AZ

“Qarabağ”ın “Liqa”dakı uğursuzluğunun SİRRİ ÇÖZÜLDÜ - Sizin bütün bunlardan xəbəriniz var?

FCSB ilə oyuna qədər pley-offa yüksəlmək üçün “saman çöpündən yapışan” “Qarabağ”, cümə axşamkı məğlubiyyətdən sonra olan-qalan ümidləri də alt-üst etdi.

Və bu oyun bir daha göstərdi ki, Azərbaycanın bu gün üçün ən nüfuzlu komandasında düzəlməli və dəyişməli olan çox şey var.

Geridə qalan 7 oyunda, xüsusən də “Malmö”, “Elfsborq” və FCSB ilə qarşılaşmalarda 3 xalı bayram etməli olan ağdamlıların bütün hallarda meydanı məğlub tərk etməsinin üzüntüsü rumınlarla sonuncu qarşılaşma zamanı tribunalardakı azarkeş sayında öz əksini tapmışdı.

Yaşa dolanlar və uğurdan doyanlar

Bu gün üçün “Qarabağ”ın ən yaralı yeri komandadakı aparıcı fiqurların yaşa dolması və uğurlardan doymasıdır. Yəni, dünənə qədər uğura ac idilərsə, artıq bunun nə olduğunu bilirlər. Abdullah Zubirlə Marko Veşoviçin az qala 33 yaşı keçməsi, Julio Romao, Kevin Medina kimi əsas simaların ruhsuz görünməsi, Marko Yankoviçlə Yassin Benzianın cari mövsümdə sıradan təsir bağışlaması hər mənada özünü göstərir. Gözlərində əvvəlki ruh, döyüşkənlik, mübarizlik yoxdur. Sanki “Qarabağ”ı hardansa tapıb gətirib turnirə buraxıblar ki, sən də oyna. Futbolçular da yaranmış vəziyyətdən çaş-baş qalıblar. O dərəcədə qəribə görünür.

Yenilər güc qatmadı

Ötən mövsüm “Braqa”nı keçib, “Bayer Leverkuzen”ə güc göstərən komanda yayda mütləq güclənməliydi. Çünki Avropa vitrinində təmsilçimizin üstün və zəif cəhətləri aşkar göründükcə, növbəti oyunların çətin keçəcəyi bilinirdi. Yayda əsas diqqət “çərçivə”yə ayrıldı və hər kəs mövqe oyunçularının transferini gözlədiyi halda, birdən-birə üç qapıçı gəldi. Ardınca da Emmanuel Addai ilə Aleksey Kaşuk. Geridə qalan aylarda bu adlardan heç biri “Qarabağ”ın dərdinə məlhəm ola bilmədi. Sıradan futbolçu təsiri bağışlamaqla bir növ say doldurdular.

“11-lik” yerində olmayanda...

Əsas heyətdə görməyə alışdığımız 11 nəfərdən 1-2-si olmayanda “Qarabağ” tam fərqli təsir bağışlayır. Belə deyək, oyun istənilən səviyyədə alınmır. Mövsümün gedişində Marko Yankoviçlə Marko Veşoviçin sıradan çıxması, ardınca Kevin Medina, Bəhlul Mustafazadə, Bədavi Hüseynovun onlara qoşulması, Elvin Cəfərquliyevılə Julio Romaonun qırmızı vərəqə alması Qurban Qurbanovu tez-tez rotasiyalara əl atmağa məcbur edirdi. Bu, baş verdiyi halda isə, onsuz da Liqa mərhələsində büdcəsinə və imkanlarına görə ən zəiflərdən olan “Qarabağ”ın işi daha da çətinə düşürdü.

Yeni format

Bütün komandalar ilk dəfə olaraq yeni formatda mübarizə aparmaq məcburiyyətində idi. Artıq qrup mərhələsində əvvəlki qaydada - 3 komanda ilə keçirələcək 6 oyunu yox, fərqli rəqiblərlə 8 qarşılaşmanın planlarını cızmaq lazım gəlirdi. Qurbanovun yeni sistemə alışmaq baxımından ciddi çətinlik çəkdiyini, rəqibləri təhlil edib, çıxış yolları tapmaq üçün vaxt problemi yaşadığını özü mətbuat konfranslarında etiraf etmişdi.

“Qarabağ” bu il Avropa Liqasının yazına çıxa bilmədi. Ancaq cari mövsümdə yaşananlar nəticə çıxarmaq üçün klub rəhbərliyi və məşqçilər heyətinə dərs oldu. Ümid edək ki, gələn “futbol ili”ndə çox şey daha fərqli, daha maraqlı olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
2
50
sportinfo.az

10Mənbələr