AZ

İran buzlarıəritməyə çalışır

Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin region dövlətlərlə münasibətinə də təsirsiz ötüşməyib. Belə ki, Azərbaycanla İran arasında dərin köklərə malik olan əlaqələr məhz Ermənistanın yürütdüyü təcavüz siyasət səbəbindən soyuyub. Düzdür, İranın bölgədə öz maraqları, öz iddiaları var, ancaq ölkəmizlə münasibətdə "xoşməramlı" görüntülər daim müşahidə olunub. Vaxtilə yaxın dost və mehriban qonşular olan Azərbaycanla İran arasında münasibətlərin gərginlik dövrünə qədəm qoyması da bu qəbildən olan hallardan biridir. Rəsmilərin sərt bəyanatları, hərbçilərdən tutmuş deputatlara və ekspertlərədək, mediadan tutmuş sosial şəbəkələrdəki fəallara qədər geniş arealda müşahidə olunan qarşılıqlı ittihamlar heç də xoşagələn  deyil. Buna baxmayaraq, iki qonşu dövlət arasında əməkdaşlıq prespektivləri mövcuddur. Belə ki, artıq Azərbaycanla İran arasında daha bir əməkdaşlıq sənədi imzalanıb. Məlum olduğu kimi Tehranda  Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçirilib. Birgə İqtisadi Komissiyasının həmsədrləri - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında adıçəkilən komissiyanın 16-cı iclasının Protokolu imzalanıb. Beləliklə iki ölkə arasında nəqliyyat, enerji, neft-qaz, su və kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra mühüm razılaşmalar əldə olunub. Eyni zamanda, tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün preferensial ticarət müqaviləsinin mümkün qədər tez imzalanması barədə razılığa gəlinib.

Politoloq Turan Rzayev qeyd edib ki, İran Azərbaycanla münasibətləri qaydaya salmağa çalışır. Tehranın son zamanlar Bakının tələblərini yerinə yetirməsi, hətta bəzi məsələlərdə güzəştə getməsi bunu deməyə əsas verir: "2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində Azərbaycana təhvil verildi. İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqlədi. Bu iki məqamdan əlavə bir detal da diqqət çəkir. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdədir. Bu səfər həm də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın on birinci görüşündən qısa müddət sonra baş tutdu. Xatırladım ki, həmin görüşdə tərəflər dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Mümkündür ki, bu görüşlər fonunda Tehran bir zamanlar "qırmızı xətt" adlandırdığı məqamları da Bakıya güzəştə getsin. İranın etdiyi əslində yeni bir şey deyil. Tehran əvvəllər də Bakı ilə gərginliyi aradan qaldırmaq üçün müxtəlif addımlar atıb. Amma bu dəfə kifayət qədər ciddi proseslər gedir. Əlbəttə, İranın məqsədi səmimi şəkildə Azərbaycanla münasibətləri normallaşdırmaq deyil. Tehranı narahat edən dəyişən geosiyasi vəziyyətdir. Birincisi, İsrail faktiki olaraq Livanda "Hizbullaha", Qəzzada HƏMAS-a ciddi zərbə vurdu. Suriyada Bəşər Əsədin devrilməsi də İrana ciddi zərbə oldu. Sadə formada desək, İranla İsrail arasındakı proksi qüvvələr qalxanı sıradan çıxdı. İkincisi, İran üçün digər ciddi problem ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsidir. Trampı yəhudi diasporu və İsrail açıqca dəstəkləyir. Təbii olaraq o da bunun qarşılığını verəcək. Yəni ehtimal İran-İsrail qarşıdurmasında ABŞ Bayden administrasiyası dövründə olduğu kimi səssiz qalmayacaq. Üçüncüsü, İran üçün bir digər zərbə Ermənistandan gəldi. İrəvanın Vaşinqtonla strateji saziş imzalaması və ərazisində ABŞ hərbi bazasının yaranmasına icazə verməsi Tehran üçün həyəcan təbilidir.İran İsrailin yaxın zamanlarda Tehranı provokasiyaya çəkəcəyini yaxşı bilir. İsrailin belə bir planı var. Hansı ki, bunun fonunda Təl-Əviv başda ABŞ olmaqla Tehrana qarşı beynəlxalq koalisiya yaradılmasını istəyir. Bu baş versə, həmin qüvvələrin ehtimal toplanma nöqtələrindən biri Ermənistan ola bilər.
Təbii ki, İran da boş dayanmır. Rusiya ilə İran arasında imzalanan strateji tərəfdaşlıq Tehranın özünü müəyyən mənada qoruma instinktindən irəli gəlir. Tehranın Çinlə də təmasları da var. 
Bütün bu hadisələrin fonunda İran  Ermənistandan gələcək zərbələri bildiyi üçün Bakı ilə buzları əritməyə, münasibətləri normallaşdırmağa çalışır".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
49
olaylar.az

10Mənbələr