Rusiya boşanmaların sayına görə dünya liderləri arasında olmaqda davam edir. 2024-cü ilə qədər hər on evlilikdən səkkizi boşanma ilə nəticələnib. Əvvəlki illərin məlumatlara əsasən Maldiv adaları, Moldova, Gürcüstan, Litva və ABŞ kimi ölkələr də ilk sıralarda yer alıb. Məsələn, 2022-ci ildə Maldiv adaları boşanma nisbəti 5,52 ilə birinci yerdə olub. Rusiya 3,9-la ikinci, Moldova və Gürcüstan 3,8 göstərici ilə üçüncü, ABŞ və Litva isə 2,8 göstərici ilə dördüncü olub.
Hafta.az-ın “Moskviçmag”a istinadən yazdığına görə, konkret olaraq Moskvada son on ildə boşanmaların sayı müntəzəm şəkildə 40 mini keçib. 2023-cü ildə bu rəqəm 49 minə çataraq rekord vurub. Pandemiya ili olan 2020-ci ildə boşanmaların sayında azalma olsa da, bu, daha çox ZAGS ofislərinin məhdud işi ilə bağlı olub. Boşanmalar sonrakı illərdə yığılıb və qeydə alınıb, bu da statistikada dalğalanmalar yaradıb. Ümumiyyətlə, Rusiyada boşanmaların sayı 60 ildir ki, ardıcıl olaraq dünya liderləri arasındadır.
Rusiyada boşanmaların təxminən 60 faizində maliyyə problemləri birinci yerdədir. Bildirilir ki, aşağı gəlirli ailələr iqtisadi stress altında daha kövrək olurlar. Bundan əlavə, qadınların iş gücündə iştirakı artdıqca, maddi müstəqillik qazanan qadınlar bədbəxt olduqları evlilikləri tərk etmək qərarına gələ bilərlər.
Boşanmaların 40 faizinə təsir edən digər mühüm amil xəyanətdir. Aldatma çox vaxt qarşılanmamış emosional ehtiyaclardan və cütlər arasında ünsiyyətin olmamasından qaynaqlanır.
Xüsusilə gənc yaşda edilən evliliklərdə boşanmaları artıran başqa bir faktor kimi sosial təzyiq önə çıxır. Rusiyada evlənmək hələ də uğurun ölçüsü kimi qəbul olunur və bu, fərdləri erkən yaşda, hazırlıqsız ailə qurmağa sövq edir. Statistikaya görə, boşanan cütlüklərin 50 faizdən çoxu evliliklərinin ilk 5 ilində ayrılır.
Hesab edilir ki, boşanmaların sayının azaldılması üçün münasibətlərdə ünsiyyət və anlaşma gücləndirilməlidir. Cütlüklər bir-birini daha yaxşı başa düşsə və dəstəkləsə, bu nisbətlərin azala biləcəyini vurğulayır. Bununla belə, hazırkı statistika göstərir ki, Rusiya yaxın gələcəkdə boşanmaların sayına görə lider mövqeyini itirməyəcək
Müstəqil demoqraf Aleksey Rakşanın fikrincə, demoqrafik strukturun dəyişməsi, xüsusilə 35 yaşdan yuxarı əhalinin sayının artması boşanmaların sayını daha da artırır. Rakşa, keçmişdə gənc yaşlarda edilən evliliklərin artıq orta yaşlarda boşanma ilə nəticələndiyini və bu vəziyyətin ümumi nisbətlərə birbaşa əks olunduğunu deyir. Bundan əlavə, Şimali Qafqazda dövlət yardımı almaq üçün saxta boşanmalar ayrılma hallarını artıran amillər sırasındadır.
Digər ölkələrdə olduğu kimi, Rusiyada da boşanmaların səbəbləri ümumiyyətlə şəxsi və sosial amillərə əsaslanır. Psixoloq Sofya Sulim həyat yoldaşlarının fərqli gözləntiləri, xəyanət, maddi sıxıntılar, maraqsızlıq kimi şəxsi problemlərin əsas səbəblər olduğunu bildirir. Xüsusilə pandemiya dövründə karantin prosesi ailə münaqişələrini artırıb, iqtisadi çətinliklər boşanmalara yol açıb. Bundan əlavə, müharibə, miqrasiya və iqtisadi qeyri-müəyyənlik kimi sosial hadisələrin də ailə dinamikasına təsir göstərdiyi müşahidə edilir.
Rusiyada boşanmaların sayını azaltmaq üçün müxtəlif hüquqi tənzimləmələr hazırlanır. Məsələn, 2025-ci ildən etibarən boşanma haqqı 850 rubldan 5 min rubla qədər artırıldı və uşaqları olan cütlüklər boşanmadan əvvəl məcburi psixoloji məsləhət almalıdırlar. Amma ekspertlər deyirlər ki, bu cür tədbirlər boşanmaları azaltmaqdansa, insanların vətəndaş nikahından yayınmasına səbəb ola bilər. Aleksey Rakşa boşanmaların məhsuldarlığa mənfi deyil, müsbət təsir etdiyini, boşanan qadınların ikinci evliliklərində daha çox uşaq sahibi olma meylinin olduğunu bildirir. Ona görə də o, bu fikirdədir ki, boşanmaların sayının azaldılması cəhdləri ailə institutunu gücləndirməkdənsə, məhsuldarlığa mənfi təsir göstərə bilər.