AZ

Andrey Lunyov: "Azərbaycanda yenidən çıxış etmək istərdim" Eksklüziv

“Oyuna baxdım, mənfi nəticədən məyus oldum. Hərçənd "Qarabağ" oyunboyu üstünlüyə malik idi. Amma təəssüf ki, uduzdular".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Rusiyanın “Dinamo Moskva” komandasında çıxış edən Andrey Lunyov sabiq komandası “Qarabağ”ın UEFA Avropa Liqasında evdə Rumıniya FCSB-sinə 2:3 hesabı ilə uduzduğu VII tur matçını dəyərləndirərkən deyib.

Rusiyalı “əlcək sahibi” “Qarabağ”ın Rumınıya təmsilçisinə məğlub olaraq pley-off şansını itirməsinə belə münasibət bildirib: "Artıq pley-off şansı qalmadı. Bu, yalnız qələbə təqdirində ola bilərdi. Hərçənd, o da təminat vermirdi. Hazırkı avrokubok mövsümü o qədər də yaxşı olmadı. Lakin bu da əla təcrübədir, yeni formatla keçirilir. Gələn mövsüm daha yaxşı çıxış etmək lazım gələcək. Komanda daha təcrübəli olacaq. Buna ümid edirik və təbii ki, son matçda "Olimpiakos"a qarşı Yunanıstanda keyfiyyətli futbol oynayaraq, azarkeşləri sevindirmək lazımdır”.

Rusiyalı qapıçı Ağdam təmsilçisinin ötən illə müqayidə cari mövsüm Avropa Liqasının ilk 7 turunda 3 xal qazanmasının səbəbini də şərh edib: “Nəticənin olmamasının səbəbləri barədə danışmaq çətindir. Çünki baxdığım demək olar ki, bütün oyunlarda, İsveç "Elfsborq"u ilə istisna olmaqla, "Qarabağ" üstün tərəf idi. Ola bilsin, Norveçdə "Budyo Qlimt"lə matçda komandanın bəxti gətirdi. Amma "Qarabağ" həmin matçda qalib gəldi. Digər qarşılaşmalarda isə Azərbaycan klubu bütün komponentlərdə ciddi üstünlüyə malik idi. Bircə qollar olmadı. Buna görə də belə nəticə oldu. Detalları, daha dərin səbəblərlə birbaşa komanda daxilində məşğul olmaq lazımdır. Yəqin ki, bunu da edərlər. Düşünürəm ki, mənim cavab verməyim çətindir. Çünki "Qarabağ" özünəməxsus üslubda: topa nəzarət, yüksək pressinq etməklə, kifayət qədər gözəl oyun sərgiləyir. Amma təəssüf ki, imkanlarını heç də hər zaman epizodları qola çevirmək alınmır. Amma yenə də təcrübə sayəsində komanda güclü olacaq”.

Lunyov “Qarabağ”da Avropa Liqasının 1/8 həyəcanını yaşadığını vurğulayaraq, yenidən Azərbaycanda çıxış etmə ehtimalına toxunub: “Gələcəkdə Azərbaycanda yenidən çıxış etmək istəyərəm, niyə də olmasın?! Biz də bir tarixik, indi isə yeni tarix yazmaq zamanıdır. Ötən mövsüm Avropa Liqasında uğurlu çıxışlarımızı əlbəttə, xatırlayır, unutmuram. Çox gözəl vaxtlar idi. Bir komanda olaraq, azarkeşlər üçün çox şey edirdik. Azarkeşlər də bizim üçün çox şey etdilər. Bu simbioz super alındı, öz nəticələrini verdi. “Dinamo Moskva” uzun müddətdir ki, heç bir kubok qazanmır, ona görə də motivasiya var. Həm də keyfiyyətlərinizi inkişaf etdirmək və təkmilləşdirmək istəyi həmişə mövcuddur. Amma hazırda fikrim bura cəmlənib. Bundan sonra nə olacağını yalnız Allah bilir”.

Qeyd edək ki, 2023-cü ilə Almaniyanın “Bayer Leverkuzen” klubundan “Qarabağ”a transfer olunmuş Andrey Lunyov ağdamlılarla tarxində ilk dəfə Avropa Liqasınının 1/8 final mərhələsinə vəsiqə qazanmışdı. Lunyov ötən yay “Dinamo Moskva”ya transfer olunub.


Müəllif: Röyanə Oğuz
Seçilən
7
50
teleqraf.com

10Mənbələr