AZ

Avropa İttifaqı Ermənistanda 40 nəfərlik missiya heyətini 200-ə qaldırdı - Niyyət nədir? VİDEO

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyasının mandatı daha iki il uzadılıb.

Xezerxeber.az-ın xəbərinə görə, ittifaqa üzv ölkələrin Brüsseldəki səfirləri missiyanın mandatının 2027-ci il fevralın 19-dək uzatmaq barədə razılıq əldə ediblər.

Başqa sözlə, Müşahidə Missiyasının regionda qalma müddəti rəsmi Bakının və digər region ölkələrinin razılığı alınmadan uzadılıb.

Millət vəkili Rasim Musabəyov deyir ki, belə bir qərarın verilməsi Ermənistanın əleyhinə olacaq. Çünki faktiki olaraq ittifaqın müşahidə missiyasının Ermənistanın təhlükəsizliyinin təminatında heç bir rolu yoxdur. Bu gün faktiki olaraq həmin missiya kəşfiyyatla məşğuldur və bunu Azərbaycan çox yaxşı bilir.

İşin maraqlı tərəfi odur ki, müşahidə missiyasının heyəti zaman keçdikcə artırılıb. İlkin olaraq 40 nəfərlik heyətlə fəaliyyətə başlayan missiyanın indi 200-dən artıq üzvü var. Onlar sərhədin Ermənistan tərəfində "binokul missiyası" həyata keçirirlər.

Rasim Musabəyov deyir ki, bütün bunların fonunda Avropa İttifaqının sözügedən müşahidə şurası birmənalı olaraq Ermənistanın sülh şanslarını da azaldır. Çünki konkret olaraq sülh müqaviləsinin razılaşdırılmayan bəndlərindən biri də xarici ölkə nümayəndələrinin iki ölkə sərhədində yerləşdirilməməsi ilə bağlıdır. Bu məsələ şəxsən ölkə prezidenti İlham Əliyev tərəfindən də səsləndirilib.

Nəticə etibarilə, müşahidə missiyası sərhəddə stabilliyə heç bir töhfə vermir və hər hansı silahlı insident və böhran ssenarisinin yaradacağı çağırışları qarşılamaq gücündə olmadığı aydındır. Buna görə də, Avropa İttifaqı sülh naminə regionu tərk etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
1
31
xezerxeber.az

10Mənbələr