Bəhruz Quliyev: “Lavrovun yanaşması Azərbaycanın bu məsələdəki mövqeyinə ziddir”
“Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə normallaşmasına kömək etməyə hazırdır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqları zamanı deyib.
“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlər üzrə normallaşdırılması üçün üç ölkənin liderləri tərəfindən 2020 və 2022-ci illərdə əldə edilmiş həmin üçtərəfli razılaşmaların inkişafı üçün lazımi yardımı göstərməyə hazırıq”, - nazir bildirib.
O vurğulayıb ki, Moskvanın nöqteyi-nəzərindən bu razılaşmalar, xüsusilə regiondakı mövcud vəziyyət fonunda aktual olaraq qalır.
Lavrov sanki Azərbaycanın əsəblərini tarıma çəkir. Azərbaycan dəfələrlə bəyan edib ki, Bakı-İrəvan münasibətlərinin tənzimlənməsi, digər məsələlərin həlli vasitəçi olmadan ikitərəfli danışıqlardan keçir. Lavrov isə bu və ya digər formada Rusiyanın vasitəçiliyini təklif edir.
“Moskva, regionda Qərbin liderlik cəhdinə rəğmən, strateji üstünlük əldə etmək üçün “vasitəçi” statusunda qalmağa çalışır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev buna bir neçə aspektdən yanaşdı: “Sergey Lavrovun bəyanatı Rusiyanın Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək istəyini ifadə etsə də, Azərbaycanın bu məsələdəki mövqeyinə ziddir. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, Bakı ilə İrəvan arasındakı münasibətlərin həlli ikitərəfli danışıqlar çərçivəsində həyata keçirilməlidir və vasitəçilərin iştirakı artıq bir maneəyə çevrilir. Lavrovun “vasitəçilik” təklifini yenidən gündəmə gətirməsi Azərbaycanın suverenliyini və müstəqil qərar qəbul etmə istəyini nəzərə almamaq kimi qiymətləndirilə bilər. Bəllidir ki, 2020 və 2022-ci illərdə imzalanmış üçtərəfli razılaşmaların müəyyən əhəmiyyəti olsa da, regionda yaranan yeni reallıqlar kontekstində Azərbaycan tərəfi bu razılaşmaların bəzi müddəalarının aktuallığını itirdiyini düşünür. Bununla belə, Lavrovun açıqlaması həm də Rusiyanın regionda öz təsirini qoruyub saxlamaq istəyini əks etdirir. Moskva, Cənubi Qafqazda Qərbin liderlik cəhdinə rəğmən, strateji üstünlük əldə etmək üçün Ermənistan-Azərbaycan münaqişəsində “vasitəçi” statusunda qalmağa çalışır. Bu, həm Ermənistanın, həm də Azərbaycanın balanslaşdırılmış müstəqil siyasət yürütmək səylərinə mane ola bilər. Qeyd edim ki, Azərbaycanın indiki vəziyyətdə məqsədi odur ki, əsas prioritet məsələləri birbaşa Ermənistanla həll etsin və digər ölkələrin müdaxiləsi olmadan regionda davamlı sülhü təmin etsin. Rusiyanın təkrar vasitəçilik təklifləri isə Azərbaycan tərəfindən daha çox narahatlıqla qarşılanır. Bütün bunlar da səbəbsiz deyil. Çünki bu təkliflər regionun daxili dinamikasına əlavə təzyiq yarada bilər”.
Vidadi ORDAHALLI