AZ

Banklar mobil tətbiq probleminin əsl səbəbini açıqlamalıdır - EKSPERT

Son zamanlar bankların mobil tətbiqində yaşanan problemlər vətəndaşları təşvişə salıb. Belə halların tez-tez baş verməsi və səbəbi barədə məlumat verilməməsi insanları narahat edir. Nəticədə də vətəndaşların banklara inamı azalır.

Mövzu ilə bağlı Modern.az-a danışan informasiya texnologiyaları (İT) üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bütün dünyada, hətta nəhəng şirkətlər, “Meta”, “Microsoft” kimi şirkətlər də İT müstəvisində problem yaşaya bilirlər:

“Bütün şirkətlərdə elektrik və elektronika müstəvisində, həmçinin insan faktoruna söykənən problemlər olur. İstisna edilmir ki, haker hücumları və bir çox kibercinayətkarlıq müstəvisində hücumlar ola bilir. Bank da özünü qorumaq üçün sistemi məhdudlaşdıra bilir. Bunların hər biri ehtimaldır, amma əsas məsələ bankın açıqlaması olmalıdır. Bank baş verən problemlə bağlı istifadəçilərə və cəmiyyətə açıqlama verməlidir. Birmənalı şəkildə geniş bir seqmentə xidmət göstərən korporasiyanın məsuliyyətidir ki, öz istifadəçilərinə baş verənlərlə bağlı dolğun məlumat versin və cəmiyyəti məlumatlandırsın”.

“Təəssüflər olsun ki, dünən Kapital Bank-da baş verənlərlə bağlı ətraflı məlumat verilmədi. Problemin hansı texniki səbəbdən baş verməsi ilə bağlı heç bir mənbə məlumat verməyib. Buna görə də texniki müstəvidə şərh edilə bilmir. Amma istənilən halda görünür ki, texniki müstəvidə problem var. Bu problem bankda olsa da, aidiyyəti qurumların da nəzarəti və tətbiq etdiyi standartlar burada böyük rol oynayır. Bank fəaliyyət göstərən korporasiya olsa da, lisenziyalı fəaliyyət növüdür. Lisenziyalı fəaliyyət növlərində mütləq standartlar, şərtlər olur. Bank sektoruna nəzarəti həyata keçirən aidiyyəti qurum Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. Orada bütün müstəvidə hər bir istiqamətdə qaydalar tətbiq olunub. Həmçinin texniki və kibertəhlükəsizlik sahəsində standartlar var. Banklar beynəlxalq standart olan ISO27001 standartı ilə fəaliyyət göstərir. Bu standartın da özünün şərtləri var. Bank həm ISO27001 standartlarına, həm də Mərkəzi Bankın qoyduğu qaydalara əməl etməlidir ki, öz fəaliyyətini problemsiz formada apara bilsin. Hər bir halda böyük bir seqmentə xidmət edən korporasiyalar müsbət tərəflərində olduğu kimi, neqativ hallarda da cəmiyyəti məlumatlandırmalıdır”.

Seçilən
8
50
modern.az

10Mənbələr