Azərbaycanda qar voleybolu üzrə beynəlxalq yarışların keçirilməsi mümkündür.
Bunu “Report”un Şahdağa ezam olunmuş əməkdaşına açıqlamasında, çimərlik və qar voleybolu üzrə millilərin meneceri Orxan Hüseynzadə deyib.
O, Azərbaycanda ilk dəfə keçirilən qar voleybolu üzrə ölkə çempionatı haqqında danışıb:
“Bu işlərə keçən ilin dekabrında başladıq. Millini Şahdağ Turizm Mərkəzinə təlim-məşq toplanışına gətirdik. Burada hər cür şərait var və bizə yalnız düzgün işləmək qalır. Azərbaycanda qar voleybolunu inkişaf etdirməyə çalışırıq. Məqsəd yerli voleybolçuların aşkarlanması və milliyə güclü oyunçuların cəlb olunmasıdır. Zaman keçdikcə komandaların sayını artıracağıq. Qar voleybolu digər növlərə nisbətən fərqlidir. Zədə ehtimalı daha çoxdur. Hava amili var, voleybolçular demək olar buzun üzərində oynayır. Bunlar hamısı təsiredici amillərdir. Amma dünyada bu idman növü varsa, niyə bizdə də olmasın?”
Menecer planda Avropa çempionatında iştirak etmək olduğunu da bildirib:
“Qar voleybolunda klub yarışları yoxdur. Yalnız milli səviyyəsində oyunlar olur. Hazırda planımızda var ki, Avropa çempionatında iştirak edək. Bəzi məsələlər dəqiqləşdirilməlidir. Həm də gediriksə, yaxşı nəticə qazanmalıyıq”.
O.Hüseynzadə Azərbaycanda beynəlxalq yarışların keçirilə biləcəyini də vurğulayıb:
“Azərbaycanda beynəlxalq yarışların keçirilməsi mümkündür. Perspektivdə bu var. Hətta Avropa çempionatının keçirilməsi üçün ilkin müraciət də ünvanlamışdıq. Təbii ki, bu barədə Avropa Voleybol Konfederasiyası qərar verəcək”.