Davos İqtisadi Forumunun növbəti illik toplantısı yanvarın 20-də İsveçrənin Davos şəhərində işinə başlayıb və yanvarın 24-dək davam edəcək. “Ağıllı əsr üçün əməkdaşlıq” mövzusunda keçirilən bu Forum sayca 55-cidir. Sözügedən Forumda hər il dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və s. iştirak edir. Prezident İlham Əliyev hər il dolduğu kimi, bu il də Foruma qatılıb. Bir sıra dövlət və hökumət başçıları, eyni zamanda dünyaca nüfuzlu şirkətlərin rəhbərləri dövlət başçısı ilə görüşüb, müzakirələr aparırlar.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi müzakirə olunur: “Bu baxımdan Davos İqtisadi Forumu ölkələrin öz iqtisadi imkanlarını təqdim etmək üçün çox mühüm platformadır. Ölkəmizin bu platformada iştirakı çox əhəmiyyətlidir. Ümumiyyətlə, Qlobal İqtisadi Forum iqtisadi olduğu qədər siyasi əhəmiyyət də daşıyır. Çünki Foruma dövlət və hökumət başçıları, hökumət nümayəndələri, biznes strukturlarının rəhbərləri olmaqla, 130 ölkədən 3 minə yaxın lider toplaşacaq. Forum çərçivəsində iqtisadi mövzularla yanaşı, siyasi məsələlər də müzakirə olunur. Dövlət başçımızın da bu forumda iştirakı çox əhəmiyyətlidir. Davosa etdiyi səfərin ilk günündə dövlət başçımız Çinin CGTN kanalına verdiyi müsahibədə qlobal əhəmiyyət daşıyan bir çox məsələlərə münasibət bildirib”.
Forumun yaratdığı fürsətlər
Deputatın sözlərinə görə, Forum çərçivəsində dövlət başçısının digər ölkələrin və qlobal şirkətlərin rəhbərləri ilə görüşməsi ənənəvi xarakter alıb: “Forumda bir sıra dövlət başçıları və dünyaca nüfuzlu şirkət rəhbərləri Prezident İlham Əliyevlə görüşüb müzakirələr aparmağa çalışırlar. Bu baxımdan Prezident İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşü şirkətin ölkəmizlə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından çox əhəmiyyətli olub. Azərbaycanın investisiya və biznes mühiti daxili və xarici investorlar üçün əl çatandır. Hesab edirəm ki, Davos İqtisadi Forumu Azərbaycanı beynəlxalq arenada tanıtmaq baxımından bir fürsətdir”.
A.Badamov bildirib ki, Davos İqtisadi Forumunun hesabatları Azərbaycanın iqtisadi biznes mühitini müsbət dəyərləndirir: “Təbii ki, bu, ölkəmizdə yaranmış azad və rəqabətqabiliyyətli iqtisadi mühit ilə bağlıdır. Bu baxımdan Forumda iştirakımızın ölkəmizin iqtisadiyyatının qlobal çağırışlara uyğunlaşdırılması və investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətli olacağını hesab edirəm. Həm də Forum çərçivəsində dövlət başçıları siyasi mövzularda da müzakirələr aparır. Bu da bir çox qlobal xarakterli siyasi məsələlərin həll olunmasına, regional məsələlərin müzakirə olunaraq əməkdaşlığın formalaşmasına və sözümüzün gücünün artmasına töhfə verir”.
“İqtisadi çətinliklər qloballaşaraq regionların hüdudlarını aşır”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov vurğulayıb ki, Davos İqtisadi Forumuna maraq hər zaman böyük olub: “Dünyanın nüfuzlu iqtisadi Forumu olan Davos tədbirində hər il olduğu kimi, bu il də dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumunun xüsusi rolu var. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır. Hər kəsə məlumdur ki, artıq dövlətlərin problemləri tək bir dövləti və ya bir regionu narahat etmir, yaranan iqtisadi çətinliklər qloballaşaraq regionların hüdudlarını aşır”.
“Bu, ölkəmizin qlobal arenada əhəmiyyətini göstərən əsas faktorlardan biri idi”
M.Cəfərov Azərbaycanın 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə aktiv şəkildə iştirak etdiyini diqqətə çatdırıb: “Lakin dövlətimizin Davos Forumunda ilk dəfə təmsil olunması 1995-ci ilə təsadüf edir. Həmin il Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda dövlətimizi təmsil edərərək ölkəmizə xarici investorlar cəlb etmişdi. Hətta 2013-cü ildə Dünya İqtisadi Forumunun tədbiri Bakıda təşkil olundu. Azərbaycan hər zaman olduğu kimi yenə də beynəlxalq tədbirə möhtəşəm və qüsursuz hazırlaşmışdı. Bakıda təşkil olunan dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmişdilər. Bununla ilk dəfə idi ki, Davos Forumu Qafqaz və Mərkəzi Asiyada keçirilirdi. Belə beynəlxalq əhəmiyyətli tədbir üçün məhz Azərbaycanın seçilməsi isə ölkəmizin qlobal arenada əhəmiyyətini göstərən əsas faktorlardan biri idi”.
Deputat qeyd edib ki, 2007-ci ildən bu günə kimi cənab Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda davamlı olaraq iştirakı Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması üçün də mühüm amil oldu: “Həmişəki kimi Davos Forumunda Prezident İlham Əliyevə tədbir iştirakçılarının xüsusi diqqət və marağı var. Çünki Azərbaycan davamlı olaraq uğurlar qazanır və beynəlxalq layihələrdə aktiv iştirak edir. Deyə bilərəm ki, Davos Forumunda ən çox görüşlər keçirən, müzakirələr aparan və müxtəlif əməkdaşlıq təklifləri alan dövlətlər arasında Azərbaycan ilk sıralardadır. Təbii ki, buradakı əsas amil cənab Prezidentin yaratdığı imic və uzaqgörən xarici siyasi xəttin roludur”.
“Azərbaycan Davosda yüksək etimad qazanmış ölkədir”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycanın bu Forumda iştirakını və fəallığını ilbəil artırmasını Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlı olduğunu deyib: “Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edir, panellərə qatılır, çoxsaylı suallara cavab verir. Azərbaycan Davosda yüksək etimad qazanmış ölkədir. Ölkəmiz bu hörmətin əlaməti olaraq 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri Bakıda bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə edib. Bakıda Davos Forumunun keçirilməsini ekspertlər Azərbaycanın iqtisadi və siyasi qələbəsi və son illər bu sahədə qazandığı nailiyyətlərin nəticəsi kimi qiymətləndirirlər. Çünki ilk dəfə idi ki, Davos Forumu Qafqaz və Mərkəzi Asiyada keçirilirdi. Region ölkələri arasından Azərbaycanın seçilməsi isə məhz ölkəmizin bölgədə əhəmiyyətini göstərən əsas faktorlardan biri idi. Ekspertlərin rəyinə görə, 2013-cü ildə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması üçün də mühüm hadisə oldu. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 2013-cü ildə 46-cı yerdə qərarlaşdırmışdı və bu sahədə ölkəmiz ardıcıl olaraq dörd il MDB məkanında birinci yerdə qərarlaşıb”.
Deputatın sözlərinə görə, hazırda davam edən 55-ci Forum şərçivəsində dünyanın aparıcı şirkətlərinin rəhbərlərinin təşəbbüsü ilə Cənab Prezidentlə keçirilən səmərəli görüşlər, hökumət üzvləri ilə aparılan siyasi dialoqlar Azərbaycanın qüdrətli dövlət kimi dünyada etibarlı tərəfdaş olduğunu təsdiqləyir.
Röya İsrafilova