Sportinfo.az xəbər verir ki, FCSB-nin sahibi Cici Bekali Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda "Qarabağ"a qalib gəldikləri oyunla (3:2) bağlı danışıb.
"Euro Football" verlişinin canlı bağlantısına qoşulan funksioner qeyd edib ki, qələbə qazansalar da, "Qarabağ" onlardan üstün oynayıb. O, belə bir oyunda 3 xal qazanmalarının inanılmaz olduğunu qeyd edib:
"Qarabağ" oyunda həyatımda görmədiyim kimi dominantlıq edirdi. Bizi əzdilər, məhv etdilər.
Bilmirəm, futbol tarixində əvvəllər belə olubmu: 3 künc zərbəsi, 3 qol. Bu, Tanrının əli idi.
Amma bu əzmkarlığı təqdir etmək lazımdır. Mən qalib gəldiyimizə inana bilmirəm. Həyatımda ilk dəfədir ki, belə bir şey görürəm".
Klub sahibi onu da deyib ki, belə oyunla öyünə bilməzlər:
"Rəqib topa sahib idi. Biz də yaxşı müdafiə olunduq.
Ancaq bu matçla öyünə bilmərik. Yalnız nəticə və mübarizə ilə öyünmək olar".
"Qarabağ" oyunda iki dəfə hesabda irəli keçsə də, sonda FCSB 3:2 hesablı qələbə qazanıb.
Hazırda Rumıniya klubu 14 xalla 8-ci pillədə qərarlaşıb. 3 xalla 34-cü olan "Qarabağ"ın isə pley-off şansı qalmayıb.