“Qarabağ” Avropa Liqası Liqa mərhələsində nəticələri ilə azarkeşlərini sevindirə bilməsə də, komandanın oyunçuları bəzi oyun göstəricilərində turnirin ən yaxşıları sırasındadırlar. Oyunlarda çoxsaylı ötürmələri ilə diqqəti çəkən “Qarabağ”ın futbolçuları bu sahədə daha çox fərqlənirlər.
İdman.biz ağdamlı futbolçuların hansı ötürmələrdə Avropa Liqasının liderləri olmasını nəzərdən keçirib.
Meydanın rəqibə aid hissəsində ən çox dəqiq ötürmə verən futbolçu Abdullah Zubirdir. Onun bu zonada 251 ötürməsi ünvana çatıb. Zubirə ən yaxın göstərici “Mançester Yunayted”dən Bruno Fernandeşdədir - 236. İlk “beşlik”də 207 dəqiq ötürmə ilə Marko Yankoviç də yer alır. Son matçda iştirak etməyən Yassin Benzia 172 dəqiq ötürməsinin sayını artıra bilmədiyi üçün 16-cı pillədə qalıb.
Zubir oyunların son 30 dəqiqəsində ən çox dəqiq ötürmə edən futbolçular sırasında da seçilir. Matçın son 1/3 hissəsində 148 dəqiq ötürməsi olan Zubir, yalnız Bruno Fernandeşdən (151) geri qalır. Bu siyahıda Marko Yankoviç (104) 8-ci, Yassin Benzia (101) 9-cudur.
Avropa Liqasınında 24 futbolçunun heç bir ötürməsi ünvansız olmayıb, yəni 100 faizlik nəticə göstərib. Ancaq bunlar əsasən meydanda az olan və az ötürmə verən futbolçulardır. Bu “24-lük”də Nəriman Axundzadə və Aleksey İsayev də var. Onların müvafiq olaraq 7 və 4 ötürməsinin hamısı dəqiq olub.
Vüqar Məmmədov
İdman.biz