AZ

Balkan Türk ədəbiyyatında Türklük və Türk dünyası anlayışı

No

Prof. Dr. Osman Emin
Şimali Makedoniya – Skopye, Müqəddəs Kiril və Mefodi Universiteti,
Filologiya Fakültəsi, Türk dili və ədəbiyyatı kafedrasının müdiri

Azərbaycan dilinə uyğunlaşdırdı:

No
F.e.d., dos. Nurlana Mustafayeva
Bakı Slavyan Universiteti

Balkanşünaslıq kafedrasının müdiri

Türkün tarixi qədim olduğu qədər, türkün coğrafiyası da çox genişdir. Türk dünyası tarixi-siyasi dövrlər ərzində məlum səbəblərdən bir-birindən minlərlə kilometr uzaqda yaşamışlar. Müəyyən səbəblərdən olan bu məcburi vəziyyət türklərin danışdıqları eyni dili zamanla fərqləndirməyə də başlamışdır. Türk dili zaman içində öz məcrasından çıxaraq, müxtəlif formalar alaraq dəyişmişdir.

Bütün bu dəyişmələrə, ayrı düşmələrə baxmayaraq, ortaq türk dəyərləri bir-birindən əsla uzaq düşməmiş, hətta bir-birinə təsir göstərmiş, qaynayıb-qarışmışdır. Bu təsirlənmə sadəcə dildə və mədəniyyətdə deyil, eyni zamanda ədəbiyyatda da özünü göstərmişdir. Dünyanın dörd bir yanında yaşayan türklərlə yanaşı eyni zamanda Balkan coğrafiyasında yetişən ədəbiyyatçıların da türk dünyasına verdikləri töhfələr danılmazdır.

Belə ki, Rumeli ədiblərinin poeziyasında bir çox məqamlarda türk ədəbiyyatına yeni istiqamət verdiklərini, çox vacib töhfələr verdiklərini müşahidə edirik. Balkan coğrafiyasında müəyyən tarixi dövr ərzində yaşanan siyasi hadisələr nəticəsində türk dili danışıq dili olaraq qadağan olunmuşdur. Türk dilinə qoyulan bu məhdudiyyət Balkan türklərində ana dilinə böyük həsrət duyğusuna səbəb olmuşdur. Bu həsrət duyğusu Balkan türklərini hisslərin tərənnümü olan ədəbiyyata yönəltmiş və milli hisslər ədəbiyyatda öz əksini tapmışdır. Müəyyən dövrlər ərzində aparılan mübarizələrlə bütün məhdudiyyətlərə,təzyiqlərə tab gətirən türk dili Balkan coğrafiyasında ədəbiyyat dili olmağa başlamışdır. Geostrateji vəziyyətinə görə dünyada önəmli bir yerə sahib, mədəni kontekstdə də mərkəz hesab olunan Balkan coğrafiyası sonrakı mərhələlərdə də Balkan türk ədəbiyyatına şair və yazıçılar qazandırmışdır.

Balkan türk ədəbiyyatının yenidən formalaşdırılmasının əsası 1944-cü ildə yenidən qoyulmuşdu. Həmin dövrdən etibarən türk dünyası dövlətləri arasında diplomatik sahədə də əlaqələr qurulmağa başlamışdı. Təbii olaraq, əlaqələr qurulmağa başladığı tarixdən etibarən münasibətlər qarşılıqlı dostluq və anlaşmaya əsaslanırdı. Siyasi əlaqələrlə yanaşı, ədəbi-mədəni sahədə olan əlaqələr də şübhəsiz ki, çox önəmli idi.

Osmanlı-türk mədəniyyətinin əsl varisləri olan Balkan türkləri öz milli kimliklərini, dillərini, ədəbiyyatlarını, mədəniyyətlərini, adət-ənənələrini qorumaqla və inkişaf etdirməklə kifayətlənmir, eyni zamanda, Türk dünyasının bütün sahələrdə olan əlaqələrinin bərqərar olmasında qızıl körpü rolunu oynayır. Bu mənəvi dəyəri yüksək olan məsuliyyət Balkan coğrafiyasında Türk məfhumunun əsrlərdir var olmasının sübutudur.

Skopyalı (Üsküp) Yəhya Kamal Bəyatlının da dediyi kimi, “Türk dilinin istifadə olunmadığı yerlər Vətəndir!” Böyük türk ədibi Ömər Seyfəddinin fikrinə görə isə, “...türklərin vətənləri milli vətən, dini vətən, mövcud vətən olaraq üç hissəyə ayrılır.”

Fikrimizcə, krımlı İsmail bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideologiyasını qoruyub saxlamaq və davam etdirmək bu gün Türk dünyası üçün ən ümdə vəzifədir. “Türkcənin istifadə olunmadığı yerlər vətəndir!” deyiləndə əsas nəzərdə tutulan dil faktorunun olduğu danılmaz bir faktdır. Yəhya Kamal Bəyatlı, bunu “Bizi bir millət olaraq mövcud olduğumuz gündən əbədiyyətə qədər qoruyan və bir-birimizə bağlayan da türk dilidir. Bizi bir-birimizə bağlayan bu hisslər elə möhkəmdir ki, Vətənin hüdudları dəyişsə belə o duyğular dəyişilməz, yenə də bizi bir-birimizə qopmaz tellərlə bağlayar. Türk dilinin danışılmadığı ərazilər əsas Vətəndir. Ancaq istifadə olunduğu yerlər vətən olmaqdan çıxır. Vətənin ruhu və bədəni türk dilidir” deyə fikrini izah edir. Məhz bu səbəbdən, dildə bir olmaq, birlik olmaq çox vacib məsələdir.

Balkan coğrafiyası ərazisində əsrlərdir inkişaf etməkdə olan Balkan türk ədəbiyyatı, əslində türk ədəbiyyatının hərtərəfli öyrənilməsi baxımından önəmlidir. XIV əsrdən başlayaraq türk boyları Balkan coğrafiyasında məskunlaşmağa başlamış və uzun müddət Osmanlı hakimiyyəti altında yaşamışlar. Bu proses Balkan ədəbiyyatına əhəmiyyətli dərəcədə təsir etmiş və Balkan türk ədəbiyyatında yazılan əsərlərin əsas ideologiyasının müəyyənləşməsində mühüm rol oynamışdır. Həm də Osmanlı dövrü şair və yazıçılarının həyat və yaradıcılıqları araşdırıldığı zaman onların böyük hissəsinin məhz Balkan torpaqlarında yetişdiyini görürük.

Türk ədəbiyyatına böyük töhfələr vermiş Balkan əsilli şair və yazıcıların Balkan coğrafiyasında bugün də ədəbi ənənələri davam etməkdədir. Albaniya, Bosniya-Hersoqovina, Bolqarıstan, Monteneqro, Makedoniya və Serbiya Balkan türk ədəbiyyatının önəmli mərkəzlərindəndir.

Balkanlar öz daxilində fərqli mədəniyyətlərin birliyini yaşatmasına baxmayaraq, dil və ədəbiyyat istiqamətində birliyi qoruyub saxlaya bilmişdir. Albanca, boşnakca, xorvatca, serbcə, yunanca və digər dillərin istifadə olunduğu Balkan coğrafiyasının sintaksisinin əsasını təşkil edən də məhz türk dilidir.

No

Balkan türk ədəbiyyatı, türk dünyasının mədəni və ədəbi dəyərlərini özündə əks etdirən mühüm istiqamətdir. Bu ədəbiyyatın əsasını məhz Osmanlı imperiyasının Balkanlarda qurduğu dərin mədəni və tarixi köklər təşkil edir. Balkan coğrafiyası Osmanlı dövründə türklərin məskunlaşdığı mühüm coğrafi əraziyə çevrilmişdi. Tarixi dövr ərzində türk mədəniyyəti, dili və ədəbiyyatı məhz burada kök salmışdır. Bu kontekstdə Balkan türk ədəbiyyatı Türk dünyasının bir parçası olaraq həm yerli mədəniyyət, həm də ümumtürk mədəniyyəti ilə qarşılıqlı əlaqədə formalaşmışdır.

Türk dünyası geniş bir coğrafiyaya yayılmış fərqli türk toplumlarını, onların dillərini, adət-ənənələrini və tarixlərini özündə ehtiva edir. Balkan türkləri bütün dövrlərdə digər türk toplumları ilə tarixi, mədəni, ədəbi və dil əlaqələrini qoruyub saxlamışdır. Bu əlaqələrin ən gözəl nümunələri də məhz Balkan türk ədəbiyyatında öz əksini tapmışdır. Balkan türk ədəbiyyatında türk dünyasının ortaq motivlərindən, qəhrəmanlıq dastanlarından, xalq nağıllarından, şeirlərindən çox istifadə olunur. Bu ədəbi əsərlər türk dünyasının ortaq dəyərlərini və tarixini xatırlatmaqla yanaşı, Balkanlardakı yerli xüsusiyyətləri də ədəbiyyat vasitəsilə çatdırır.

Balkan türk ədəbiyyatı türk dünyasının müxtəlifliyini və zənginliyini əks etdirən mozaika kimidir. Bu ədəbiyyat Türkiyədə və digər türk dövlətlərindəki ədəbi cərəyanlarla da qarşılıqlı əlaqədədir. Məsələn, Balkan türk yazarlarına Cümhuriyyət dövrü türk ədəbiyyatının təsirləri aydın görünür. Bundan başqa, çağdaş türk dünyasının ədəbi yenilikləri Balkan türk yazıçılarına da təsir etmiş və bu qarşılıqlı əlaqə ədəbi əsərlərdə özünü göstərmişdir. Balkan türk yazarları türk dünyasının ortaq mədəni dəyərlərini yaşatmaqla yanaşı, yaşadıqları ərazilərdə milli kimliklərini də qoruyub saxlayırlar. Bu kontekstdə Balkan türk ədəbiyyatının türk dünyasının mədəni birliyi və inkişafı baxımından da böyük əhəmiyyəti vardır. Bunun nəticəsidir ki, Balkan türk ədəbiyyatı türk dünyasının tərkib hissəsidir və bu geniş mədəni coğrafiyanın ədəbi aynasıdır. Balkan türk yazarları həm yerli, həm də ümumi türk ədəbi elementlərini bir araya gətirməklə türk dünyasının zəngin mədəni irsini gələcək nəsillərə ötürürlər. Balkan türk ədəbiyyatını araşdırmaq türk dünyasının ədəbi-mədəni birliyini dərk etmək baxımından da əhəmiyyətlidir.

Balkan coğrafiyasında təşəkkül tapmasından günümüzə qədər mövcud olan türk dili, bu günə qədər öz ədəbi əsərlərini yaratmaqdadır. Balkan türk ədəbiyyatı Osmanlı dövründən sonra yenidən qurulma prosesini yaşasa da, formalaşdığı illərdə Balkan dövlətlərinin ədəbiyyatlarından da təsirlənmişdir. Günümüzdə hələ də bu qarşılıqlı ədəbi proses davam etməkdədir. Balkan türk ədəbiyyatına digər Balkan dillərindən olunan tərcümələr bu qarşılıqlı əlaqə prosesinin inkişafına nümunədir. Bu ilkin tərcümələr bir müddət təqliddən kənara çıxa bilməmişdir. Sonrakı mərhələlərdə Balkan türkcəsinin əsl mahiyyətinə poeziyada varılmış, şeirlərdə xalq mahnılarından və mərsiyələrdən istifadə edilmişdir. Yaradıcılıqlarında türk şifahi xalq ədəbiyyatı nümunələrinə müraciət edən ədiblərləyanaşı, poeziyaya ironik abu-hava qatmağa çalışan, şeirdə təkrara, mücərrədliyə əl ataraq özünəməxsus şeir üslubu yaratmağa çalışan şairlər də mövcud olmuşdur. İnkişafa açıq olan bütün bu xüsusiyyətlərlə yanaşı Balkan türkcəsi əfsuslar olsun ki, öz coğrafiyasından kənara çıxa bilməyən bir dil olmuşdur. Bu gün də qapalı şəkildə mövcudluğunu davam etdirən Balkan türkcəsi inkişafa demək olar ki, açıq deyildir. Balkan türkcəsini günümüz türkcəsindən fərqləndirən əsas amillərdən biri də məhz budur. Balkan türkcəsi sadəcə yalnız öz mövcud coğrafiyasından təsirlənməyə üstünlük verdiyi üçün bu vəziyyət dil üzərində müəyyən gərginlik də yaradır. Dilin inkişafında yaşanan çətinlik bədii ifadəyə də təsir edərək onu zaman-zaman mürəkkəb vəziyyətə salmış, şeirin əsasını təşkil edən hiss və duyğuların çatdırılmasına mane olmuşdur. Şair və yazıçılar əsərlərində hiss və duyğuların çatdırılmasına nail ola bilmədiklərindən tez-tez lazımsız ifadələrə yer vermiş, əsər istənildiyi kimi çatdırılmamışdır. Əsərlərdə ümumiyyətlə əsrarəngiz ədəbiyyat ab-havası olmamış və poeziya janrında da gündəlik danışıq dilindən istifadə olunmuşdur.

Balkan türk ədəbiyyatı Orta Asiyadan olan ədəbi-mədəni elementləri özündə birləşdirərək bu iki coğrafiya arasında mühüm əlaqələr yaratmışdır.Orta Asiyanın zəngin ədəbi irsi Balkanlara köç edən türk toplumları tərəfindən oraya aparılaraq orada da ədəbiyyata yeni nəfəs qazandırılmışdır. Bu baxımdan Orta Asiya ədəbi ənənələri ilə Balkan türk ədəbiyyatı arasında körpü quran mühüm mənbə məhz “Divan-i lüğət-it türk” adlı əsərdir.

“Divan-i lüğət-it türk” XI əsrdə Kaşğarlı Mahmud tərəfindən yazılmış və Orta Asiya türk mədəniyyətini özündə əks etdirən mühüm şifahi və yazılı mədəniyyət nümunəsidir. Bu əsər Orta Asiya türklərinin dilini, mədəniyyətini, adət-ənənələrini, ictimai quruluşunu anlamaq üçün vacibdir. Bu əsərin Balkan türk ədəbiyyatında Orta Asiya təsirlərini tədqiqi baxımından, eyni zamanda iki coğrafiya arasındakı ədəbi-mədəni əlaqələri anlamaq üçün verdiyi məlumatlar çox əhəmiyyətlidir. Orta Asiyanın müxtəlif ərazilərindən toplanmış hikmətli sözlər və atalar sözləri Balkan türk ədəbiyyatındakı oxşar elementlərin mənşəyini anlamaq üçün də dəyərli ipucları verir. Bu əsər eyni zamanda Orta Asiyanın ədəbi və mədəni dəyərlərinin Balkan coğrafiyasındakı türk toplumları tərəfindən necə mənimsənildiyini və onların necə dəyişdirildiyini başa düşməyə də kömək edir. Orta Asiyadan gələn bu ədəbi irsi Balkan türk ədəbiyyatında, xüsusən də xalq ədəbiyyatında və ənənəvi şeirlərdə görmək mümkündür.

Orta Asiya dastan və nağıllarını, Balkan türk ədəbiyyatında oxşar mövzu və formalarla müşahidə edirik. Xüsusən də qəhrəmanlıq, sevgi, təbiət kimi ümumbəşəri mövzular Orta Asiyadan Balkan türk ədəbiyyatına keçdikcə yeni formalar almış, dəyişmişdir. Bu əsər iki coğrafiya arasındakı qarşılıqlı ədəbi-mədəni təsirlənmələri tədqiq etməyə şərait yaradır və Balkan türk ədəbiyyatının mənşəyində Orta Asiyanın dərin izlərini görməyə imkan verir. Bu qarşılıqlı ədəbi-mədəni təsirlənmə Balkanlardakı türk ədəbiyyatının zənginliyini və müxtəlifliyini inkişaf etdirərək iki coğrafiya arasında mədəni əlaqələri gücləndirmişdir.

Bolqarıstandakı türk ədəbiyyatı

Tarixi qədim dövrlərə gedib çıxan bolqar türk ədəbiyyatı türklərin Rumeliyə keçidi dövrünə təsadüf edir. Bu səbəbdən türk dilinin bolqar dilinə təsiri olduqca qabarıq şəkildə nəzərə çarpır. Bolqar dilində türkcə sözlər, idiomlar, atalar sözləri və hikmətli sözlərə tez-tez rast gəlinir. Günümüzdə Bolqarıstanda artıq yavaş-yavaş türkcə nəsr əsərlərinin yazılmasının zəifləməsi müşahidə olunur. Belə olduğu halda ədiblər poeziyaya üz tuturlar. Çünki poeziya mücərrəd ifadənin əsasını təşkil edir. Təxəyyül dünyasına meylli şeir bolqar türk ədəbiyyatında ön plana çıxan bir janrdır. Bolqar türk ədəbiyyatı eyni zamanda Rumeli türk ədəbiyyatının davamıdır və Osmanlı-Rusiya müharibəsindən (1877-1878) sonra Bolqarıstanda qurulan Bolqarıstan dövlətinin sərhədləri daxilindəki türklərin ədəbiyyatıdır. Yaşanan ağır siyasi-ictimai vəziyyətə görə, bu ədəbiyyat azlıq təşkil edən türklərin ədəbiyyatı kimi inkişaf edə bilməmiş,sadəcə özünü idarə edən ədəbiyyata çevrilmişdir. Bolqarıstandakı türklər çətin şəraitlərə baxmayaraq türk mədəniyyətini və ədəbiyyatını qoruduqları üçün ədəbiyyat şifahi və yazılı şəkildə bu günə qədər varlığını qoruyub saxlaya bilmişdir.

Bolqarıstan türklərinin zəngin ədəbiyyata sahib olmalarında Azərbaycan türklərinin böyük rolu vardır. XX əsrin ortalarından başlayan bu münasibətlər nəticəsində demək olar ki, Azərbaycandan göndərilən maarif işçiləri, ədəbiyyat xadimləri və mədəniyyət işçiləri bolqar türklərinin elm, mədəniyyət və ədəbiyyat yoluna işıq olmuşlar. Bütün bu fəaliyyətlərin nəticəsində də, Azərbaycan ziyalılarının məqalələri dərsliklərə daxil edilmişdir. “Tahir və Zöhrə”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Koroğlu” kimi dastanlar və Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri Sofiyada nəşr olunmuşdur.

Türk dünyasındakı milli duyğuların, düşüncələrin, birliyin ədəbiyyatda öz əksini tapması təbii ki, böyük əhəmiyyət kəsb edir. Amma digər tərəfdən bunu praktiki şəkildə nümayiş etdirmək də vacib məsələdir. Həyatı və yaradıcılığı haqqında demək olar ki, kifayət qədər məlumat olmayan alim Xalid Səidin (1888-1937) “Yeni əlifba uğrunda köhnə xatirələrim və hisslərim” adlanan əsəri məhz ortaq türk əlifbası müzakirələrinin birbaşa şahidi olmuş biri tərəfindən qələmə alınması və 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda qəbul edilən “Vahid türk əlifbası” (latın) ilə çap olunmuş ilk əsər olması baxımından son dərəcə əhəmiyyətlidir. Xalid Seyid bu qurultayda bütün türklərin ortaq ədəbi dildən istifadə etməsinin mümkün olub-olmadığının araşdırılmasının vacibliyini dilə gətirdikdən sonra “...Əgər belə bir şey həqiqətən mümkündürsə, biz buna niyə cəhd etməyək? Niyə şərqdəki türklərə qərbdə yazılmış bir türk əsərindən bəhrələnmək imkanı verməməliyik?...” sualını verirdi.

Bolqar türkləri zəngin ədəbiyyata malik olsalar da, çətin tarixi dönəmlərdən keçmişlər. Sosializm rejiminin bolqar türklərinə qarşı zalım əməllərindən sonra diktatura hökumətlərinin təzyiqi altında olan türk azlığının ədəbi əsərlərində təbii olaraq, bolqarlara qarşı təsəvvür də dəyişmişdi. Buna nümunə olaraq, Məhməd Çavuşun bu vəziyyətə öz etirazını “Tuna” adlı şeirində dilə gətirməsini göstərə bilərik. O, bu şeirdə bolqar türklərinin yaşadığı soy və qəbilə məsələlərini tənqid edərək, özünün hər zaman türk olduğunu və belə qalacağını sözlərlə ifadə etmişdir.

Şimali Makedoniyada türk ədəbiyyatı

Makedoniyadakı türk ədəbiyyatı müxtəliflik baxımından daha çox əsər verən coğrafi ərazi olaraq müşahidə olunur.Əsərlər şeir, roman, hekayə və pyes kimi janrlarda qələmə alınmışdır. Ədəbi nümunələr jurnal və qəzet kimi nəşrlərdə çap olunmuşdur. Bu müxtəlifliyin səbəbi keçmişdə Balkan müharibələri səbəbiylə köç və müharibənin gətirdiyi problemlərdir. Onlar demək olar ki, ədəbiyyata həvəs göstərirdilər və onu dirçəltmək üçün əllərindən gələni edirdilər. Şifahi xalq ədəbiyyatının məhsulu olan xalq mahnıları, nəğmələr də Makedoniya türk ədəbiyyatının əsas istiqaməti olmuşdur.

Hələ Osmanlı dövründə divan ədəbiyyatı nümyəndələrindən Aşiq Çələbi, sufi Məhəmməd Nur-ül Ərəbi, Şeyx Sadəddin Əfəndi, daha sonralar Yəhya Kamal Bəyatlı, Yaşar Nabi, Şefkət Rado və digər Makedoniyada doğulmuş və ya Makedoniya mənşəli yüzlərlə türk yazıçı, sənətkar vardır. Coğrafi xüsusiyyətləri ilə əhəmiyyətli bir yerə sahib olan və mədəniyyət baxımından mərkəz olan Balkan coğrafiyası sonrakı mərhələlərdə şair və yazıçıların Balkan türk ədəbiyyatına gətirilməsi baxımından əhəmiyyətlidir.

1965-ci ildə “Səslər” jurnalı nəşr olunana qədər Şimali Makedoniya türk ədəbiyyatında uşaq ədəbiyyatı ön planda olmuşdur. Bu dövrdə demək olar ki, bütün yazıçıların uşaq ədəbiyyatına aid əsərləri var. Makedoniya türk ədəbiyyatının 1944-1991-ci illər arasında yazıb-yaradan bəzi yazıçı və şairlərinin sənətdən daha çox Makedoniyadakı türklərin təhsil məsələlərinə zaman ayırdıqlarını müşahidə edirik.

Şimali Makedoniya, əcdadlarımızın – Osmanlı imperiyasının miras qoyduğu rəngarənglikdən ağ-qaraya büründüyü və ya xəritələrin qarışdırılaraq yenidən çəkildiyi bir coğrafi ərazi olmuşdu. Şimali Makedoniya Respublikasında yaşayan türklərə gəldikdə, Osmanlı-türk mədəniyyətinin əsl varisləri olan Makedoniya türkləri öz milli kimliklərini, və təhsilini, dilini, ədəbiyyatını və mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirməklə kifayətlənmir, həm də Şimali Makedoniya ilə Türk dünyası arasında hərtərəfli əlaqələrin inkişafında qızıl körpü rolunu oynayır. Şimali Makedoniya bu gün də Türk dünyası və ədəbiyyatlarının qərb qanadını təmsil etməkdə davam etməkdədir. Orta Asiya və ya Türküstan bölgəsindən Adriatik dənizinə qədər “qitələrarası” adlandırıla biləcəyimiz geniş bir coğrafiyaya yayılan Türk dünyası arasındakı əlaqələr saysız-hesabsız çətinliklərə baxmayaraq, tarixin hər dövründə fərqli intensivliklə davam etmiş və davam etməkdədir.

(ardı var)

Seçilən
7
37
turkustan.az

10Mənbələr