AZ

Taleyinə əlllik yazılanların həyat HEKAYƏSİ

Hüquqi dövlətin əsas prinsiplərindən biri də insanların bərabər şəkildə hüquqlarının təmin edilməsidir. Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması və cəmiyyətə inteqrasiyası xüsusi diqqətdə saxlanılır. Ölkəmizdə bu qəbildən vətəndaşlara münasibətdə sosial siyasət – həyatda və cəmiyyətdə onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. Ölkədə bu sahə qanunvericiliklə tənzimlənir. 1992-ci ildə “Əlillərin sosial müdafiəsi haqqında”, 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qəbul edilən qanunlar əlilliyi olan şəxslər barəsində dövlət siyasətini müəyyən etməklə bərabər, cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrdə iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlara malik olmasına, həmin şəxslərin öz fərdi qabiliyyətlərnə, maraqlarına müvafiq şəraitdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.

2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır. Dövlətimiz əlilliyi olan vətəndaşlara dəstək proqramlarının sayını ildən-ilə artırır. 

Anadangəlmə və sonradan əlil olan şəxslər cəmiyyətimizin ayrılmaz hissəsidir. Ölkəmizdə əlilliyin qarşısının alınması, onların reablitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, dövlət proqramları icra olunur. 2017-ci ilin statisikasına əsasən, Ölkəmizdə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var. Onların hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər kəsin vəzifəsi olmalıdır. 1992-ci il dekabrın 14-də qəbul edilən BMT Baş Assambleyasının qətnaməsinin əsas hədəfi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

 Əsas təslim olmamaqdır...

Statistikaya görə, dünyada 1 milyarddan çox insan əllilikdən əziyyət çəkir. Bu da dünya əhalisinin 16 faizi deməkdir. Anadangəlmə və ya sonradan əlil olmaq ictimaiyyətdən təcrid olunmaq anlamına gəlmir, əksinə belə insanlar həyata, yaşama daha çox sarılırlar. Amma bunun üçün iradə, cəsarət, əməksevərlik mühüm şərtdir. Bu bir faktdır ki, həyatda bizim tanıdığımız və tanımadığımız onlarla, yüzlərlə fiziki məhdudiyyətli insanlar var. Onlardan kimisi ayağı və yaxud gözləri kor ola-ola rəsm şəkir, aktiraslıq, modelyerlik edir və s. Məsələn, anadangəlmə kor olan Eşref Armagan (Türkiyə) rəssam, Camel Debbouz (Fransa) aktyor, 21 yaşında iflic olan Stiven Hovkinq (ABŞ) nəzəri fizikanın əsasını qoyan alim, anadangəlmə kar doğulan  Marli Metlin (ABŞ) "Oskar"a layiq görülən aktrisa, nadir hallarda rast gəlinən irsi xəstəliklə doğulan Nik Buyçiç (Avstraliya) yazıçı kimi dünyada məşhurlaşıblar. Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Əsas odur ki, ruhdan düşməyəsən, həyata bütün gücünlə sarılasan.

Şübhəsiz ki, müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitələrdən biri də idmandır. İdman hər kəsin həyatında önəmli faktordur.  İdman vasitəsilə nəinki cəmiyyətə inteqrasiya etmək, hətta böyük uğurlar qazanmaq mümkündür və biz bunun canlı şahidiyik. Ən gözəl nümunə Qarabağ qazisi İlham Zəkiyevdir. İkiqat paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, Bakı-2015 Avropa Oyunlarının qalibi, dünya kubokunun və digər mükafatların sahibi çatdığı bütün zirvələri gözüyumulu tapıb və həyat hekayəsi ilə yeddidən yetmiş yeddiyədək hamıya örnəkdir. Təbii ki, bu siyahını kifayət qədər uzatmaq mümkündür. Qarabağ qazisi, fəxrimiz gözlərindən məhrum olsa da, dünyanı və yarış meydançasındakı rəqibini çoxlarından yaxşı görməyi bacaran İlham Zəkiyev həm də Azərbaycan Paralimpiya Komitəsinin vitse-prezidentidir.   

İnsan yaşamaq, yaratmaq üçün yaranıb. Əgər insanın fiziki məhdudiyyəti varsa, Allah ona digər tərəfdən bir istedad verir. Azərbaycanda dünya səviyyəli və xüsusi istedada malik əlilliyi olan idmançılarımız kifayət qədərdir. Onların hər birinin içində olan bu istedadı üzə çıxarmaq və ona yol göstərmək mütləqdir. Çünki hər bir əlilliyi olan şəxsin özünün uğur yolu vardır.

“Sağlam millət, sağlam gələcək” deməkdir. Azərbaycan dövləti sağlam gələcəyin təminatçısıdır. Bu baxımdan deyə bilərik ki, paytaxt və bölgələrdə tikilib istifadəyə verilən Olimpiya idman kompleksləri, idman zalları, stadionlar Azərbaycan xalqının sağlamlığına xidmət edir. Bu cür idman qurğuları həm də Azərbaycanın idman ölkəsi kimi uğurlarında əhəmiyyətli rol oynayır. Dövlət qayğısı ilə əhatə olunan idmançılarımızın dünya arenalarında əldə etdikləri uğurların sayı ildən-ilə artır. Ölkəmizin beynəlxalq yarışların mərkəzinə çevrilməsi də təsadüfi deyil.

Əlilliyi olan şəxslərin idmana cəlb edilməsini, onların cəmiyyətə inteqrasiyasını təşkil etmək Milli Paralimpiya Komitəsinin əsas hədəfidir. Komitə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş qazilərin də Paralimpiya hərəkatına cəlb edilməsi ilə bağlı mühüm işlər görür. Qazilərlə mütəmadi olaraq görüşlər keçirilir, onlara Paralimpiya hərəkatı, yay və qış idman növləri haqqında ətraflı məlumat verilir. Artıq Komitədə Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya fəaliyyət göstərir. Müharibə zamanı əlil olan şəxslər artıq Milli Paralimpiya Komitəsinin yığma komandalarının tərkibində müxtəlif idman növləri ilə məşğul olaraq ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirlər.

Əlilliyi olan şəxslərdə və ya sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərin bəzilərində müəyyən psixologiya var. Onlar cəmiyyət arasına çıxmağa çəkinir, hər hansı bir məsələ ilə bağlı iştirakdan qorxurlar. Lakin bu, sadəcə bir psixologiyadır, insan faktoru deyil.

Heydər Əliyev Fondunun dəstəyi

Əlilliyi olan şəxslərin yanında olmaq, onlarda mövcud istedadı üzə çıxarmaq və bu kateqoriyadan olan insanları cəmiyyətə qaytarmaq vacib məsələdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr sırasında sosialyönümlü, həmçinin əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlara yönəlik tədbirlər xüsusi yer tutur. Fiziki məhdudiyyətləri olan insanların qayğı ilə əhatə olunması, reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində Heydər Əliyev Fondu bu günədək dövlət siyasətinə dəstək olaraq bir sıra layihələr həyata keçirir. Eyni zamanda, həmin insanlar arasında sağlam həyat tərzinin formalaşdırılması, onların idmana marağının artırılması, bu məqsədlə müvafiq şəraitin yaradılması diqqətdə saxlanır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə artıq bir neçə ildir “Bizim həyət” layihəsi icra olunur. Layihə çərçivəsində sağlam həyat tərzinin formalaşdırılması, eləcə də əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti, asudə vaxtlarını mənalı keçirmələri təşviq edilir.
 
Təslim olmayan qəhrəman və “görməyən” əfsanə

Paralimpiya yarışları dedikdə, ilk olaraq yadımıza düşən azərbaycanlı məhz odur – İlham Zəkiyev. İkiqat paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, Bakı-2015 I Avropa Oyunlarının, Dünya kubokunun qalibi və 7-ci dan qara kəmər sahibi olan idmançımız heyrətamiz həyat hekayəsi ilə yeddidən yetmiş yeddiyə hamı üçün əsl örnəkdir. Azərbaycan cəmiyyətində əlilliyi olan insanlara qarşı stiqmanın əhəmiyyətli dərəcədə azalmasında onun müstəsna xidmətləri olduğunu desək, yanılmarıq. Vaxtilə "o bacardısa, niyə mən də bacarmayım" deyib, mübarizə meydanına atılan fiziki məhdudiyyətli vətəndaşlarımızın uğur sorağı bu gün dünya və Avropa çempionatlarından gəlir.

İlham döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarası nəticəsində görmə qabiliyyətini tamam itirsə də, həyat eşqini zərrə qədər də itirməyib. Vətənə xidmətini idman arenasında davam etdirərək, yüksək zirvələrə ucalıb. Cəmi bir il on aylıq hazırlıqla Afina-2004 Yay Paralimpiya Oyunlarının çempionu olan Zəkiyev dörd il sonra Pekində baş tutan fiziki məhdudiyyətli idmançıların növbəti zirvə yarışında da üçrəngli bayrağımızı ən yüksəyə qaldırmağı bacarıb. Bu və digər uğurları ilə İlham Zəkiyev sadəcə paralimpiya aləmində məşhurluq qazanmayıb, dünya cüdo ictimaiyyətinin də sayılıb-seçilən nümayəndələrindən birinə çevrilib. Belə ki, Qarabağ qazimiz adı dünya cüdosunun şərəf zalına daxil edilən yeganə paracüdoçudur, həmçinin Milli Paralimpiya Komitəsinin vitse-prezidentidir. O, Vətənə xidmətini tatamidə davam etdirən qəhrəmanımızdır.  

Bir çoxları İlhamın rəqiblərinin də tam görmə məhdudiyyətli olduğunu düşünür. Lakin bu, yanlış qənaətdir. Onun ilk gündən bu yana üz-üzə gəldiyi idmançıların əksəriyyəti müəyyən civarda görmə imkanlarına malik olub. Təsadüfi deyil ki, cüdo üzrə dördqat paralimpiya çempionu, braziliyalı Antonio Tenorio ilə yanaşı, Zəkiyevi də bütün dünyada "görməyən əfsanə" adlandırırlar.

Əzm, iradə, cəsarət və uğur hekayəsi

Xüsusi vurğulamaq lazımdır ki, Olimpiya hərəkatının inkişafına xüsusi diqqətin yetirildiyi Azərbaycanda Paralimpiya hərəkatının da inkişafı daim nəzarətdə saxlanılır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi idman siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə fiziki imkanları məhdud insanların sosial rifahının yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiyası üçün bütün lazımi şərait yaradılıb. Mötəbər beynəlxalq turnirlərdə qələbələr qazanmış paralimpiyaçılar, onların məşqçiləri müntəzəm olaraq dövlətimizin başçısının sərəncamları ilə orden və medallarla təltif olunur, rifah halı yaxşılaşdırılır.

Bu gün olimpiyaçılarımız kimi, paralimpiyaçılarımız da dünya idmanında öz sözlərini deməyi bacarırlar. 1996-cı ildə yaradılan Milli Paralimpiya Komitəsinin rəhbərliyi altında idmançılarımız indiyədək 8 yay və 1 qış paralimpiya oyunlarında güclərini sınayıblar. Hər paralimpiadada nəticələrini daha da yaxşılaşdıran təmsilçilərimiz xarakter və güclü iradə nümayiş etdirərək əlillərin idman vasitəsilə cəmiyyətə inteqrasiyasında mayak rolunu oynayırlar. Paralimpiyaçılarımızın idmana olan sevgisi və yeni zirvələri fəth etmək arzusu minlərlə idmançını Milli Paralimpiya Komitəsinin ətrafında sıx birləşdirir. Paralimpiyaçılarımızın Tokio-2020 Yay Paralimpiya Oyunlarında möhtəşəm qələbəsi Azərbaycan idmanının tarixinə qızıl hərflərlə həkk olundu. Bir olimpiadada 11 qızıl medal qazanmaq paralimpiyaçılarımız üçün böyük nailiyyət idi.

Olimpiadadan olimpiadaya və sayı artan medallar

Tarixə nəzər salsaq və hesablama aparsaq görərik ki, paralimiyaçılarımız ilk debütü Atlanta-1996 Olimpiadasında ediblər. 2 idman növündə 2 idmançı ilə təmsil olunan komandamız bu yarışdan medalsız qayıdıb. Sidney-2000 Olimpiadasına 3 idman növündə qüvvəsini sınayan 7 idmançımız olimpiadanı 1 gümüş medalla başa vurub. 2004-cü ildə olimpiadanın beşiyi olan Afinada 4 idman növündə 11 idmançı ilə təmsil olunan paralimpiyaçılarımız 4 medala (2 qızıl, 1 gümüş və 1 bürünc) layiq görülüblər. Pekin-2008 Olimpiadası da təmsilçilərimiz çox uğurlu keçib. 4 idman növündə 18 nəfərlə təmsil olanan idmançılarımız medalların sayını 10-a (2 qızıl, 3 gümüş və 5 bürünc) çatdırıblar.  

2012-ci ildə 21 idmançı ilə 6 idman növündə Olimpiya oyunlarına qatılan Azərbaycan Paralaimpiya komandası Londondan Bakıya 12 (4 qızıl, 5 gümüş və 3 bürünc) medalla qayıdıblar. Nəticə göz qabağındadır. 12 il müddət ərzində 1 medalın sayını 12 medala çatdırmaq bu sahədə görülən səmərəli işlərin bəhrəsidir, desək, yanılmarıq. Rio-de-Janeyro Paralimpiya Oyunlarında 22 idmançının 6 idman növündə mübarizəsi 11 (1 qızıl, 8 gümüş və 2 bürünc) medalla nəticələnib.  

Xüsusilə vurğulamaq lazımdır ki, Tokio-2020 Olimpiadası paralimpiyaçılarımızı üçün çox uğurlu olub. Yarışda 35 nəfərlə təmsil olunan paralimpiya komandamız yarışı yüksək nəticə - 16 (11 qızıl, 1 gümüş və 4 bürünc) medalla başa vurub. Medallar əsasən, cüdo, üzgüçülük, yüngül atletika idman növlərində qazanılıb.

2024-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçirilən olimpiadada Azərbaycan Paralaimpiya komandası 18 idmançı ilə 7 idman növü üzrə təmsil olundu. İlk dəfə yarışlarda 7 idman növündə qüvvəsini sınayan komandamız olimpiadanı  11 medalla ( 4 qızıl, 2 gümüş, 5 bürünc) medalla başa vurdu. Atletlərimiz Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov və taekvondoçu İmaməddin Xəlilov Vətənə qızıl medallarla döndülər.

Paralimpiyaçılarımız beynəlxalq yarışlarda da uğurla iştirak edirlər. Təkcə, 2023-cü ildə idmançılarımız aktivlərinə 27-si qızıl, 31-i gümüş və 28-i bürünc olmaqla, ümumilikdə 86 medal yazdırıblar. Təbii ki, bütün bu uğurların təməlində Milli Paralimpiya Komitəsinin yüksək təşkilatçılıq bacarığı, illər ərzində peşəkar məşqçi heyətinin formalaşdırılması dayanır. Milli Paralimpiya Komitəsinin mətbuat katibi Fərid Qarazadə modern.az saytının sorgusuna cavab olaraq bildirib ki, komitənin 14 yay idman növü, 2 qış idman növü fəaliyyət göstərir. Hazırda 150-dək idmançımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.

Ümumilikdə ötən il Paralimpiya oyunları daxil olmaqla, mötəbər beynəlxalq yarışlarda 48 medal qazanılıb ki, bunlardan 16-sı qızıl, 18-i gümüş, 14-ü bürüncdür. Təmsilçilərimizdən 4-ü Paralimpiya, 4-ü dünya, 3-ü isə Avropa çempionu tituluna yiyələniblər. 

Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə sağlam həyat tərzinin təbliği, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunması, fiziki məhdudiyyəti olan insanlarımızın cəmiyyətə inteqrasiyası dövlətin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ötən il avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərək, onları idmanının inkişafında xidmətlərinə görə ordenlərlə təltif etdi. Dövlətimizin başçısının “Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz” sözləri idmançılarımıza stimul verir, onları yeni-yeni qələbələrə ruhlandırır.  

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında xüsusi paralimpiya təqaüdünün təsis edilməsi də bu diqqət və qayğının təzahürüdür. Diqqət, qayğı, xoş münasibət olan yerdə isə həmişə uğur var! 

Səadət Hakıyeva

Seçilən
21
18
modern.az

10Mənbələr