Avropa İttifaqının (Aİ) Brüsseldəki səfirləri Aİ-nin Ermənistandakı müşahidə missiyası ilə bağlı qərarı təsdiqləyiblər. Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il, yəni 2027-ci il fevralın 19-dək Ermənistanın sərhəd rayonlarında qalacaqlar.
Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı 165 beynəlxalq və 44 yerli – erməni üzv olmaqla, dəyişməz qalacaq. Bu qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.
Maraqlıdır, əgər bu missiya hansısa ölkələrin sərhədində yerləşdirilirsə, müşahidə missiyası həyata keçirirsə, həmin sərhədlərdəki bütün ölkələrin razılığı alınmalı deyilmi? Rəsmi Bakının etirazına rəğmən, Aİ nə üçün birtərəfli qaydada, yalnız İrəvanın razılığı əsasında bu ölkə ilə Azərbaycanın sərhədinə xüsusi missiya yerləşdirir?
Bu missiyanın fəaliyyəti indiyə qədər regionda nəyi dəyişib, avropalılar nəyə nail olublar? Növbəti iki il üçün bu missiyanın əsas hədəfi nə olacaq? Bu, Ermənistana və regiona nə verəcək?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, bu məsələyə iki cəhətdən yanaşma var.
Onun sözlərinə görə, bunlardan biri siyasi, digəri hüquqi məsələdir: “Hər bir dövlətin qonuş dövlətlə münaqişədə olmasını və yaxud bunu bəhanə edərək öz sərhədlərinə beynəlxalq müşahidəçilərin dəvət olunması səlahiyyəti hüquqi cəhətdən məhdud deyil. Yəni, əgər o müşahidə missiyası qonşu dövlətin ərazisinə, sərhədlərinə müdaxilə etmirsə və yalnız müşahidə aparmaq işinə baxırsa, burada beynəlxalq hüquqi normalar heç bir məhdudiyyət tətbiq etmir. Siyasi yanaşma odur ki, bununla Avropa İttifaqı faktiki olaraq, Ermənistana Azərbaycandan təhlükə olduğunu çatdırmaq istəyir. Bu, Azərbaycan ətrafında şübhəsiz ki, neqativ fon yaradır. Yəni, faktiki olaraq, belə bir missiyanın müddətini indi də iki illiyə uzatmaqla və bunu Ermənistanla birlikdə həyata keçirməklə Avropa İttifaqı bir subliminal mesaj verir. Həmin mesaj bundan ibarətdir ki, Azərbaycandan Ermənistanın ərazi bütövlüyünə və yaxud da onun sərhədlərinə təhlükə var”.
Ə.Oruclu vurğulayıb ki, bu, siyasi baxımdan yanlışdır: “Siyasi tərəfdən şübhəsiz ki, bunun motivləri var. Ermənistan Avropa İttifaqı ilə inteqrasiya siyasəti yürüdür. Avropa ilə yaxınlaşır və Avropa İttifaqı da göstərmək istəyir ki, Azərbaycan əks düşərgədədir. Yəni, Azərbaycan Rusiyanın tərəfindədir. Azərbaycan Ermənistana təhdid yaradır. Bu baxımdan qeyd etdiyim kimi, sözügedən hadisə Azərbaycan ətrafında mənfi fikir formalaşdırır. Azərbaycanı dolayısı ilə təcavüzkar dövlət kimi təqdim edir. Azərbaycan tərəfinin də etirazı əslində bunadır. Yoxsa o silahlı missiya deyil. Orada hər hansı bir güc elementi yoxdur. Hətta olsa belə, 140-150, 200, 500 nəfər hərbi baxımdan heç bir şeyi həll etmir. Amma bu, hərbi missiya deyil, diplomatik müşahidə missiyası sayılır”.
Politoloq qeyd edib ki, Aİ-nin məlum qərarında hüquqi baxımdan yanlışlıq olmasa da, siyasi nöqteyi-nəzərdən bu, Azərbaycanın imicinə, nüfuzuna xələl gətirmək cəhdidir: “Azərbaycan buna görə həmin missiyanın burada yerləşməsinə etiraz edir. Digər tərəfdən, belə missiyalar bir çox hallarda əks tərəfə qarşı kəşfiyyat əməliyyatları apara bilər. Aparırmı, aparmırmı, onu biz bilmirik. Mən şəxsən bilmirəm. Amma Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqı müşahidəçilərini ittiham edib ki, onlar ölkə ərazisinə kəşfiyyat əməliyyatı aparırlar. Bu barədə bilirsiniz ki, Rusiyanın da bəyanatları olub. Rusiyanın hətta kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin bu barədə danışıb. Şübhəsiz ki, ilk baxışdan Narışkinin dediyi Azərbaycanın xeyrinədir. Amma bir qədər dərin baxdıqda ziyanınadır. Rusiya bununla Azərbaycanı özünün müttəfiqi, tərəfdaşı kimi göstərməklə, əslində bu missiyanın zəruriliyini beynəlxalq aləmə çatdırmış olur. Niyyəti budurmu, deyə bilmərəm. Görünən odur ki, bu məsələ Azərbaycandan çox Rusiyanı narahat edir. Rusiya bu barədə daha çox açıqlamalar verir”.
Ə.Oruclu Aİ missiyası ilə əlaqədar Moskvanın narahatlığının səbəbini də dilə gətirib: “Rusiyanın narahatlığının başqa səbəbi var. Rusiya bilir ki, Ermənistanı itirir. Ermənistan faktiki olaraq, artıq Qərbə inteqrasiya edir. Bu səbəbdən də belə bəyanatlar verir. Amma dediyim kimi, nəticə etibarilə o bəyanatlar Azərbaycanın ziyanına işləyir. O missiya heç nəyi dəyişmir. O missiya heç bir halda hansısa ikitərəfli münasibətlərdə effektiv rol oynaya bilməz. Bu, sadəcə olaraq fikir, rəy formalaşdırır ki, Ermənistan Azərbaycan tərəfindən təcavüzə məruz qala bilər. Eyni zamanda da belə bir missiya sərhəddə olduğu halda iki dövlət arasında sərhədlərin delimitasiyası, demarkasiyası prosesi gecikir. Digər tərəfdən, yəqin ki, Avropa İttifaqı müşahidə missiyası vasitəsilə Ermənistan sərhədində Azərbaycana qarşı hansısa casusluq əməlləri də həyata keçirir. Düşünürəm ki, bunsuz olmaz. Ən azı Azərbaycanın hərbi potensialını nəzərdən keçirirlər, onu öyrənməyə çalışırlar. Bu olduqca mürəkkəb məsələdir. Bunun bir neçə aspekti var”.
Nailə QASIMOVA