“Barselona”nın keçmiş yarımmüdafiəçisi Miralem Pyaniç “blauqrana”nın 17 yaşlı sağ cinah hücumçusu Lamin Yamal haqda xatirəsini paylaşıb.
Arena.az hazırda Moskva ÇSKA-sında çıxış edən bosniyalı futbolçunun müvafiq xatirəsini təqdim edir:
“Mənə Lamin Yamalın topla necə işlədiyini görmək xoşdur. Mən “Barselona”da olanda artıq onun haqqında danışılırdı. İnsanlar mənə onun gələcəyin ulduzu olacağını deyirdilər və onlar haqlı idilər. Onu qorumaq gərəkdir, çünki onun qeyri-adi istedadı var”, deyə Bosniya və Herseqovina yığmasının üzü vurğulayıb.
Xatırladaq ki, Miralem Pyaniç 2020-2022-ci illərdə “Barselona”da çıxış edib. Bu ilin sentyabr ayında isə 34 yaşlı futbolçu azad agent kimi Rusiyanın ÇSKA (Moskva) klubuna qoşulub.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 6 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 72 oyun, 13 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.