RU

Donald Tramp süni intellektə geniş “qapı”açdı

“Stargate” ABŞ-a və dünyaya nə vəd edir?

Amerika Birləşmiş Ştatlarının OpenAI (chatbot ChatGPT-nin tərtibatçısı), “Oracle Corp”, Yaponiyanın SoftBank və Birləşmiş Ərəb Əmirliyinin investisiya şirkəti MGX ABŞ-da süni intellekt infrastrukturunun yaradılması məqsədilə birgə “Stargate” müəssisəsi yaradacaq. Birləşmiş Ştatlar bununla AI sahəsində lider mövqeyini daha da gücləndirməyi düşünür. Amma bu layihəyə şübhə ilə yanaşanlar da az deyil.

“Stargate”in OpenAI üçün məlumat mərkəzləri quracağı gözlənilir. Birinci mərhələdə şirkətlər birgə müəssisəyə 100 milyard dollar, 4 il ərzində isə 500 milyard dollara qədər sərmayə qoyacaqlar. Ancaq hər bir şirkətin nə qədər sərmayə qoyacağı dəqiqləşdirilməyib. Mənbələrin məlumatına görə, 100 milyard dollara Co Baydenin prezidentliyi dövründə elan edilmiş layihələr də daxildir. “Stargate”in ilk məlumat mərkəzi Texasda yerləşəcək. Microsoft, Arm Holdings və Nvidia da “texnoloji tərəfdaşlar” kimi infrastrukturun yaradılmasında iştirak edəcəklər. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ evdə OpenAI-nin baş direktoru Sem Altmanın, “Oracle Corp” şirkətinin baş direktoru Larri Ellison və SoftBank-ın baş direktoru Masayoşi Sonun iştirakı ilə keçirilən görüşdə “Stargate”in yaradılmasını elan etmişdi. Məlumatlara görə, birgə müəssisəni OpenAI idarə edəcək, SoftBank isə onu maliyyələşdirəcək. “Stargate”də Masayoşi Sonun sədrlik etdiyi ayrıca idarə heyəti olacaq. Baş direktor hələ təyin olunmayıb.

Elan edilən 500 milyard dollarlıq layihə “Silikon Vadisi standartlarına görə də böyükdür”. ABŞ KİV-i yazır ki, “Stargate”in yaradılması texnoloji şirkətlərin və ABŞ hökumətinin Birləşmiş Ştatların iqtisadiyyatı üçün gələcəyin texnologiyası kimi süni intellektə nə dərəcədə önəm verdiyini təsdiqləyir. “Goldman Sachs” korporasiyası da hesab edir ki, şirkətlər, o cümlədən Amerika texnoloji nəhəngləri, məlumat mərkəzləri, çiplər və süni intellekt sistemləri üçün xərclər də daxil olmaqla, yaxın illərdə süni intellektin inkişafına təxminən 1 trilyon dollar xərcləyəcəklər.

Ancaq dünyanın ən varlı adamı İlon Mask “Stargate” layihəsinin həyata keçirilməsinə şübhə ilə yanaşdığını açıqlayıb. O bildirib ki, layihədə iştirak edəcək şirkətlərin vəsaitləri yoxdur. Amerikalı iş adamının sözlərinə görə, xüsusilə SoftBank-ın 10 milyard dollardan “xeyli az” vəsaiti var. Ancaq OpenAI-nin baş direktoru Sem Altman bu açıqlamanı yanlış adlandıraraq İlon Maskın özünün də bunu yaxşı bildiyini qeyd edib. O, iş adamını artıq fəaliyyətdə olan ilk “Stargate” data mərkəzinə baş çəkməyə dəvət edib.

Təbii ki, İlon Mask bilməmiş deyil ki, prezident Donald Tramp ABŞ-ın süni intellekt siyasətini dəyişdirir. Daha doğrusu, Ağ evin sahibi ABŞ-ın süni intellektin tənzimlənməsinə yanaşmasını dəyişir. O, Bayden administrasiyasının texnologiyanın inkişafına mane olan “zərərli siyasət” həyata keçirdiyini söyləyib. İndi Amerika şirkətləri bu sahədəki təd-
qiqatlarla maneəsiz məşğul ola biləcəklər. Cənab Tramp artıq müvafiq sərəncam da imzalayıb. Xatırladaq ki, o, seçki kampaniyası zamanı ABŞ-ı dünya gücünə çevirəcək siyasət yürüdəcəyinə söz vermişdi və vədini yerinə yetirdiyini göstərir. ABŞ Prezidentinin fikrincə, Birləşmiş Ştatlar bir çox strateji sahələrdə hakim mövqeyə malik olmalı və məsələn, texnologiya sənayesində davam edən inqilabın tonunu təyin etməlidir.

Məhz buna görə də cənab Tramp dövlət başçısı kimi ikinci müddətinin ilk günlərindən sələfinin yürütdüyü siyasətdən imtina edərək əhəmiyyətli dəyişikliklər edir. Yeni prezidentin qərarları Amerika texnologiya şirkətlərinə öz bizneslərini inkişaf etdirməyə və innovasiyalar üzərində işləməyə kömək etmək üçün nəzərdə tutulub. ABŞ mediası yazır ki, Ağ evin yeni sahibi süni intellektə xüsusi diqqət yetirir. Bu fakt da onu təsdiqləyri ki, ABŞ bu sahədə də hökm-
ranlıq etməyə çalışacaq. Birləşmiş Ştatlar xüsusilə də rəqib kimi gördüyü Çinin bu sahədə əldə etdiyi uğurların “təhlükəli səviyyədə” olduğunu iddia edir və AI araşdırmalarının gücləndirilməsini vacib sayır. 

Amma statistika göstərir ki, Çin və digər ölkələr süni intellekt sahəsində müəyyən nailiyyətlərə nail olsalar da, ABŞ-dan geridədirlər. Məsələn, Stanford Universitetinin hazırladığı hesabata görə, ABŞ süni intellekt sahəsində dünya lideridir, Çin isə ikinci yerdədir. Hesabata görə, ABŞ özəl investisiyalar baxımından Çini əhəmiyyətli dərəcədə geridə qoyur. Belə ki, 2023-cü ildə Çin AI sahəsinə 7,76 milyard dollar vəsait yatırdığı halda, ABŞ süni intellekt araşdırmalarına 67,22 milyard dollar vəsait xərcləyib. 

Bununla belə, hesabatda qeyd olunur ki, Çin süni intellekt ilə bağlı patentləşdirmədə sabit artım nümayiş etdirib və ABŞ-dan təxminən üç dəfə çox süni intellekt patenti verib. 2017-ci ildən 2023-cü ilə qədər Çinin 44 mindən çox, ABŞ-ın isə 15 mindən çox patent verdiyi bildirilir. Hesabatda Çin və ABŞ arasında “əhəmiyyətli bir məsafə” olduğu bildirilsə də, “Çinin qabaqcıl AI texnologiyalarının inkişafına və sektora investisiyaların artırılmasına diqqət yetirməsi Pekini süni intellekt sahəsində böyük güc kimi mövqeləndirir”. 

Bütün bunlar belə deməyə əsas verir ki, dünya ABŞ-ın və digər inkişaf etmiş ölkələrin süni intellekt sahəsində yeni, ancaq daha sərt mübarizəsinin şahidi olacaq. Əlbəttə, sağlam rəqabətin inkişafa səbəb olduğu barədə faktlar yetərincədir. Ancaq süni intellekt sahəsində kəskin rəqabətin bəşəriyyət üçün hansı nəticələrə gətirib çıxaracağı barədə hələlik birmənalı proqnoz verilmir. Ümid edək ki, nəticələr bəşəriyyət üçün təhlükəli olmayacaq.

Səbuhi MƏMMƏDOV 
XQ

 

Избранный
30
43
xalqqazeti.az

10Источники