Bu gün Azərbaycan Ordusunun keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 33 il ötür.
Modern.az xəbər verir ki, 1992-ci il yanvarın 25-dən 26-na qədər davam edən əməliyyatın əsas məqsədi Şuşanın Daşaltı kəndinin erməni işğalından azad edilməsi idi. Əməliyyat üçün Şıxov taborundan 200 əsgər ayrılmış, rəhbərlik isə sabiq müdafiə naziri Tacəddin Mehdiyevə tapşırılmışdı. Lakin hava şəraitinin sərtliyi, əlaqə çatışmazlıqları, bələdçilərin xəyanəti və əməliyyat sirrinin yayılması səbəbindən plan uğursuzluqla nəticələndi.
Əməliyyat zamanı Azərbaycan Ordusu 100-ə yaxın itki verdi, polkovnik-leytenant Riad Əhmədov itkin düşdü və onun taleyi bu günədək naməlumdur. Düşmən isə 80 nəfərdən çox itki verdi.
28 il sonra, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Daşaltı kəndini işğaldan azad edərək tarixi qisas aldı. Noyabrın 9-da Daşaltı kəndi tam azad edildi, bununla da "Daşaltı əməliyyatı"nda həyatını itirənlərin ruhu şad oldu.
Azadlıqdan sonra bölgədə ermənilərin törətdiyi hərbi cinayətlərin sübutları tapıldı. 2021-ci il fevralın 17-də Daşaltıda əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş insanlara məxsus kütləvi məzarlıqlar aşkar edildi. Bu, ermənilərin törətdiyi cinayətlərin açıq göstəricisidir.
Azərbaycan Ordusunun tarixi zəfəri həm itirilmiş torpaqların, həm də şəhidlərin qisasını alaraq xalqımızın ədalətini bərpa etdi.