RU

Renato Veyqa “Yuventus”da

Portuqaliya yığmasının və İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Renato Veyqa bundan sonra “Yuventus”un formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Yuventus” 21 yaşlı portuqaliyalı futbolçunu bu mövsümün sonuna (2025-ci ilin 30 iyununadək) icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Veyqa yayda yenidən “Çelsi”nin düşərgəsinə qayıdacaq. Turinlilər yarım mövsümlük icarə üçün “zadəganlar”a 4 milyon avro ödəyəcəklər. Gənc futbolçu yeni komandasında 12 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Renato Veyqa Lissabon “Sportinq”inin yetirməsidir. O, 2023-cü ilin avqust ayında məhz bu klubdan 4,6 milyon avro qarşılığında İsveçrənin “Bazel” komandasına keçib. “Çelsi” Renato Veyqanı 2024-cü ilin iyul ayında 14 milyon avroya “Bazel”dən transfer edib. Portuqaliyalı futbolçunun İngiltərə nəhəngi ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Veyqa “Çelsi”nin heyətində cari mövsümdə 18 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Veyqa hələ “Sportinq”də olarkən, 2022/2024 mövsümünün ikinci hissəsini Almaniyanın “Auqsburq” klubunda icarədə keçirib. O, bu komandanın heyətində 13 oyuna çıxıb, məhsuldarlıq nümayiş etdirməyib.

Portuqaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynamış Renato, 2024-cü ilin oktyabr ayında əsas millidə debüt edib. O, Portuqaliya milli komandasının heyətində 3 oyun keçirib.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Избранный
15
2
arena.az

10Источники