EN

"Qol buraxsa, rumınların bu planı pozulacaq" - Arif Əsədov "Qarabağ"ın oyununa proqnoz verdi

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda FSCB ilə qarşılaşacaq. Rıminiya təmsilçisi ilə görüş "köhlən atlar"ın avrokubok mübarizəsində "tamam, yoxsa davam" önəmi daşıyır. 

"Qarabağ"ın veteran müdafiəçisi və Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.

Əsədovun Fanat.Az-a açıqlaması belə oldu: 

"Qarabağ" üçün həyati əhəmiyyətli oyundur. Komanda mütləq qələbə qazanmalıdır ki, pley-offda iştirak üçün şansı qalsın. Xal itkisi artıq şansın qalmaması anlamına gələcək. 
"Styaua" çətin rəqibdir. Bakıya iddialı gəliblər. Rəqib düşərgədə rəhbərlik də, futbolçular da iddialı açıqlamalar verir. Onlar "Qarabağ"dan çox xal toplayıblar, növbəti mərhələyə adlamağa daha yaxındırlar. Bizi maraqlı oyun gözləyir. 
Düzdür, rəqibin hazırda necə oynaması barədə dəqiq fikir söyləməkdə çətinlik çəkirəm. Amma şübhə etmirəmsə, rumınlar "Qarabağ"ın oyununu analiz ediblər. Bilirlər ki, təmsilçimiz dominant futbol sərgiləyir, oyunu əsasən hücumda keçirir. Həm də Bakıda oynadıqlarını nəzərə alıb əks-hücumlara bel bağlayacaqlarını təxmin edirəm. Belədə "Qarabağ"ın ilk dəqiqələrdə qol vurması yerinə düşər. Qol buraxsa, "Styaua"nın bu planı pozulacaq, müdafiədəki kompakt oyundan istər-istəməz imtina etməli olacaqlar. Bu isə növbəti imkanlarımızın olacağına dəlalət edir. 

Sırf texniki baxımdan götürsək, "Qarabağ"ın heyətlə bağlı problemləri var. Xüsusilə müdafiə xəttini deyərdim. Müdafiəçilər Bəhlul Mustafazadə, Kevin Medina, Bədavi Hüseynov, Marko Veşoviç zədələndikləri üçün Qurban Qurbanov arxada tez-tez dəyişikliklərə əl atmalı olur ki, bu da qeyri-sabitliyə gətirib çıxarır. Düzdür, təcrübəli mütəxəssis müdafiənin mərkəzi ilə bağlı rotasiyalar edir, digər mövqe oyunçularını ortaya çəkməklə həll yolu axtarır. Bu, bəzən lazımi effekti vermir. Veşoviçin qayıtmasından sonra cinahlar nisbətən düzəlib. Orta xətdə ciddi problem yoxdur. Bu mənada yalnız Yassin Benziyanın psixoloji durumu ilə bağlı narahatlıq ola bilər. Anası vəfat edib, Bakıya vaxtında qayıtmayıb, məşqlərə gec qoşulub. Ehtimal etmək olar ki, sonradan meydana çıxsın.
Problem əsasən hücum xəttində görünür. Juninyonun gedişindən sonra Qurbanov Nəriman Axundzadəyə güvənir. Yəqin ki, sabahkı oyunda da belə olacaq.

"Qarabağ"ı görüşün favoriti hesab edirəm. Meydan amili də lehimizədir. Azarkeşlər bir müddətdir "Qarabağ"ın ifasında avrokubok oyunu izləmir, yəqin darıxıblar. Onların dəstəyi rəqibə təzyiq yarada bilər. Proqnoza gəlincə, "Qarabağ"ın qələbəsi ilə bağlı təxminim 65-in 35-ə və ya 60-ın 40-a nisbətindədir".

Mirağa    

Chosen
5
50
fanat.az

10Sources