6 milyon 52 min 721 seçki bülleteni çap olunub
Cəmi bir neçə gündən sonra - yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu, müstəqillik tariximizdə ölkənin bütün ərazisində yerli özünüidarəetmə orqanlarına keçiriləcək ilk seçkilər olacaq.
Qarşıdan gələn seçkilərə yüksək səviyyədə hazırlıqlar görülür. Bütün tədbirlər “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”na uyğun olaraq reallaşdırılır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov vurğulayıb ki, bələdiyyə seçkilərinə hazırlıq prezident və parlament seçkilərinə hazırlıqdan geri qalmamalıdır.
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanılmasına başlanılıb
Seçkilərə hazırlıq çərçivəsində son tədbirlər görülür. Artıq seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanılmasına başlanılıb. Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, o cümlədən müvafiq dairə seçki komissiyalarının sədr və katiblərinin də iştirakı ilə reallaşdırılan proses açıq və şəffaf şəkildə həyata keçirilib, müşahidəçilər, media nümayəndələri və maraqlı seçki subyektlərinin bülletenlərin paylanmasını yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb. Tədbir çərçivəsində media üçün brifinq də təşkil olunub, seçki bülletenlərinin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri, prosesin qanunauyğun təşkili və ümumiyyətlə, bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə ətraflı məlumat verilib, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Seçki bülletenləri ilk gün - yanvarın 22-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə və respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 54 seçki dairəsinə verilib. Növbəti gün isə seçki bülletenlərinin ölkənin digər bütün seçki dairələrinə təhvil verilərək. Bu gün prosesin tam yekunlaşdırılması nəzərdə tutulur.
Yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxili İşlər Nazirliyinin (DİN) aidiyyəti qurumları tərəfindən həyata keçirilir.
Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın 11-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6 milyon 52 min 721 seçki bülleteni çap olunub.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.
1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb
Bələdiyyə seçkiləri ilə bağlı əsas hədəflərdən biri şəffaflığın yüksək səviyyədə təmin edilməsidir. Bu məqsədlə ölkə ərazisindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçkidə aşkarlıq mühüm məsələ olduğundan, veb-kameralarla müşahidə aparılması önəmlidir. “İstənilən vətəndaş seçki prosesi ilə bağlı müfəssəl məlumat əldə edə biləcək. Seçki prosesində veb-kameralardan istifadə ölkədə 2008-ci ildən uğurla həyata keçirilən layihədir”, - deyə MSK rəsmisi vurğulayıb.
Seçki məntəqələrində veb-kameraların quraşdırılması parametrlərində dəyişiklik edilib. Dəyişikliklər 89 seçki məntəqəsinin məlumatlarını əhatə edir. O cümlədən 62 seçki məntəqəsinin nömrəsi dəyişdirilib. 15 seçki məntəqəsində isə veb-kameraların quraşdırılması tamamilə yeni məsələdir. Rövzət Qasımov əlavə edib ki, veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilir.
Nə qədər seçici səs verəcək?
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri üçün 5 milyon 961 min 625 seçicinin adı qeydiyyata alınıb. Məzahir Pənahov bildirib ki, 125 dairədən 7-si işğaldan azad edilən ərazilərdə yerləşir. Həmin dairələrdə seçkilər keçirilməyəcək. Buna görə də bələdiyyə seçkilərində səs verən seçicilərin sayı ümumi seçicilərin sayından az olur.
Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı isə 29 min 172 nəfərdir. Rövzət Qasımovun verdiyi məlumata əsasən, seçki günü 153 şəxsin 18 yaşı tamam olur və onlar məhz həmin gün səsvermə hüququ əldə edəcəklər.
Mübariz FEYİZLİ