AZ

"Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən yaxşı marşrutu Xəzər dənizinin qərbindəki istiqamətdir"

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İran ərazisindən keçən ən yaxşı marşrut Xəzər dənizinin qərbində Astara vasitəsi ilə olan marşrutdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yollarının rəhbəri Cabbarəli Zakeri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımanın həcmini maksimum şəkildə artırmaq lazımdır. Hazırda bu dəhliz çərçivəsində İran ərazisində dəmiryolunun tikilməsi olan hissə Rəşt-Astara hissəsidir. Hazırda İran, Rusiya və Azərbaycan bu layihənin əhəmiyyətini tam şəkildə anlayır və onun icra olunması üzrə yekdil rəyə sahibdir.

Zakeri deyib ki, İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə müzakirələr aparıldı. Qərara alındı ki, İran hökuməti tərəfindən bir il ərzində dəmiryolu xəttinin keçdiyi ərazinin mülkiyyəti məsələsi həll olunsun və Rusiya dövlətinin krediti əsasında dəmiryolu 4 il ərzində tikilsin. Bu ərazinin mülkiyyətinə gəldikdə, ərazinin böyük hissəsi mənzillərin yerləşdiyi ərazi deyil.

Nazir müavini qeyd edib ki, hazırda dəmiryolu xəttinin tikintisi üzrə layihə ilkin tədqiqat mərhələsindədir. Layihə çərçivəsində ikinci mərhələ (ərazinin mülkiyyəti) başa çatmalıdır ki, yekun kredit məbləği müəyyənləşsin. Lakin İran tərəfi bu dəmiryolu xəttinə 1,5-2,5 milyard dollar dəyərində vəsaitin xərclənəcəyini təxmin edir.

Zakeri əlavə edib ki, beləliklə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yükdaşıma illik 3 milyon tondan ildə 15 milyon dona yüksələcək.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin - Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt - Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Milli.Az

Seçilən
16
1
milli.az

10Mənbələr