"Aİ müşahidəçilərinin mandatı təkcə Ermənistan ərazisini əhatə edir və bildiyiniz kimi, Azərbaycan-Ermənistan sərhədi hələ də müəyyən olunmayıb. Bunu nəzərə alaraq, onların mandatı mübahisəli hesab edilən ərazilərə şamil edilmir".
Bunu "Yeni Sabah"a keçmiş xarici işlər naziri Tofiq Zülfiqarov bildirib.
Bu gün Avropa İttifaqı səfirləri Ermənistandakı mülki missiyasını daha 2 il, yəni 2027-ci il fevralın 19-dək saxlayacaq layihəni təsdiq edəcəklər.
T. Zülfüqarov bununla bağlı şərhinin davamında bildirib:
"Azərbaycan bu missiya qarşısında heç bir öhdəliyi yoxdur. Bu, bir növ, gərginlik yaradan faktordur. Çünki Ermənistan istəyir ki, öz istəklərini və siyasi ambissiyalarını onlara da şamil etsin. Bu baxımdan, Aİ müşahidəçilərinin mövcudluğu ilə gərginliyin artırılması ilə bir sıra, o cümlədən delimitasiya və demarkasiya prosesinə hansısa əlavə problemlər yarada bilər".
Keçən ilin sonunda Hikmət Hacıyev bildirib ki, sülh müqaviləsinin əsas şərtlərindən biri də odur ki, Aİ missiyası sərhədyanı ərazidən çıxarılsın. T. Zülfüqarovun sözlərinə görə, Azərbaycan bu mövzuda mövqeyi çoxdan bəllidir:
"Cənab prezidentin də dediyi kimi, harada sərhədçimiz dayanırsa, ora bizim sərhədimizdir. Delimitasiya və demarkasiya çərçivəsində müəyyən artıq prosedurlar başlayıb. Bu prosesin, şübhəsiz, davamlı olacaq".
"Hansı daha vacibdir: delimitasiya prosesinin bitməsi, yoxsa sülh müqaviləsinin imzalanması" sualına sabiq XİN rəhbəri belə cavab verib:
"Sülh müqaviləsinə gəlincə, görürük ki, Ermənistan hər bir imkanı istifadə edib müqavilənin bağlanmasını gecikdirmək istəyir. Ya da istəyir ki, hansısa əhəmiyyət kəsb etməyən, boş kağızla sülh müqaviləsi adı altında öz “sülhpərvər” mövqeyini qeyd etsin. Təbii ki, bu Azərbaycan üçün qəbuledilməzdir. Sülh danışıqları və sərhədin müəyyən edilməsi prosesi paralel formada davam etməlidir".
Nazim Hacıyev
Telegram kanalımız