2024-cü ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandakı bankların faiz və onunla bağlı xərcləri bir milyard manatı keçib. Mərkəzi Bankdan bildirilib ki, 2024-cü ilin 11 ayında bankların cəmi faiz xərcləri bir milyard 91,2 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 813,4 milyon manat təşkil edib. Depozitlər üzrə faiz xərclərinin 703,4 milyon manatını müddətli əmanətlər üzrə ödənilmiş faiz məbləğləri təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 11 ayında Azərbaycandakı bankların cəmi faiz xərcləri 755,7 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 536,5 milyon manat, həmçinin müddətli depozitlər üzrə faiz xərcləri isə 450,4 milyon manat təşkil etmişdi. Qeyd edək ki, son aylar banklar depozitlər üzrə faizləri yüksəldiblər. Bəs banklar bu faizləri uzun müddət ödəmək imkanlarına malikdirlərmi?
İnflyasiya və oğurluqdan qorumaq üsulu
Bank məsələləri üzrə ekspert Emin Kərimovun sözlərinə görə, depozit faizlərinin artırılması vətəndaşları əmanət yerləşdirməyə təşviq edir: “Depozitlər bankların əsas vəsait mənbəyidir. Depozitlərin artması banka əlavə pul vəsaitinin daxil olmasına şərait yaradır. Depozitlərin artması bankın qısa və orta perspektivdə vəsaitlə təmin olunmasına zəmanət verir. Bank vətəndaşdan depoziti müəyyən faizlə qəbul edir. Bu vəsaitləri kreditlərə, investisiyalara yatıraraq gəlir əldə olunur. Əmanətlərin Sığortalanması Fondu ilə milli valyutada 12 faiz, 3 faizə qədər isə xarici valyutada olan əmanətlər sığortalanır. Əmanətlər etibarlı şəkildə qorunduğu və səmərəli olduğu üçün insanlar pullarını banklara yerləşdirməyə üstünlük verir. Bununla da əmanətlərini həm inflyasiya, həm də oğurlanmaq kimi fiziki təhlükədən xilas etmiş olurlar. Depozit bəzi vətəndaşların əsas gəlir mənbəyidir. Faizlərin yüksəldilməsi onları daha çox vəsait qoymağa təşviq edir. Bu, vətəndaşların rifah halının yüksəlməsinə də xidmət edə bilər”.
Gələcəkdə daha da artırılması real deyil
E.Kərimov bildirdi ki, banklar hər ilin əvvəlində strateji planlarını, gəlir və xərclərini ciddi şəkildə təhlil edirlər: “Depoziti qəbul edərkən onun gələcəkdə ödənilməsini öncədən hesablayırlar. Depozitləri qəbul edərkən, kreditləri verərkən qısa və ya uzunmüddətli strategiyalarına əsasən faizləri müəyyənləşdirirlər. Qlobal səviyyədə baş verən iqtisadi və sosial proseslər təhlil edilir. Faizlərin bu şəkildə qalıb-qalmayacağını təxmin etmək çox çətindir. Çünki baş verəcək hadisələr çox şeyi dəyişə bilər. Banklar gəlir və xərclərinin planlarını nəzərə alaraq depozitlər üzrə faizlərin qaytarılması mənbələrini müəyyən edirlər. Depozit qəbulu bundan sonra artıq icra olunur”.
Ekspert gələcək dövr üçün əmanətlərin faizinin daha da artırılmayacağı qənaətindədir: “Depozit faizləri artırılsa da, 12 faizlik baryeri keçməsi mümkün deyil. Çünki sığortalanma məbləği nəzərə alınmalıdır. Əgər Əmanətlərin Sığortalanması Fondu faizləri artırmaq haqqında düşünərsə, banklar da depozit faizlərini daha çox artırarlar. Belə bir hal baş verərsə, kredit faizlərində də artım baş verəcək”.
Mərkəzi Bank öz məqsədinə nail olub