AZ

Deputat: “MDB Oyunlarının Gəncədə keçirilməsi deməyə imkan verir ki, Bakıda yüklənmə olmayacaq”

“2025-ci ildə III MDB Oyunları Gəncə və digər şəhərlərdə keçiriləcək. Əsas bütün proseslər Gəncə şəhərində cərəyan edəcək. Bu, deməyə imkan verir ki, Azərbaycan hökumətinin bu günə qədər həyata keçirdiyi regionların inkişafı proqramı belə mötəbər tədbirlərin paytaxtdan kənarda da keçirilməsi üçün zəmin yaradıb. Eyni zamanda Oyunların keçirilməsi əlavə imkan yaradacaq ki, Gəncədə bu yarışlara hazırlıq üçün bütün quruculuq, bərpa, təmir işləri yenidən aparılsın. Dəfələrlə qeyd etmişik ki, Gəncədə bizi ən çox narahat edən məsələ yol infrastrukturunun zəif olmasıdır. Məhz III MDB Oyunlarına hazırlıqla əlaqədar Gəncədə bütün yolların asfaltlanması da planlaşdırılır. Həmçinin uzun müddətdir, binaların dam örtükləri və fasadlarında təmir işləri aparılmırdı. Bu işlər də həyata keçiriləcək və şəhərin görkəmini tamamilə dəyişdirəcək”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Gəncə şəhər 38 saylı Nizami ikinci seçki dairəsinin deputatı Naqif Həmzəyev deyib. 

 

“Cənab Prezidentin 2024-cü ildə Gəncədə açılışını etdiyi İdman Sarayı Azərbaycanın ən böyük idman kompleksi hesab olunur və yarışların əsas mərkəzində olacaq. 7 mindən çox iştirakçının Azərbaycana gəlməsi planlaşdırılır. Bu da təkcə idmançıların yox, həm də turistlərin Azərbaycana gəlməsini təmin etmiş olacaq. Nəticədə, regionlarımızda turizmin inkişafına böyük təkan verəcək. Gəncədə son dövrlərdə kifayət qədər üçulduzlu və dördulduzlu otellər tikilib. Beşulduzlu “Ramada Plaza”nın də 2025-ci ildə tamamilə yenidən qurulması yekunlaşdırılacaq. Regionlarımızdakı otellərin də bu proseslərdən çox böyük fayda görəcəyini düşünürük. Məhz turistik yerlərin ziyarət edilməsi gələcək illərdə də Azərbaycanın qərb rayonlarını da, xüsusilə, MDB-dən olan turistlərin əsas məkanlarından birinə gətirib çıxaracaq. III MDB Oyunlarının Azərbaycanın qədim paytaxtı Gəncədə keçirilməsi deməyə imkan verir ki, Bakıda yüklənmə olmayacaq. Bakıda onsuz da əhali sayı kifayət qədər çoxdur. Bu günə qədər Bakıda keçirilmiş tədbirlərdən belə nəticəyə gəldik ki, Bakı bu sınaqların öhdəsindən layiqincə gəlir, beynəlxalq tədbirləri uğurla keçirdik. Artıq beynəlxalq tədbirlərin Bakıdan kənarda keçirilməsi ənənəsinin də əsası qoyulmuş olacaq. Düşünürəm, bu sınaqdan da üzüağ çıxacağıq. MDB ölkələrinə Gəncənin və ətraf rayonların əsl simasını, kaloritini, fərqliliyini və azərbaycançılığı yaxşı mənada təbliğ etmiş olacağıq. Bu da hələ uzun illər Azərbaycanın turizm potensialının artırılmasına, Azərbaycan idmançılarının şöhrətinin daha da yayılmasına hesablanıb. Bu qərarın verilməsi, Gəncəyə böyük etimadın göstərilməsi hər birimizi sevindirir. Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Gəncəlilər olaraq çalışacağıq ki, etimadı doğruldaq, bu sınaqdan üzüağ çıxaq”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova

Tarix: 29 Dekabr 2024, 12:11   
Seçilən
99
18
pravda.az

10Mənbələr