İspaniya La Liqasının 17-ci turunda “Leqanes”lə ev oyunu (0:1) “Barselona”nın ispaniyalı cinah hücumçusu Lamin Yamal üçün düşərli olmayıb.
Arena.az məlumat verir ki, 17 yaşlı yeniyetmə futbolçu zədələnərək, oyunun 75-ci dəqiqəsində əvəzlənib.
“Mundo Deportivo” nəşrinin məlumatına görə, Yamala topuğun əzilməsi diaqnozu qoyulub. Yamalın Madrid “Atletiko”suna qarşı növbəti oyunda iştirakı şübhə altındadır. Bu gün yeniyetmə futbolçu bir neçə müayinədən keçməlidir.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 6 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 71 oyun, 13 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.