RU

Tehranın Azərbaycan təxribatında SON PƏRDƏ

İranın mərhum prezidenti İbrahim Rəisinin təhlükəsizlik xidmətinin rəhbəri Seyid Mehdinin qardaşı hökumət başçısının ölümü ilə bağlı qalmaqallı açıqlama verib. 

O, qardaşının İbrahim Rəisinin Azərbaycan sərhədinə səfərindən narahat olduğunu bildirib. 

“Səfərdən bir gün əvvəl o, mənə dedi ki, sabah Rəisini İran-Azərbaycan sərhədinə necə apara bilərəm? “İsrailin Azərbaycan ərazisində bazası var”,- “Shahraranews” nəşri belə yazır. 

Rəisi ilə birlikdə helikopterdə həlak olmuş təhlükəsizlik xidməti rəisinin qardaşı bu mövzuda İranın “Didbaniran” portalına da danışıb. O, qardaşının səfəri ləğv etmək üçün Prezident Administrasiyasının rəhbəri İsmaili ilə yarım saat danışdığını, lakin bunun baş tutmadığını bildirib. 

Göründüyü kimi, İran rejimi mərhum prezident Rəisinin ölümündə Azərbaycanın “əlinin” olması məsələsini dolayısı ilə yenidən gündəmə gətirməyə çalışır. Bu dezinformasiyanı dövriyyəyə buraxmaqda rəsmi Tehran bir neçə məqsəd güdür. 

İlk növbədə, İranın bu addımı yanvarın 1-də Ərdəbil şəhərinin imam cüməsi, İran xüsusi xidmət orqanlarının casusu, livanlı ərəb Seyid Həsən Amulinin təşkilatçılığı ilə Azərbaycana və Türkiyəyə qarşı keçirilmiş təxribatçı tədbirdən yaranmış narazılığı ört-basdır etməyə hesablanıb. 

Qeyd edək ki, “Çaldıran şəhidləri” adlı həmin qondarma tədbir Azərbaycan və Türkiyə arasında nifaq salmaq məqsədi daşıyıb. Amuli və ətrafına toplaşanlar Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına təhqiramiz ifadələr və böhtan xarakterli sözlər işlədiblər. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində bildirib ki, bu əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalı və Azərbaycandan üzr istəməlidir. 

Lakin İran rejimi üzrxahlıq etmək əvəzinə İbrahim Rəisinin qəzaya düşməsini Azərbaycan ərazisində olmayan hansısa hərbi baza ilə bağlamağa cəhd edir və öz əməlinə bəraət qazandırmağa çalışır. 

Bununla da İran Azərbaycanı siyasi şantaj edir. Xatırladaq ki, ötən il mayın 19-da baş vermiş qəzadan dərhal sonra İranda bir sıra siyasətçilər və media orqanları helikopterin naviqasiya sisteminin guya Azərbaycan ərazisindəki İsrail hərbi bazasından pozularaq idarəetməni itirdiyinə dair cəfəng iddialar ortaya atmışdı. 

Lakin bu fikirlər nə İranın özü tərəfindən aparılmış istintaqda, nə də hadisəni araşdıran dövlət komissiyasının hesabatında təsdiqini tapdı. Ona görə də İran hakimiyyət orqanları bu ehtimalın üzərindən sükutla keçdilər. Hətta İran və dünya ölkələrinin mediasında qəzanın səbəbi kimi İbrahim Rəisinin İranın ali lideri postuna real namizəd olması və bu səbəbdən Ayətullah Seyid Əli Xameneyi tərəfindən sui-qəsdin qurbanı olduğu barədə məlumatlar yayıldı. 

Digər tərəfdən, Azərbaycan ərazisində hər hansı xarici ölkənin hərbi bazası yoxdur. Sadəcə olaraq, İran rejimi İsrailin hərbi bazaları məsələsini vaxtaşırı gündəmə gətirməklə Azərbaycandan özünə qarşı təhlükənin mövcud olduğuna dair qondarma əsas formalaşdırmağa çalışır. 

Halbuki, Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq sazişinə görə, Amerika qoşunları İranla sərhədə yerləşdirilə bilər. Lakin rəsmi Tehran Ermənistana etirazını bildirmək əvəzinə Azərbaycan ərazisində uydurma hərbi baza axtarır. 

İranın ikinci məqsədi İsrail mövzusunu qabartmaqla Güney Azərbaycan türkləri ilə Quzey Azərbaycan arasında ideoloji təfriqə yaratmaq niyyəti güdür. Çünki rəsmi Tehran İsrailin və müttəfiqlərinin İranda yaşayan bütün müsəlmanların düşməni olduğuna dair təbliğat aparır. İranın mərhum prezidentinə Azərbaycan ərazisindəki İsrail hərbi bazadan təhlükə yaranması barədə təbliğat isə bu qondarma iddiaları əsaslandırmaq və xalqa, o cümlədən Güney Azərbaycan türklərinə fakt kimi təqdim etməyə hədəflənib. 

İranın bu təxribatının məqsədini müəyyən etmək çətin deyil. Yaxın Şərqdə “Müqavimət oxu” dağıdılan İran İsrail və ABŞ qarşısında məğlub duruma düşüb. İsrailin Baş naziri Benyamin Netanyahu artıq İrana qarşı hərbi əməliyyatların 3-cü planını təsdiq edib. 

ABŞ-də Donald Trampın prezidentliyə başlaması fonunda İrana qarşı müharibənin başlayacağına dair proqnozlar artır. Belə bir müharibə baş verərsə, İranda mərkəzdənqaçma prosesi sürətlənəcək və teokratik rejimə qarşı mübarizə güclənəcək. Bu isə İranın dağılmasına təkan verə bilər. Fars-molla rejimini ən çox narahat edən Güney Azərbaycan türklərinin müstəqillik qazanmasıdır. Ona görə də Azərbaycanın bütövləşməsi prosesini pozmaq üçün ortalığa nifaq salmaq üçün siyasi-ideoloji təxribatlara əl atır. 

Избранный
43
50
cebheinfo.az

10Источники