AZ

Azərbaycanda sosial və humanitar elmlərin perspektivləri

AMEA-nın 2024-cü il fəaliyyəti kontekstində

II məqalə

Yaradıcılıqda və dövlətçilikdə azərbaycançılıq

Yaradıcılıqda və dövlətçilikdə azərbaycançılıq məsələsinin çox dərin və həyati əhəmiyyətli məna çalarları vardır. Etiraf edək ki, bu məqamı hətta elm adamlarımız sırasında sona qədər qəbul etmək istəməyənlər də yox deyildir. Məsələ kimlərinsə şəxsi anlamaq potensialının az və ya çox olmasında deyildir. Mənə görə, bunun fərdi keyfiyyətlərdən çox tarixi, siyasi, ideoloji və təfəkkürə yanlış yanaşma kimi fərqli səbəbləri mövcuddur. 

Bir qism tədqiqatçı Qərbdən qaynaqlanan və sosial-humanitar elmlərə də “obyektivlik” kimi sırınmağa çalışılan “elmdə ideologiya olmamalıdır” absurd tezisə inanır. Onlar güman edirlər ki, məsələn, Qərb sosiologiyası, fəlsəfəsi və ya iqtisadiyyatı ideologiyasızdır. 

Faktlar isə göstərir ki, ən dərin idraki qatlarda Qərbdə hətta riyaziyyat və ya fizikanı dini ideologiyaya bağlamışlar. Bunu Orta Əsrlərdə keşiş Raymond Lulli etmişdir! Mən R.Lullinin xristianlığı bütövlükdə dünyanı dərk etmə üsulunun təməlinə yerləşdirdiyi “kriptotəlimindən” geniş yaza bilərəm. Hətta bizim sevimli və “obyektiv” təsəvvür etdiyimiz bir sıra təbiətşünas alim və filosofun dərin idraki qatlarda məhz Lullizmə xidmət etdiyini sübut etmək olar. 

Məsələn, məşhur riyaziyyatçı və filosof Vilhelm Qotfrid Leybnits (XVII-XVIII əsrlər) və başqalarının Lullinin ideyalarını necə “obyektiv riyazi elmi aspekt”də təbliğ etdiklərindən danışa bilərik. Bunlar təbii ki, nə həmin tədqiqatçıların, nə də dünya təbiətşünaslığının əhəmiyyətinə xələl vermir. Sadəcə, anlamağımız lazımdır ki, heç zaman ideyasız və deməli, ideologiyasız insanın nəzəri və praktiki idraki fəaliyyəti olmamışdır (epistemik, yəni məntiqi sübutluluğa əsaslanan idraki fəaliyyət  səviyyəsində).  

Sosial və humanitar elmlərə gəldikdə isə...Dünyaca məşhur Qərb filosofları, iqtisadçıları, sosioloqları və kulturoloqları öz dilləri ilə deyiblər ki, tədqiqatları Qərb cəmiyyətləri ilə bağlıdır. Məsələn, M.Veber, E.Dürkheym, T.Parsons, N.Luman və çoxlu sayda başqaları. Tanınmış tarixşünas və politoloq Benedikt Anderson millətlə bağlı məşhur əsərində Qərb yaradıcı adamlarını fərqli mədəniyyətlərə laqeyd və yuxarıdan aşağı baxışlarına görə kəskin tənqid etmişdir. Ümumilikdə çoxlu sayda Qərb yaradıcı insanları XX əsrdə bu mövqeni daha əsaslı müdafiə etmişlər və onun Qərb insanında bir özündənrazılıq, yekəxanalıq, riyakarlıq yaratdığını da əsaslandırmışlar. Nümunə kimi, XX əsr məşhur kanadalı sosioloq Marşal Maklüyeni göstərə bilərik (onun “Hutenberq qalaktikası” əsərinə baxmaq kifayətdir). Əlavə olaraq, X.Orteqa-i-Qasset (José Ortega y Gasset), О.Şpenqler, P.Feyerabend və digərlərinin bununla bağlı fikirlərinə müraciət etmək artıq məşğuliyyət olmazdı.        

Bütün bunların fonunda kimlərinsə sosial-humanitar elmlərdə mifik ideologiyasızlıq axtarışının adı nədir? Xüsusilə, söhbət Azərbaycandan düşəndə bəzilərinin cidd-cəhdlə “qərbli alim” pozası alaraq, müdrik məsləhət verən və çox bilən kimi “elmdə ideologiya olmaz” deməsi, ilk növbədə özünü aldatmaqdan başqa bir şey deyildir. 

Lakin...başqa məsələdir ki, hətta sosial və humanitar elmləri bolşeviksayağı və ya ortodoksal katolik kimi, olsun ki, ultramillətçi, radikal qafil qismində ifrat ideologiya “donuna bükmək” tamamilə qəbul edilməzdir! Bu baxımdan kommunist ideologiyası elm üçün nə dərəcədə təhlükəli idisə, eyni səviyyədə indi ifrat liberalizm və ya hansısa radikal dini ideologiya (hansı dinin olmasının fərqi yoxdur) o dərəcədə arzuolunan deyildir. 

Azərbaycançılıq bunların heç birinə aid olmayan və hər bir azərbaycanlının təbii olaraq həyata baxışlarında xüsusi yeri olan ideya, ideologiya və məfkurədir. Azərbaycançılığın azərbaycanlı yaradıcı adam üçün  “həyata baxışlarında xüsusi yeri” olması məsələsi məhz yaradıcılıqla dövlətçiliyin vəhdətində elmi olaraq ciddi əhəmiyyət kəsb edir. Akademik İsa Həbibbəylinin aşağıdakı fikrini həmin kontekstdə dərk etmək lazımdır: “Azərbaycan aliminin azərbaycançılıq düşüncəsi ilə ərsəyə gətirdiyi əsərlər yeni nəsillərin milli vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayacaq və bu, Akademiyanın, Azərbaycan elminin, alimlərinin mənəvi borcudur”! 

Təbii ki, bu fikirlər ilk olaraq ifadə edilməmişdir – Azərbaycanın görkəmli yaradıcı adamları, Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev tərəfindən dəfələrlə müxtəlif kontekstlərdə söylənmişdir. Burada bizim üçün vacib olan məqam AMEA-nın bu istiqaməti birmənalı, dönmədən və zərrə qədər də kənara çıxmadan seçməsindən ibarətdir! Bu, ümumiyyətlə, Azərbaycan elmi təfəkkürünün, aliminin mənəvi-psixoloji və kreativ özünütəsdiqinin, yaradıcılıq özəlliyinin, konkret olaraq AMEA-nın yeniləşməsinin ana xəttidir!

Azərbaycan aliminin azərbaycançılıq düşüncəsi

Beləliklə, AMEA-nın yeniləşməsi kursu kontekstində “Azərbaycan aliminin azərbaycançılıq düşüncəsi” tezisinin xüsusi anlamı vardır. Azərbaycançılıq burada hər şeydən öncə, Vətənə, milli mədəniyyətə, adət-ənənəyə, dinə, dilə, dövlətçiliyə bağlılığı nəzərdə tutur. Onun mənası sırf sosial-mədəni, mənəvi və dövləti faktorlara aiddir. 

Sonra, azərbaycançılıq düşüncəsinin antiazərbaycanlılıq tərəfi yoxdur. Yəni Azərbaycan aliminin azərbaycançı düşüncəyə sahib olması heç bir halda dünyanı iki “düşərgəyə” – azərbaycançı və qeyri-azərbaycançı düşərgəsinə ayırmaq demək deyildir. Bunun ideya sübutu azərbaycançılıq məfkurəsinin təməl prinsiplərindən biri ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev azərbaycançılıqdan ideologiya kimi bəhs edərkən həmişə vurğulamışdır: Azərbaycanlılar milli mədəniyyətə sədaqətli olmalıdırlar. Onu dərindən öyrənməlidirlər, eyni zamanda, dünya mədəniyyəti nümunələrinə daim açıq olmalıdırlar, onlardan bəhrələnməlidirlər! Məhz bu iki istiqamətin sintezində azərbaycanlı təfəkkürü, o cümlədən Azərbaycan aliminin təfəkkürü formalaşmalıdır. Bunlara görə, Azərbaycan yaradıcı insanının təfəkkürü etnik kimliyin sərhədləri ilə məhdudlaşa bilməz 

Nəhayət, vurğulanan kontekstdə yaradıcılıq baxımından çox mühüm bir özəlliyi də unutmaq olmaz. Azərbaycan aliminin azərbaycançı düşüncəsinə tam hakim olmasının əvəzedilməz bir yolu olduğunu düşünürəm – daim dünya elminin ən yeni nailiyyətləri ilə tanış olmaq, ən aparıcı və yeni tədqiqat üsulları, metodologiyalarını əxz etmək! Əgər bu keyfiyyəti itirsək, bütövlükdə azərbaycanlılığı və azərbaycanlı təfəkkürünü itirmiş oluruq! Kimliyini daim bəşəriliklə “ölçən” azərbaycanlılar üçün bu, həqiqət anıdır!

AMEA-nın yeniləşmə kursunda həmin özəlliyin yeri ayrıcadır. Təsadüfi deyildir ki, dünya elminə inteqrasiya təşkilatın 7 prioritet istiqamətlərindən biridir. Azərbaycanşünaslığın da bu kontekstdə alim üçün əhəmiyyəti və zəruriliyi tam aydın olur. Bununla bağlı illik hesabat iclasının iki məqamı diqqəti çəkdi. Onlardan biri AMEA rəhbərliyinin Azərbaycan mətbəxi mədəniyyətinin tədqiqinə daha geniş aspektdə yanaşmağa başlaması ilə əlaqəlidir. Digəri isə ən yeni texnologiyaların, elektronlaşmanın və rəqəmsallaşmanın Azərbaycan aliminin fəaliyyətində yeri və rolu ilə bağlı, obrazlı desək, iki akademikin yüksək elmi səviyyədə fikir paylaşımıdır.  

Mətbəx mədəniyyəti sosial amil kimi

Yazıçı və jurnalist Liliana Berger yazır ki, qida heç də “fəlsəfi görünmür” və həmişə iştah yaratmır, lakin “cəmiyyətin sosial deqradasiyası (dağılması, tənəzzülü, pozulması, strukturunu itirməsi) məhz qidadan, ona münasibətdən başlayır”. Keçən əsrin ortalarından qida ilə bağlı “oraqnoleptika” təlimi də yaranmışdır. Bu təlim qidanın hiss üzvləri vasitəsi ilə qiymətləndirilməsini nəzərdə tutur. Qədimdən filosoflar mətbəx mədəniyyəti haqqında fikirlər söyləmişlər. 

Platon yazırdı ki, insanın ilkin və əsas tələbatı mövcud olmaq və yaşamaq üçün qidanı düzgün müəyyən etməkdən ibarətdir. Platon üçün dövlətin əsl təbəəsi düzgün qidalanmalı, ifratçılığa yol verməməlidir. Çünki insanı qida yaradır (“Biz nə yeyiriksə, mahiyyətimiz də odur” – Hippokrat). 

Sokrat aclığı qidanın “ən yaxşı ədviyyatı” hesab edirdi. Siseron qidalanmanı insanın güc alması ilə birbaşa bağlayırdı. Yəni güclü insan qədərində yeyə biləndir. 

N.Tusi əsərlərində qida mədəniyyətinə böyük önəm vermişdir (məsələn, “Əxlaqi-Nasir”). 

Sartr qidanı “insanın rəsmini yaradan simvol” kimi fəlsəfi təhlil etmişdir. Devid Kaplan isə qidanın mədəniyyət, sosial rifah, arzu və istək, ruhanilik, estetik varlıq kimi fəlsəfi anlamlarından bəhs etmişdir. 

Belə alınır ki, mətbəx mədəniyyəti heç də məişət təsəvvürlərinə sığan və həmin məhdud çərçivədə insan həyatında rol oynayan faktor deyildir. Mətbəx mədəniyyəti bütöv bir xalqın, cəmiyyətin sosial faktorudur. Onun insanın fərdi və kollektiv həyatına təsiri çox güclüdür. Mətbəx mədəniyyətini öyrənmək müəyyən dərəcədə cəmiyyətin tarixi, birgə yaşamaq üsulu, psixologiyası, şüuru, mənəvi-əxlaqi dəyərləri və s. barədə təsəvvürə malik olmağa imkan verir. Ümumi halda mətbəx mədəniyyəti insan mədəniyyətinin mühüm tərkib hissəsidir. Buna görə də müasir mərhələdə ölkələr mətbəx mədəniyyətinin öyrənilməsinə fundamental məsələ kimi baxırlar. Hətta bəzi xalqlar başqalarının mətbəx mədəniyyətinin elementlərini oğurlayıb, özləri üçün mədəniyyət obrazı yaratmağa çalışırlar.

Azərbaycana qarşı qonşusu ermənilərdən belə cəhdlərin olduğu haqqında kifayət qədər fakt vardır. Bu baxımdan Azərbaycan dolmasını “erməniləşdirmək” bəsit hadisə deyildir, onun ciddi mədəni konteksti vardır. 

Belə çıxır ki, mətbəx mədəniyyətini öyrənməyin də Azərbaycan mədəniyyəti, özəlliyi və insanların birliyi baxımından əhəmiyyəti çoxdur. AMEA-da mətbəx mədəniyyəti ilə bağlı əməkdaşlıq əlaqələrinin, tədqiqatların genişləndirilməsinə ehtiyacın yarandığını, bu gün Ermənistanın xalqımızın mətbəx mədəniyyəti ilə bağlı bir sıra məqamları UNESCO-ya öz mədəniyyətləri kimi təqdim etdiyini vurğulamaqla bunun qarşısının alınmasında Azərbaycan elminin də üzərinə ciddi vəzifələr düşdüyünü aktuallaşdırmaq təsadüfi deyildir. AMEA prezidenti bunları nəzərə alaraq İctimai Bölmənin illik hesabat tədbirində ayrıca qeyd etmişdir ki, “ölkəmiz üçün belə bir strateji məsələdə Akademiyanın Tarix və Etnologiya, Folklor, Arxeologiya və Antropologiya, Memarlıq və İncəsənət institutlarının əməkdaşlarının AR Mədəniyyət Nazirliyi və AR Dövlət Turizm Agentliyi ilə birgə əməkdaşlıq etməyə hazırdır və yaxın günlərdə bunun üçün zəruri addımlar atılacaq”.

(ardı var) 

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Seçilən
12
37
xalqqazeti.az

10Mənbələr