EN

Tramp İranla münasibətləri bir nəfərə tapşırdı- Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

Image

ABŞ-ın yeni administrasiyası İrana qarşı təzyiqi artırmazdan əvvəl diplomatik yanaşma tətbiq etməyi düşünür. Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, Donald Tramp İranla bağlı problemləri həll etməyi Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkofa tapşırmağı planlaşdırır. 

Bu, prezidentin təzyiqi artırmazdan əvvəl diplomatik yolu sınamaq niyyətində olduğunu göstərir.

Trampın keçid komandası daha əvvəl İran hökumətinə qarşı “maksimum təzyiq” kampaniyasının bir hissəsi olaraq yeni sanksiyalar və mövcud məhdudiyyətlərin sərtləşdirilməsini  təklif edib. Lakin Tramp və onun müşavirləri sonra İranla qarşıdurmanın dərinləşməsindən çəkinəcəklərini bildiriblər. Trampın tabeliyində olan bəzi şəxslər xarici həmkarlarına və diplomatlarına bildiriblər ki, onlar Uitkofdan diplomatiyanın ABŞ və İran arasında gərginliyi azalda bilib-bilmədiyini sınayacağını gözləyirlər. Bu, nəticə verməyəcəyi halda savaş qaçımaz hesab olunur. İran parlamentinin erməni əsilli keçmiş deputatı Robert Beqlaryan bu fonda vurğulayır ki, hazırda İran üçün Qərbdəki qlobal məsələlər və əsasən də Yaxın Şərqdə baş verənlər daha önəmlidir. Onun sözlərinə görə, Tehran mövcud gərgin vəziyyətdə bəzi mözvular üzrə irəliləyişlərə nail olmaq istəyə bilər: “İran hələ də Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasına reaksiya verməyib. Çünki situasiyanın necə ciddi olduğunu anlayır, açıq müharibə təhdidləri var. Doğrudur, sərhədlə bağlı “qırmızı xətlərini” elan edib. Lakin hazırda müəyyən irəliləyiş istəyir. Bu baxımdan müxtəlif ssenariləri, hətta Zəngəzur dəhlizinin açılması məsələsini də nəzərdən keçirə bilər. Təbii ki, prosesin gedişatındakı rolu nəzərə alınmaqla buna baxması mümkündür. Bəlkə də İran şimaldan gələcəyini düşündüyü təhdid ethimalını Azərbaycanla aydınlaşdırmağa çalışır. Özünə qarşı kənardan təhlükə yaranarsa, Bakının mövqeyinin necə olacağını öyrənməyə çalışır”. Erməni politoloq Karen İgityan isə vurğulayır ki, İran ABŞ ona qarşı müharibəyə başlayacağı təqdirdə Ermənistan və Azərbaycan istiqamətindən ola biləcək təhdidlərdən özünü sığortalamağa çalışır. O qeyd edib ki, İran Cənubi Qafqaz regionunda və bütövlükdə Böyük Yaxın Şərqdə baş verən dəyişiklikləri anlayır: “Və hər şeyi etməyə çalışır ki, bu dəyişikliklər onun maraqlarına toxunmasın. Tehranda Qərbin, xüsusən də ABŞ-ın başlaya biləcəyi böyük müharibə təhlükəsini ciddi şəkildə görürlər. İranın bütün regional fəaliyyəti isə özünü mümkün qədər qonşu ölkələrdən gələn təhlükələrdən sığortalamağa yönəlib”. İgityanın sözlərinə görə, İran Ermənistandan müəyyən təhlükələr hiss edir: “Tehran ehtiyat edir ki, İrəvan antiiran siyasətində və hərəkətlərində Qərbin əlində alətə çevrilə bilər. Təbii ki, erməni tərəfi iranlı tərəfdaşlarını sakitləşdirməyə və onları Ermənistandan təhdidlərin olmadığına inandırmağa çalışır. Kostanyan Tehrana rəsmi İrəvanın mesajı ilə gedib ki, ABŞ-la strateji tərəfdaşlıq sazişi heç bir halda İranın maraqlarına qarşı deyil. Danışıqlardan sonra verilən rəsmi açıqlamalarda tərəflərin bir-birinin xarici siyasət prioritetlərinə hörmətlə yanaşdıqları qeyd edilib. Ermənistan hakimiyyəti İranı inandırmağa çalışıb ki, onların Qərbə meyil etməsi Tehranı təhdid etmir”. Qeyd edək ki, yanvarın əvvəlində İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıya, daha sonra isə İrəvana rəsmi səfər edib. Daha sonra Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Tehrana səfər edib. Bundan sonra Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev də İrana səfər edib.

Hazırda baş verənlər İranda narahatlıqla qarşılanır. Erməni politoloq Qarik Misakyan bildirir ki, İran Ermənistana Avrasiya İqtisadi ittifaqının quru qapısı kimi baxır. ABŞ-ın burada yerləşməsi Ermənistan üçün həm iqtisadi sahədə, həm də təhlükəsizlik baxımından problemlər yarada bilər: “Qərbi Zəngəzur bölgəsi daxil olmaqla İran sərhədində Amerikanın istənilən mövcudluğu Tehranda narahatlıq doğurur. Bu narahatlığı 44 günlük müharibədən sonra İranın fəal siyasəti sayəsində Ermənistan-İran münasibətlərinin kifayət qədər aktiv inkişaf etdirməsi daha da gücləndirir. Əgər hər hansı sərhəd nəzarəti vasitələri ABŞ-a verilərsə, bu, Ermənistandan mənfi siqnal olacaq”. Ekspert vurğulayıb ki, ABŞ sərhədçilərinin Ermənistana gəlişi İran üçün arzuolunmazdır: “İranın narahatlığı tamamilə başadüşüləndir. Çünki əvvəlki dönəmində Tehrana qarşı kifayət qədər sərt xətt yürüdən Donald Trampın qayıdışından sonra İrana qarşı sərt siyasətin bərpasını gözləmək olar”. Politoloqun fikrincə, ABŞ ilə yaxınlaşma İran baxımından Ermənistan üçün problemlər yaradacaq: “ABŞ ilə münasibətlərin dərinləşməsi və ya dərinləşdirməyə cəhdlər Ermənistan-İran münasibətlərinin hazırkı əlverişli inkişaf kursunu poza bilər. Ermənistan hakimiyyətinin Qərbə yaxınlaşma ilə bağlı bütün riskləri dərk edib-etmədiyinə şübhə ilə yanaşıram. Bu, təkcə İran yox, Rusiyadan da bir çox çağırışlar gətirə bilər. Regionun problemləri çoxdur, Trampın Cənubi Qafqazda siyasətinin necə olacağı da bəlli deyil”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Trampın administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq hələlik çətindir: “Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir. Ötən illərin təcrübəsi göstərir ki, qeyri-regional oyunçuların müdaxilə cəhdləri heç bir yaxşı nəticə verməyib”. Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləməyə davam edir və həmişə iki ölkəyə, vətəndaş cəmiyyəti arasında əlaqələrin inkişafına, kommunikasiyaların açılmasına dəstək verməyə hazırdır.

Nahid SALAYEV





Chosen
32
43
baki-xeber.com

10Sources