji hədəfə çevrilməyə başlayıb. Və bu baxımdan, mövcud situasiya prezident Donald Trampın Rusiyanı sonu görünməyən"qaranlıq tunel" istiqamətində sürükləmək niyyətində ola biləcəyini də biruzə verir.

Elçin XALİDBƏYLİ,Siyasi ekspert,"Yeni Müsavat" Media Qrupu

   

Seçilən
43
50
turanpress.com

10Mənbələr