“Barselona”nın 17 yaşlı ispaniyalı yeniyetmə cinah hücumçusu Lamin Yamal 100-dən çox qulaqlığı uşaqlara hədiyyə edib.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.
Vurğulanır ki, brend istehsalı olan bu bir neçə model qulaqlıq Kataloniya klubunun sponsor şirkətini tərəfindən əvvəlcədən “Barselona”nın əsas heyət oyunçularına hədiyyə olaraq təklif edilmişdi.
Yamal bu qulaqlıqların “Barselona”nın futbol akademiyasının uşaqlarına – oğlanlara və qızlara hədiyyə etmək qərarına gəlib:
“Bunları “La Masiya”nın oğlan və qızlarına versək, daha yaxşı olar”, deyə Yamal vurğulayıb.
Hər bir hədiyyə oyunçunun özü tərəfindən imzalanmış və qısa bir ithaf olan açıqca ilə təqdim edilib: “Beləliklə, musiqidən həzz ala bilərsiniz” ifadəsi rəqs edən adam və qulaqlıqların emodziləri ilə bəzədilib.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 6 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 71 oyun, 13 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.