“Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə sülh masasına oturmaqdan imtina etməsi ilə bağlı məlumat dəqiq olmasa da, təhlilllər göstərir ki sülhə nail olmaq Qərbdən, Ukraynadan daha çox Rusiyanın maraqlarına uyğundur. Rəsmi Moskvanın sülhdən imtina etməsi inandırıcı deyil. Əks halda Rusiyanın məqsədi Ukraynanı bütövlükdə işğal etməklə Qərbə meydan oxumaqdırsa, bu xülyadan başqa bir şey deyil. Rusiya iki ildir davam edən müharibədə 800-900 mindən artıq əsgəri itirmək bahasına Ukraynanın kiçik bir hissəsini işğal edib. Ancaq bu işğal faktı birbaşa beynəlxalq hüquq normalarına zidd olduğu üçün rəsmi Moskva dünyada heç bir dövlətə hətta öz müttəfiqlərinə belə bunu qəbul etdirə bilmir”.
Bunu Editor.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Siyasi şərhçi bildirib ki, Rusiyanın ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra sülhə ümidləri artmışdı: “Rusiya rəhbərliyi Trampla hansısa formada razılaşmaya gələcəyinə çox inanırdı. Buna görə də Trampın inaqurasiya mərasimindan dəqiqələr sonra Putin onu öz çıxışında təbrik etdi. Hansı ki, ilk seçilən zaman Rusiya prezidenti Trampı təbrik etməmişdi. Çünki Trampın Üçüncü Dünya Müharibəsinə imkan verməyəcəyi ilə bağlı fikirləri Rusiya rəhbərliyində müəyyən qədər həvəs yaratmışdı.
Ancaq sonradan Tramp və onun tərəfdarlarının ayrı-ayrı müsahibələri, bəyanatları Rusiyada müəyyən şübhələr yaratmağa başladı. Belə ki, Rusiya Trampın dövründə onun dəstəyi ilə Ukrayna torpaqlarının işğalını qanuniləşdirməyə olan inamının əsassız olduğunu anladı. Xüsusilə də Donald Trampın hədələyici mesajlarla danışması, əgər sülh danışıqlarına gedilməsə Rusiya üçün olduqca ağır problemlər yaranacağı, Rusiyaya qarşı hər cür sanksiya və vergilər tətbiq olunacağı, dünya iqtisadiyyatından kəsilib atılacağı kimi fikirləri Moskvanı birdən-birə ayıltdı. Artıq rəsmi Kreml anlayır ki, Trampla danışıqlar masasında Ukrayna ilə bağlı böyük güzəştlər əldə edə biləcəyinə inamın heç bir əsası yoxdur, Tramp Ukraynada nəyisə güzəştə getmək fikrində deyil. Buna görə də Rusiya bu gün sülhə o qədər də həvəsli deyil. Rusiyada Trampdan gözlədiklərini ala bilməyəcəyi üçün sülhə qarşı xəyal qırıqlığı var. Trampın hakimiyyətə gəlməsi ilə ümidlənən Rusiyanın planları boşa çıxdı”.
//Gülnarə Abasova, Editor.az