Hər il yanvarın 27-i Holokost qurbanlarının Beynəlxalq Anım Günü (International Holocaust Remembrance Day) kimi qeyd edilir.
Sfera.az xatırladır ki, Holokost İkinci Dünya Müharibəsi dövründə (1939-1945) milyonlarla avropalı yəhudinin təkcə milli mənsubiyyətinə görə soyqırımı hadisəsidir.
Yəhudilərə qarşı kütləvi soyqırımları Almaniyanın Nasist partiyasının lideri Adolf Hitler tərəfindən təşkil edilib. Alman Nasional Sosialist Fəhlə Partiyası (ANSFP) 1938-ci ilin noyabrından etibarən bir çox qiyam həyata keçirib. Bunlardan ən dəhşətlisi 9-10 noyabrda həyata keçirilən “Kristal gecə” idi. Bu qiyamda yüzlərlə illik tarixi olan sinaqoqlar, yəhudilərin dükanları, evləri və digər mülkləri yandırılmiş, 400 yəhudi öldürülmüş, digərləri isə işgəncələrə məruz qalmışdı. Bundan sonrakı bir neçə gün içində 36 000 yəhudi xüsusi düşərgələrə köçürülmüşdü.
Nasistlər tərəfindən təkcə işğal olunmuş Polşa ərazisində yerləşən Auşvits həbs düşərgəsinin qaz kameralarında bir milyondan çox yəhudi qətlə yetirilib. Ümumilikdə Avropada yaşayan hər 10 yəhudidən 7-si bu faciə zamanı öldürülüb. Soyqırımı hadisələri ümumbəşəri cinayətdir və insanlığa qarşı çevrilib. Bu hadisələr barədə ölkəmizdə hər il müxtəlif anım tədbirləri keçirilir və Holokost qurbanları yad edilir.
Holokost tarixdə təkcə kütləvi cinayət deyil, həm də insan hüquqlarının necə kobud şəkildə pozula biləcəyinə dair ağır bir dərsdir. Holokost insanlıq tarixində tək soyqırımı deyil. Milli mənsubiyyətinə görə məhv edilən digər xalqlar və icmalar da var.
Ruanda Soyqırımı
1994-cü ildə baş vermiş Ruanda Soyqırımında hutu çoxluğu tutsi azlığına qarşı sistematik qırğın həyata keçirib. Təxminən 800 000 tutsi və onlara dəstək verən hutular 100 gün ərzində amansızcasına öldürülüb.
Kamboca Soyqırımı
1975-1979 illərdə baş verən Kamboca Soyqırımında "Qırmızı Khmerlər" rejimi Pol Potun liderliyi ilə təxminən 2 milyon insanı, xüsusilə intellektualları və şəhər sakinlərini məhv edib. Bu soyqırım Kamboca əhalisinin demək olar ki, dörddə birinin itirilməsi ilə nəticələnib.
Bosniya Soyqırımı
Bosniya Soyqırımında (1992-1995) Yuqoslaviya müharibələri zamanı Bosniya müsəlmanlarına qarşı Serbiya qoşunları tərəfindən sistematik təmizləmə və qırğın həyata keçirilib. Xüsusilə Srebrenitsa qətliamında 8 000-dən çox bosniyalı kişi və oğlan öldürülüb.
Təəssüf ki, azərbaycanlılara qarşı da soyqırım baş verib...
Mart soyqırımları (1918), Qarabağ müharibəsi dövründə törədilən Xocalı soyqırımı (1992) azərbaycanlıların etnik təmizləmə və qətliamlarla üzləşdiyi tarixlərdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Soyqırımlar insanlıq üçün böyük bir utanc səhifəsidir. Bunları yadda saxlamaq və gələcəkdə belə cinayətlərin baş verməməsi üçün hər birimiz üzərimizə düşən məsuliyyəti anlamalıyıq.
Holokost və digər soyqırımlar haqqında məlumatlı olmaq təkcə tarix dərsi deyil, həm də humanizmin qorunmasıdır. Soyqırımları unutmaq, onları yenidən yaşamaq deməkdir. Bu gün dünyada ədaləti və barışı təmin etmək üçün bu dərslərdən düzgün nəticə çıxarmaq vacibdir.
Firuzə Əliyeva