Bakı, 23 yanvar, AZƏRTAC
Tacikistanın MDB-də sədrliyi çərçivəsində 2025-2026-cı illər üçün MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində prioritet Tədbirlər Planında, “Birliyin Mədəniyyət Paytaxtı” və “Birliyin İdman Paytaxtı” dövlətlərarası proqramlarında, həmçinin “MDB-nin Gənclər Paytaxtı” beynəlxalq layihəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfiri İlxom Abdurahmon Tacikistan Respublikasının 2025-ci ildə MDB-də sədrliyinə həsr olunmuş brifinqdə məlumat verib.
Səfir deyib: “Humanitar sahədə - mədəni tədbirlərdə, beynəlxalq və milli miqyasda festivallarda və simpoziumlarda iştirakın təmin edilməsi, tarix-mədəniyyət irsi abidələrinin qorunması və istifadəsi, muzey işi, kitabxana, musiqi, teatr, kitab nəşri və kinematoqrafiya sahələrində tədbirlərin həyata keçirilməsi üzrə səylər göstəriləcək”.
Onun sözlərinə görə, ümumi elm və təhsil məkanının formalaşdırılması və genişləndirilməsi, sıx əlaqələrin və əməkdaşlığın inkişafı, MDB ölkələrinin alimləri və elmi təşkilatları arasında təhsil orqanları rəhbərlərinin mütəmadi görüşlərinin keçirilməsi, habelə baza təşkilatlarının potensialından istifadə etməklə elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisasının artırılması üzrə kursların və xüsusi proqramların təşkili istiqamətində səylər də dəstəklənəcək.