“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo bir məşqçinin böyüklüyünün nədən ibarət olduğu haqda sualı cavablayıb.
Arena.az “Corriere dello Sport” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə cavabını təqdim edir:
“Məşqçinin böyüklüyü nədədir? Karyerada, cari məqamda deyil. Məşqçinin böyüklüyü fəlsəfədə deyil, nəticələrdə əksini tapır. Mənmərkəzçilikdə deyil, insanlıqda. Özünümüdafiədə deyil, cəsarətdə. Əlaqələr düz-qoş etmək bacarığında deyil, dürüstlükdə. Yeni nəsil həmkarları ilə ahəngdar vəhdətdə. Gecələr rahat yatmaq bacarığında, çünki o, həmişə əqli müstəqil və əsaslarına sadiqdir”, deyə “Mour” vurğulayıb.
61 yaşlı Joze Mourinyo cari ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.
Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 26 oyuna çıxarıb, 16 qələbə, 6 heç-heçə, 5 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 55:31 nisbətindədir.
Hazırda “Mour”un “Fənər”i Türkiyə Super Liqasının yarış cədəvlində 16 oyundan 36 xalla 2-ci pillədə qərarlaşıb. “Fənərbxça” 44 xal toplamış lider “Qalatasaray”dan geri qalsa da, “Mour” çempionluq iddiasını sürdürür.
Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.