Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
A qrupunda “Naxçıvan” NTD ilə matçda uduzub. Digər görüş B qrupunda keçirilib. “Gəncə” ev oyununda “Quba”ya qalib gəlib.
Xatırladaq ki, 12-ci turun daha əvvəl keçirilmiş görüşlərində “Abşeron” “Sərhədçi”ni 86:79, “Sabah” “Neftçi”ni 75:65, “Sumqayıt” “Lənkəran”ı 93:90 hesabı ilə məğlub edib. Tura yanvarın 26-da keçiriləcək “Şəki” – “Ordu” matçı ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
12-ci tur
25 yanvar
A qrupu
“Naxçıvan” – NTD 70:95 (24:23, 20:15, 12:26, 14:31)
Bakı İdman Sarayı.
Xallar: Sabah – 22. Naxçıvan – 20. Sərhədçi – 17. Neftçi – 17. Abşeron – 17. NTD – 15.
B qrupu
“Gəncə” – “Quba” 96:78 (25:20, 26:14, 15:17, 30:27)
Gəncə İdman Sarayı.
Xallar: Gəncə – 21. Şəki – 20. Ordu – 19. Sumqayıt – 16. Quba – 15. Lənkəran – 14.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.