EN

Kreml Bakıya qarşı onları meydana sürə bilər – 3 hədəf var

Ötən ilin dekabrın 25-də AZAL-ın sərnişin təyyarəsinin Rusiyaya məxsus “Pantsir” raketi ilə vurulması nəticəsində qəzaya uğramasından sonra iki ölkə arasında yaranan gərginlik davam edir. Moskvanın məsuliyyətdən boyun qaçırması və qəza ilə bağlı araşdırma nəticələrini açıqlamaqdan yayınması Azərbaycanda narazılığı daha da artırır.

Mövcud situasiya fonunda Kremlin məsələnin üstünü örtmək üçün Bakının diqqətini başqa istiqamətə yönləndirməyə çalışacağına dair iddialar səsləndirilir. Qarabağ məsələsi tamamilə bağlandığı və erməni separatizmi kartı əlindən çıxdığı üçün Moskvanın başqa vasitələrə əl atacağı deyilir. Belə ki, Azərbaycandakı etnik azlıqlar arasında təxribat xarakterli kampaniyaların başladılma ehtimalına dair fikirlər var.

Rusiyanın ölkəmizə qarşı edə biləcəyi təxribatlar nələrdir? Moskva talış və ləzgi kartını aktivləşdirə, “Sadval”ı dirildə bilərmi?

Siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, Rusiya-Azərbaycan münasibətlərinin son bir ay ərzində kəskin şəkildə pisləşməsi təəssüf doğurur:

“Hazırda gərginlik pik həddədir. Azərbaycan tərəfi Rusiya ərazisində baş vermiş təyyarə qəzası ilə bağlı istədiyi cavabı hələ də ala bilmir. Ümumiyyətlə, rəsmi Moskva bu mövzuda son günlərdə susmağa üstünlük verir.

İndi əsas müzakirə mövzularından biri gərginləşən münasibətlər fonunda Rusiyanın ölkəmizə qarşı hansısa təxribatlara əl ata biləcəyi məsələsidir.

Fikrimcə, burada iki real ehtimal var. Birincisi, “Sadval”ı diriltmək və ölkəmizdə etnik zəmində qarşıdurma yaratmaqdır. Bu “kartdan” indiyə kimi bir neçə dəfə Bakıya qarşı istifadə olunub və təbii ki, uğursuzluqla nəticələnib. Rusiya məsələni yenidən qabartmaqla Azərbaycanın təyyarə mövzusunda geri addım atmasını və tələblərinin bir hissəsini təxirə salmasını hədəfləyir.

İkincisi, Ermənistan-Azərbaycan sərhədində qısamüddətli təxribat yaratmaq, hər iki tərəfin itki verməsinə nail olmaqdır. Bu isə rəsmi Moskvanın əlindəki digər rıçaqdır”.

elvin baxsalizade 131
Elvin Baxşalızadə

Politoloq bildirib ki, Kreml sərhəddə təxribat yaratmaqla üç hədəfi reallaşdıra bilər:

1)Təyyarə qəzası mövzusunda Azərbaycanı geri addım atmağa məcbur etmək;

2)İki dövlətin də imzalamağa yaxın olduğu Ermənistan-Azərbaycan sülh müqaviləsini “baltalamaq”;

3)Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərdə yeni “çat” yaradaraq ölkəmizin Qərbdən tamamilə uzaqlaşmasına nail olmaq.

Göründüyü kimi, rəsmi Moskva sərhəddə təxribat yaradaraq daha böyük “nəticə” əldə edə bilər. Həm də bu təxribat üçün daha az resurs tələb olunur. O baxımdan indiki gərginlik qalacağı təqdirdə qarşıdakı günlərdə Laçın-Kəlbəcər istiqamətində ciddi aktivlik və hərəkətlənmə gözləyirəm. Ordumuz bütün mümkün təxribatlara hazırdır”.

Turan Rzayev

Mənbə: globalinfo.az

Chosen
36
26
globalinfo.az

10Sources