AZ

Qəzza əhalisi köçürülür: Tramp İsrail üçün şərait yaradır ki...

"ABŞ Prezidenti Donald Tramp ilk baxışdan qəribə açıqlama ilə çıxış edib. Ağ Evin yeni sahibi Misir və İordaniyanı Qəzzadan daha çox fələstinlini müvəqqəti və ya daimi olaraq qəbul etməyə çağırıb. Tramp bu mövzuda ilk olaraq İordaniya kralı Abdullahla telefonla danışıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, sözügedən dövlətlər bu təklifi qəbul edə bilər: "Tramp bu təklifi ona görə səsləndirib ki, Qəzzada salamat bina qalmayıb, insanların bu şəhərdə yaşamaları üçün heç bir şərait yoxdur. Böyük dövlətlərin Qəzzanın yenidən qurulması üçün milyardlarla dollar ayıracağı isə sual altındadır. Çünki, İsrail ordusunun gələcəkdə Qəzzanı bombalamayacağına dair təminat yoxdur. İordaniya onsuz da uzun onilliklərdir ki, ölkədə 2 milyondan çox fələstinliyə sığınacaq verib. Ancaq bu o demək deyil ki, Misir və ya İordaniya bəri başdan təklifi rədd ediblər".

Politoloqun sözlərinə görə hər iki dövlət müəyyən maliyyə qarşılığında ABŞ-ın istəklərini yerinə yetirə bilər: "Misirin xarici borcu yüz milyardlarla dollardır. Bu borcun silinməsi qarşılığında Qahirənin fələstinlilərin bir hissəsini qəbul etməsi ehtimalı var. Misal üçün Misir prezidenti Əbdülfəttah əs-Sisi Qırmızı dənizdəki iki məskunlaşmamış adanın - Tiran və Sanafir adalarının 2017-ci ildə Səudiyyə Ərəbistanına verilməsi haqqında sazişi ratifikasiya edib. Aydındır ki, Qahirə bu hədiyyənin qarşılığında maliyyə əldə edib. Qəzza əhalisinin başqa dövlətlərdən birinə köçürülməsi İsrailin də işini rahatladacaq. Ancaq bu qısa müddətdə həll olunası məsələ deyil".

Nigar,

Sitat.info

Seçilən
21
15
sitat.info

10Mənbələr